Belə yerdə deyirlər: ara qarışıb, məzhəb itib. Ölkə bu başından o başına qızğın boğuşma içindədir. hər yanda pul boğuşması gedir. Ölkə dışındakı ölkəyə bağlı bir çox subyektlər də oxşar yolsuzluq yolundadır. Qısası, Azərbaycan Yer üzündəki pul boğuşmalarının episentrinə çevrilib. Əliyevçi oğru, quldur, korrupsioner ağalıq devrilənədək belə olacaq…
Futbolda belə görsənişlə tez-tez üzləşirik: bir komandanın oyunçuları qarşı komandanın oyunçusunun qarşısını ala bilməyəndə badalaqla qapılarını qoldan qorumağa çalışırlar. Hansı keçmiş yiyəsi olmasından asılı olmayaraq, Elşad Abdullayev bu gün əlindəki danılmaz faktlardan yararlanmaqla Əliyevlər ağalığının qapısına ardıcıl olaraq QOL vurmaqdadır. Ağalıq E.Abdullayevin ardıcıl zərbələri qarşısında şok yaşayırkən ortaya Fransada yaşayan keçmiş KQB əməkdaşı (keçmiş KQB polkovniki Putinin dediyinə görə, keçmiş KQB əməkdaşı olmur) Ramin Nağıyev çıxır. Çıxışlarından göründüyü kimi, bu adam necə olur olsun E.Abdullayevə badalaq qurmağa, bu yolla onu durdurmağa, susdurmağa çalışır.
E.Abdullayevin dediyinə gərə, R.Nağıyev ondan “külli miqdarda” pul istəyib, ala bilməyib. R.Nağıyevin dediyinə görə, E.Abdullayev Əliyevlər ağalığından 400-500 milyon avro istəyir, ala bilmədiyindən danışır. Ölkənin baş prokuroru Z.Qaralovun dediyinə görə, E.Abdullayev Beynəlxalq universiteti uzun illər rüşvət universitetinə çevirdiyi üçün… indi belə danışır. Deyilənə görə, ən yuxarılara gedib çıxmaqla E.Abdullayevdən 20 milyon manatadək pul alınıb. Rejim E.Abdullayevi susdurmaqdan ötrü yollar axtarırkən R.Nağıyevin ortaya atılması nə deməkdir? Anlaşılmır.
R.Nağıyev dönə-dönə E.Abdullayevi “şou göstərməkdə” suçlayır. Görəsən, keçmiş KQB-nik şou göstərməyin nə olduğunu bilirmi? Bilirsə, şou dediyi nədir? Keçmiş KQB-nik E.Abdullayevin yaydığı videomaterialları şou sayırsa, onda qayıtsın qabaqkı iş yerinə – yol açıqdır. Videomaterialın ilki ortaya çıxanda əliyeçi ağalıq adamları yalana əl ataraq onu “montaj” adlandırdılar. Sonra gerçəklik qarşısında duruş gətirə bilməyib geri çəkilməli oldular, ancaq görüntüləri ŞOU adlandırmaqdan da qalmadılar. Xalqı aldatmaq baxımından özləri 19 ilin ŞOUmenləri olanlar üçün şou sözündən daha effektlisi ola bilərdimi?
Keçmiş KQB-nik R.Nağıyevin videomateriallarda tapdığı başlıca çatışmazlıq budur: görünən adamların kimliyini sübut etmək çox çətindir. Görünür, buna görə E.Abdullayev “küllü miqdarda pul” verməklə özünə vəkil tutmalı imiş. Ancaq Azərbaycanda illərlə soyulmuş E.Abdullayev bir daha soyulmaq istəməyib. Bir daha soyulmaq… özü də Fransada. Adama nə deyərdilər?..
E.Abdullayevin “şou”, “görünməz görüntülərinə” gəlincə, yalandır – o materiallarda nə şou var, nə də görünməzlik. O videomateriallar əliyevçi rejimin iç üzünü, korrupsioner rejim gerçəklərini bütünlüklə açıb ortaya qoyur. Nə olsun baş prokuror E.Abdullayevin rüşvətxor olduğunu deyir. Elşad demir, onların hamılıqla korrupsioner olduqlarını göstərir. Nə olsun DIN-nin mətbuat xidməti “videogörüntülər nazirliyin də, Ramil Usubovun da işinə gölgə salmır” deyir. Onsuz da illərlə DIN sistemində qarşılaşdığı özbaşınalıq, qanunsuzluq, ən başlıcası, soyğunçuluq faktlarının üstündən Elşadı onların üzərinə kölgə salmaq yox, darmadağın düşündürür. Bunu görmək, buna inanmaq istəyənlər Elşadın DIN əməkdaşı (özü də gizli idarə əməkdaşı!) ilə apardığı olduqca uğurlu sorğulamanı dönə-dönə oxusunlar (bax: “Azadlıq” qəz. 23.10.2012). E.Abdullayev o videomaterial boyunca apardığı olduqca uğurlu ISTINTAQ yoluyla əliyevçi rejimi istər yuridik, istərsə də siyasi-ideoloji baxımdan darmadağın eləyir. Görünəni görməmək istəyi, darmadağın faktını “kölgə” belə, saymamaq… reallıq duyğusunun itirilməsi, “dəvəquşu sindromu”na yoluxmaq deməkdir.

Kim kimədir, kim kimə…
•