Elçibəyin qəbrini yox, cinayətlərin üstünü açın

Deyəsən, bunlar üçün mənəvi kriteriya deyilən məfhum heç bir əhəmiyyət kəsb etmir. Və o səbəbdən də hər bir olaya siyasi don geyindirib yararlanmaq istəyirlər. Sanki qırmızı xətt anlayışından da xəbərləri yoxdur. Ağlı psixiatrik ekspertizalıq olan birisi səfeh bir iddia qaldırır və bunlar da dərhal reaksiya verib hərəkətə keçirlər. 
Guya ki, Elçibəyə hörmət və izzətləri varmış. Bəyi illərlə sürgündə saxlayanlar, o BÖYÜK ŞƏXSIYYƏTI aşağılayanlar bu gün mələk qiyafətinə girib canıyananlıq sərgiləyirlər. Debil belə başa düşür ki, Əbülfəz Elçibəyin qəbrini açmaq istəyənlərin əsas məqsədi müxalif düşərgəyə nifaq salmaqdan ibarətdir. YAP iqtidarının eks-prezident Elçibəyə zərrə qədər sayğısı varsa, 1993-2000-ci illərdə Milli Məclisin tribunasından, TV kanallarından onu təhqir edən, alçaltmağa çalışan şərəfsizləri cəzalandırsın. O şərəfsizləri ki, Əbülfəz Elçibəyi təhqir etməyi kişilik sayırdılar. Və o “kişi”lərin əksəriyyətini YAP iqtidarı mükafatlandırırdı. Nə qədər şərəfsizin məhz Elçibəyi və birillik AXC-Müsavat iqtidarını təhqir atəşinə tutduqdan sonra yüksək vəzifələrə çəkildiyini cəmiyyət çox yaxşı bilir. Qatı cinayətkarlar belə Elçibəyin ünvanına təhqir söylədiyinə görə rejimin sevimlisinə çevrilmişdi.
Işə bax, Elçibəyin qəbrini açmaq istəyirlər. Cənablar, bu ölkədə onlarla, yüzlərlə üstü açılmamış cinayət işləri var. “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatilini tapın, akademik Ziya Bünyadovu öldürənləri üzə çıxarın, yazıçı Rafiq Tağını xəstəxanada məhv edənləri tutun.
Sizin Elçibəylə nə işiniz var? Elçibəy dünyasını dəyişdikdən sonra dövlətdən oğurladığı milyardlar bəlkə sizləri narahat edir. Bəlkə Əbülfəz bəyin zavodlarını, şirkətlərini, villalarını gözünüz götürmür? Azca mənəviyyatı olan təsdiqləyər ki, Əbülfəz Elçibəy bir il rəhbəri olduğu dövlətin bir manatına belə kəm baxmadı.
Əbülfəz bəyin ölümündə dolayısı yolla rejim məsuliyyət daşıyır. Əgər zamanında Elçibəyə eks-prezident statusu verilsəydi, onun Bakıya dönüşü yasaqlanmasaydı Bəyin xəstəliyi gec aşkar olunmazdı. Zamanında müayinə olunmağa imkan vermədiniz axı…
Türkiyədə Turqut Özalın qəbrini açdılar. Nədən ki, Özal ailəsi uzun illərdir onun zəhərləndiyini iddia edirdi. Mərhum Elçibəyin ailə üzvləri – xanımı, qızı, oğlu, kürəkəni, qardaşı bir dəfə də olsun zəhərlənmə barədə danışmayıb. Və bu söhbəti ortaya atanları da qınayırlar. Indi sizə nə əsas verir ki, qəbir açmaq barədə düşünürsünüz? Hafiz Hacıyev ağılda birisi sabah durub desə ki, mərhum Heydər Əliyev zəhərləndikdən sonra dünyasını dəyişdi. O zaman hansı addımı atacaqsınız?
Fərqində deyilsiniz ki, çox mənfur bir tendensiyanın yaranmasına yardım edirsiniz?
Elçibəylə işiniz olmasın, nədən ki, o KIŞInin bir ildə Azərbaycan üçün etdiklərinə sizlər dəyər vermək iqtidarında deyilsiniz.
Birillik iqtidarı dövründə BƏY böyük bir imperiyanın – Rusiyanın hərbi hissələrini Azərbaycandan çıxarmağa nail oldu. Təkcə bu fakta görə Əbülfəz bəy Azərbaycan cəmiyyətinin şüurlu kəsiminin ürəyində taxt qurub.
Bir də Əbülfəz Elçibəyin rüşvətə, korrupsiyaya bulaşmamış TƏR-TƏMIZ ADI var. Və məhz buna görə də o, EHTIRAMA layiqdir…
Azərbaycanın əksər dövlət qurumlarında rüşvət tüğyan edir. Dövləti talan edənlər, onların övladları qanunları tapdalayır. Dövlət büdcəsini dağıdanlar nəhəng oliqarxlara, fironlara çevrilib, qanunverici orqana düşmək üçün deputat mandatı alveri gedir. Və bu cinayətlərin üstünə gedən tapılmır. Nədən? Sualı Əbülfəz Elçibəyin qəbrini açmaq istəyənlərə ünvanladım.