Həm də sənin azadlığın uğrunda, Fazil!

Fazil Mustafa yaxamızdan düşmək istəmir. Keçən dəfə ona geniş cavab vermək istəmədiyimi yazmışdım. Bilirəm ki, onun ölkənin tənqidçi qələmlərinə hücumunun arxasında ağalarının xoşuna gəlmək, onlardan yekə bir “molodes” almaq durur, görünür, indi qabına qoyduqları pay da azlıq eləyir. Ona cavab verib həmin payı artırmamaq fikrində idim, amma dünən Zamin Hacı, Şahvələd Çobanoğlu və bəndənizə təhqirlə, söyüşlə dolu növbəti yazısını oxuyunca bu adama son kəs bir neçə kəlmə yazmağı lazım bildim, bundan sonra da çəmkirməkliklərini arzuladığı qədər davam etdirsin, ona baş qoşmaq fikrim yoxdur, bizim davamız onunla deyil, onun başının böyükləri ilədir, ağaları ilədir. 
Bəli, Fazil dünənki yazısı ilə səviyyəsini ortaya qoydu, onun arqumentsizlikdən söyüşün, təhqirin ağuşuna sığınması mənə Anar Rzayevin bizə yazdığı həcvi xatırlatdı. Fazili bir-iki yazı ilə həmin həcvlərin səviyyəsinə düşən görmək bir az xoşuma da gəldi, halbuki Anar o səviyyəyə enmək üçün düz 10 il dözə bilmişdi.
Əslində Fazilin yazılarına cavablarımızdan sonra “Yeni Müsavat” qəzeti bizimlə onun debatını təşkil etmək təşəbbüsü ilə çıxış etmişdi, razılıq da vermişdik, amma adamda bu səviyyəni (daha doğrusu, səviyyəsizliyi!) görəndən sonra üz-üzə oturub nə danışasan? Bu səviyyəsizliklə, bu düşüklüklə nə söhbət eləyəsən? Söhbət eləyəcəksən, sabah Balıq Hafiz gələcək ki, indi mənimlə də oturun danışın. Işimiz-gücümüzmü yoxdur?
Əslində Fazili qınamıram da: arqument olmayanda söyüşdən, təhqirdən, hərzəvü-hədyandan mədət ummayıb da neyləyəcəksən? Oğurluq, yalan, saxtakarlıq, hiylə, fitnə düşərgəsində özün dayanmısansa, qarşı tərəfə nəylə saldıracaqsan? Hansı üzlə, hansı haqla hücum çəkəcəksən? O zaman yardımına küfrü, təhqiri, böhtanı çağırmaqdan başqa yolun varmı?
Fazilin illərdir davam edən çırpınışlarından bunu anlayırdım: adam dönüklüyünü, satqınlığını qəbul etmək istəmirdi. Müqavimət göstərirdi. Çırpındıqca da batırdı. Amma son yazılarından sonra batdı – prosesin sonu!
Bunun ən parlaq təsdiqi bundan əvvəlki yazısındakı cümlələri idi: “Bilinən bu ki, 18-ci əsrin Fransasında XIV Lüdovikin günahı büdcəni şəxsi mülahizələrinə görə yanlış xərcləmək idisə, Robespyerin günahı ideoloji mülahizələrinə görə insanı yanlış xərcləyib gilyotinə göndərmək idi. Nə qədər səmimi və yeni ideyalar göyərçini kimi görünsə də Robespyer cəmiyyət üçün, insanlıq üçün Lüdovikdən daha zərərli, daha yırtıcı idi”.
Görün adam nə vəziyyətə düşüb! Özünün oğruların, yağmaçıların, işğalçıların hakimiyyətinə satılmasını, onların əlində bir heçə çevrilməsini anladığı üçün bu gün Azərbaycanda azadlıq dəyərlərini təbliğ edən edən yazarlar bir yana, hətta bu dəyərlərin yaradıcılarını da şərləyir, ləkələməyə çalışır. Azadlığı oğurluqdan pis bir şey kimi qələmə verir axı indi onun özü də azadlığın deyil, oğurluğun yanındadır. Və bu adamın bəşəri dəyərləri quldur sistemə dəyişməsinin nə qədər çirkin, rəzil addım olduğunu dərk etdikcə Volterlərə, Russolara, Sartlara qarşı da necə loəkələr yaxmağa çalışdığını fikirləşəndə adamın tükləri biz-biz olur.
Üstəlik, mən Fazilin Robespyeri bu cür şərləməsinin, ləkələməsinin başqa bir səbəbini də çox yaxşı anlayıram: Robespyeri “Incorruptible” adlandırırdılar. Bu, satılmaz, dönməz demək idi. Deməli, Fazilin də ona nifrəti başa düşüləndir. Ağır söhbətdi. Tanrı heç kimi belə vəziyyətlərə salmasın.
Və sonda: ey Fazil Mustafa, bundan sonra mənə sənin halına acımaq düşər. Elçibəy səndən nə düzəltmişdi, bunlar nə düzəltdi. Mən bundan sonra bunları həm də buna görə ittiham edəcəm. Bundan sonra bu rejimə qarşı yazdıqlarımda həm də sənə, sənin kimilərinə edilənlərin hesabını istəyəcəyimə söz verirəm.
Sənin kimilər normal ölkədə normal, faydalı işlərlə məşğul ola bilərdiniz.
Amma sizdən oğruluğun, talançılığın, saxtakarlığın, yalanın cangüdənləri qayırdılar. Kölə düzəltdilər. Qul düzəltdilər.
Sən söyüşlərinə, təhqirlərinə davam edə bilərsən. Öyüd verdikcə, bir milçək də artıq tuta bilərsən. Öz işindi.
Amma bunu da biləsən: bundan sonra sənə veriləcək heç bir cavabım yoxdur.
Ağalarınla həm də sənin azadlığın uğrunda döyüşməyə davam!