ali kerimli-yeni2

“Dəyişikliklər sırası bizə çatır”

ali kerimli-yeni2«Hakimiyyət, hətta ən yaxınında olan adamlara da şübhə ilə yanaşır, hər yerdən təhlükə gözləyir»

Əli Kərimli: «Xalqın hakimiyyəti dəyişmək üçün hərəkətə keçməsi zaman məsələsidir»

Bir müddət əvvəl “Yeni Müsavat” qəzetində hakimiyyətin Ictimai Palata ilə danışıqlara getmək niyyəti barədə məlumat yayıldı. Həmin vaxt buna həm AXCP, həm də Müsavat Partiyası sədr müavinləri səviyyəsində münasibət bildirərək informasiyanı təkzib etdilər. Amma buna baxmayaraq, hələ də mövzu ilə bağlı mətbuatda müzakirələr davam edir. Müzakirələrin gedişində isə Ictimai Palata rəhbərliyi səviyyəsində baş verənlərə münasibət bildirilməməsi tənqid olunur. AXCP sədri Əli Kərimli ilə müsahibəmizə məhz bu məqama aydınlıq gətirməklə başladıq:

– Həqiqətən də hazırda mətbuatda bu mövzu müzakirə olunur və doğru olmayan məlumatlar dolaşır. Bu barədə informasiyalar yayılan kimi partiyamızın sədr müavini Fuad Qəhrəmanlı “Azadlıq” qəzetinin sualına cavab verərək, bunu çox sərt şəkildə təkzib edib. Amma buna baxmayaraq, bu mövzuda müzakirələr davam edir. Ictimai fikri çaşdıran həm də odur ki, yazıda konkret adlar, ünvanlar çəkilməyib. Ona görə də görünür, bu müzakirələrin uzanması bizim də bu məsələyə birbaşa münasibət bildirməyimizi zəruri edir. Mən AXCP adından bəyan edirəm ki, hökumətlə partiyamız arasında nə açıq, nə gizli, nə də zondaj üsulu ilə danışıqlar aparılır. 2013-cü ildən vaz keçməkdən, seçkilərin saxtalaşdırılacağı təqdirdə onun nəticələrinin legitimliyinin qəbul edilməsindən, mandat bazarlığından söhbət gedə bilməz. Bütün bu iddiaları AXCP adından qəti şəkildə təkzib edirəm.
Yazının özündə də qeyd olunmuşdu ki, bu informasiya iqtidar tərəfdən sızdırılan məlumat əsasında hazırlanıb. Güman edirəm ki, iqtidar nümayəndələrinin bu dezinformasiyanı mətbuata çıxarmaqda məqsədləri o olub ki, müxalifət, Ictimai Palata daxilində qarşılıqlı etimadsızlıq yaratsın. Ümumiyyətlə, bu dezinformasiya cəmiyyətdə müxalifətə olan inamı sarsıtmağa yönəlib. Mən birmənalı şəkildə bu məsələyə fikrimi bildirdim. Bu barədə müzakirələrin daha da uzadılmasını lüzumsuz sayıram.

İnsanlar indi yenidən siyasətə maraq göstərməyə başlayıblar

– Növbəti prezident seçkisinə təxminən bir il qalır. Ölkədə narazılıq pik həddədir. Amma yenə də siyasi vəziyyət “ölü nöqtədən” tərpənmir. Ciddi aksiyalar, nümayişlər yox, hakimiyyət sərt siyasi xəttini davam etdirir. Belə şəraitdə dəyişiklik imkanları necə görünür?
– Ümumiyyətlə, zahirən küçə və meydanlarda kütləvi aksiyalar yoxdursa da, ölkədə elə bir ciddi dəyişiklik baş vermirsə də, mahiyyətcə ölkədə vəziyyət dəyişir. Uzun illər həqiqətlərdən, informasiyalardan uzaq saxlanılmış yüz minlərlə azərbaycanlı indi həqiqətləri öyrənir. Xüsusilə Azərbaycan hökumətinin həyata keçirdiyi talançılıq siyasəti və onun miqyası haqqında məlumatlar alır. Azərbaycan hökumətinin saxtakarlığının, rüşvətxorluğunun, hətta bir çox ölkə rəsmilərinin cinayətlərdə birbaşa iştirakının sübutları indi internet vasitəsilə yüz minlərlə insanlara çatdırılır. Insanlar indi yenidən siyasətə maraq göstərməyə başlayıblar. Əgər bir neçə il bundan əvvəli xatırlasanız, o zaman hamı şikayətlənirdi ki, insanların marağı daha çox şou-biznesə, əyləncəyə, idmanadır. Hakimiyyətin apardığı siyasət müəyyən nəticə vermişdi. Amma bu gün hər kəs görür ki, məhz siyasi mövzular, ölkənin taleyindən bəhs edən məqalələr, sülalə hakimiyyətini ifşa edən yazılar mətbuat vasitələrində, sosial şəbəkələrdə, ictimai yerlərdə ən çox müzakirə olunan mövzulardır.
Beləliklə, Azərbaycan hökuməti də görür ki, xalq öyrənir, oxuyur, məlumatlanır, müzakirələr aparır, başına gətirilənləri dərk edir. Bütün bunların fonunda xalq ciddi hərəkətlərə hazırlaşır. Hələlik fəal hərəkətlər müşahidə olunmur. Amma sadəcə, bu həqiqətlərin yüzminlərin arasında yayılması hakimiyyəti qorxutmağa başlayıb. Qəzetlərin saytlarının populyarlaşması, “Facebook”da 800 mindən artıq azərbaycanlının informasiyalara çıxış əldə etməsi, “Azərbaycan saatı” proqramı vasitəsilə fədakar jurnalistlərin ölkə həqiqətlərini ucqar kənd rayonlarına qədər çatdırması – bütün bunlar artıq Azərbaycan xalqının bir il bundan qabaqkı kimi məlumatsız olmaması ilə nəticələnib.
Başqa tərəfdən, hazırda hakimiyyətdə mərkəzdənqaçma tendensiyası güclənib. Fikir verirsinizsə, hakimiyyət, hətta ən yaxınında olan adamlara da şübhə ilə yanaşır. Hər yerdən təhlükə gözləyir. Hakimiyyət yaxşı bilir ki, o legitim deyil, qorxu və biganəlik üzərində bərqərar olub. Biganəlik aradan qalxır. Qorxunun da aradan qalxması yaxın zamanların işi olacaq.

Yay nə qədər çox sıxılsa, bir o qədər bərk açılır

– Hakimiyyət kütləvi etiraz aksiyalarını faktiki qadağan edib, müxalifətin istədiyi yerlərdə mitinq və nümayiş keçirməyə razılıq vermir. O biri tərəfdən də parlament razılaşdırılmamış etiraz aksiyalarında iştiraka görə cərimələri 15-20 manatdan 500-1000 manata qədər artırmağa hazırlaşır. Belədə, müxalifətin kütləvi aksiyalar keçirməsi necə olacaq?
– Əslində, biz son günlərdə baş verənləri kompleks dəyərləndirməliyik. “Azadlıq” qəzeti başda olmaqla, Azərbaycan mətbuatına qarşı amansız təzyiqləri vurğulasaq, mitinq və nümayişlər üçün faktiki qadağaların mövcud olduğunu qeyd etsək, aksiyaya görə Qurban bayramı ərəfəsində 3 nəfərin inzibati həbs olunmasını, 70-ə yaxın siyasi məhbusun indiyə qədər həbsdə saxlanmasını nəzərə alsaq, görərik ki, hakimiyyət yayı daha da çox sıxmaq siyasətini aparır. Hakimiyyət təəssüf ki, islahatlar, Ictimai Palatanın təklif etdiyi demokratiyaya yumşaq keçidi həyata keçirmək əvəzinə, rejimi bir qədər də sərtləşdirmək, repressiyaları artırmaq, etiraz imkanlarını azaltmaq siyasəti həyata keçirir. Amma dünya tarixi bunu sübut edir və hər kəsə öyrədir ki, repressiyalarla, rejimi sərtləşdirməklə, opponentlərə qarşı bu cür təzyiq kampaniyası aparmaqla hökumətlər çox da uzun müddət özlərini qoruya bilmirlər. Bu siyasət daha geniş kütlələri mübarizəyə qalxmağa təhrik edir. Tarixin inkişaf qanunauyğunluğu da, fizikanın qanunları da sübut edir ki, yay nə qədər çox sıxılsa, bir o qədər bərk açılır.
Bu siyasət hökumətin özü üçün də sürpriz nəticələr doğuracaq. Azərbaycan xalqının kütləvi etirazının qarşısını mitinq iştirakçılarına cərimələrin miqyasını artırmaqla almaq mümkün olmayacaq. Azərbaycan hökuməti anlamalıdır ki, dəyişikliklər sırası bizə də çatır, xalq nə baş verdiyini görür, ondan narazıdır və onu dəyişmək haqqında düşünür. Xalqın hakimiyyəti dəyişmək üçün hərəkətə keçəcəyi də zaman məsələsidir.

Hakimiyyət xalqla işğalçı kimi davranır

– Azərbaycanda kütləvi etirazları yalnız Ictimai Palata təşkil etmir. Eyni zamanda hüquqları pozulan, işığı və suyu kəsilən, ticarət obyekti və evi sökülən sadə vətəndaşlar da etiraza qalxaraq aksiyalar keçirir. Belə çıxmırmı ki, qanuna bu dəyişikliklərdən sonra hakimiyyət həm vətəndaşın əmlakını əlindən alacaq, həm də onu saxlayaraq külli miqdarda cərimə edəcək?
– Azərbaycan hakimiyyəti get-gedə daha açıq, maskasız şəkildə cinayətkar mahiyyətini ortaya qoyur. Hakimiyyət öz xalqı ilə işğal olunmuş millət kimi davranır. Ölkəni sosial problemlər başına götürüb. Insanlar məcbur olub ən sadə, zəruri sosial tələblərini həyata keçirmək üçün etiraz üsullarına əl atırlar. Digər tərəfdən, təkcə son iki il ərzində on minlərlə insanın evini uçurublar, mülklərini əllərindən alıblar. Son ümid yeri olan əmlaklarını da itirən vətəndaşlar aksiyalar keçirməyə məcbur olur. Faktiki ayrı-ayrı oliqarxlara söykənən tikinti şirkətləri insanları aldadır. Bu əməllərin arxasında həmişə məsul vəzifəli şəxslər dayanır. Son hadisələrlə Azərbaycan xalqı şahid oldu ki, parlament hansı yolla, rüşvət və saxtakarlıq müqabilində formalaşdırılır. Bu rüşvət və saxtakarlığı həyata keçirən insanlar isə dövlət tərəfindən himayə olunur.

– Yəqin ki, “Gülər Əhmədova olayı”na işarə edirsiniz. Elşad Abdullayevin açıqladığı videolarda adam oğurluğu ilə bağlı məqamlar da sübuta yetirilir. Hakimiyyətin bu videolara  reaksiyası barədə nə deyə bilərsiniz?
– Gülər Əhmədovanın iştirakı ilə yayılmış videoya hökumətin cavabı nə oldu? Bu oldu ki, həmin saxta parlamentdə təmsil olunan komissiya sədrlərinə 100 minlik maşınlar alındı. Elşad Abdullayevin iştirakı ilə olan ikinci videodakı adam oğurluğuyla bağlı faktlara nə cavab verdilər? Həmin videoda açıq görünürdü ki, Daxili Işlər Nazirliyinin 7-ci şöbəsinin əməkdaşı 9 il bundan əvvəl oğurlanmış Elşad Abdullayevin qardaşının öncə Nazirlikdəki idarələrin birinə aparıldığını deyir. Bu prosesin dövlət məmurları tərəfindən həyata keçirildiyinə dair birbaşa məlumat verilir. Daxili Işlər Nazirliyinə adamların rüşvət müqabilində cəlb olunmasından söhbət gedir. Özü də, işə düzəlmək üçün nə qədər rüşvətin tələb olunduğu da göstərilir. Azərbaycan hökuməti bu sirri yayan əməkdaşını yalnız sıralarından uzaqlaşdırmaqla işini bitmiş hesab elədi. Bütün bunlar göstərir ki, Azərbaycan hakimiyyəti öz xalqı ilə bir işğalçı kimi davranır. Sanki yadelli bir qüvvə bu xalqı işğal edərək, onun sosial, siyasi hüquqlarını əlindən alıb və haqq-ədalət, mülkiyyət hüquqlarının müdafiə olunmasını, sadəcə gündəlik həyat tələbatı olan qaz, su, enerji istəyən insanını ağır cərimələrlə hədələyir ki, səsini də çıxarma. Əlbəttə ki, bu, XXI əsrdə həyata keçirilməli siyasət deyil. Bu, perspektivi olmayan siyasətdir.

– Gündəmin mövzularından biri də Rusiyada bir qrup nüfuzlu, milyardlarla dollar vəsaiti olan azərbaycanlının yeni təşkilat yaratmasıdır. Söhbət Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqından gedir. Bu hadisəni necə dəyərləndirirsiniz və bunun Azərbaycandakı proseslərə mümkün təsiri barədə nə düşünürsünüz?

ardı var

Xəyal Şahinoğlu