Külli miqdarda pulun dövr elədiyi bu sahə ilə bağlı yeni «standartlar» müəyyənləşib
Azərbaycan hakimiyyəti şadlıq evləri ilə bağlı xüsusi “əməliyyat” hazırlayıb. Bu barədə “Azadlıq”a daxil olan məlumatlara görə, yaxın vaxtlarda “əməliyyat”a start veriləcək. Məlumatlarda deyilir ki, bu sahədə iri pulların dövr eləməsi hakimiyyətin diqqətini cəlb edib. Doğrudur, şadlıq evlərinin bir qismi elə məmurlara məxsusdur.
Hətta nazirlər var ki, onlarla şadlıq evinin sahibidir. Lakin Bakıda 300-dən artıq şadlıq evi fəaliyyət göstərir. Və bu şadlıq evləri minimum 300-500 nəfərlikdir. Qiymətlər isə bir nəfər üçün ən aşağısı 30 manatdan başlayır. Beləliklə də hesablama aparsaq, şadlıq evlərinin illik gəliri toplam olaraq yarım milyardan (sərfiyyat təxmini olaraq çıxılır) artıq edir. Hakimiyyəti hiddətləndirən odur ki, şadlıq evlərinin sahibləri bu məbləğin cüzi hissəsini qeyri-rəsmi rüsum kimi ödəyirlər. Ona görə də qərara alınıb ki, bəlli kassaya şadlıq evlərindən daha çox məbləğ daxil olmalıdır. Məlumatlara görə, sahibkarları buna məcbur etmək üçün Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Vergilər və Fövqəladə Hallar nazirlikləri şadlıq evlərinə hücuma keçəcək. Vergidən yayınma, qida məhsullarının standarta uyğun olub-olmaması, eyni zamanda şadlıq evlərinin təhlükəsizliyi “yoxlanılacaq”. Şərtlərlə razılaşmayanların şadlıq evləri söküləcək.
Informasiya şöbəsi