Çin “The New York Times”ı bağladı

Bu ölkədə ABŞ qəzetinin saytına giriş məhdudlaşdırılıb

Çin ABŞ-ın ən tirajlı mətbu orqanlarından biri “The New York Times” qəzetinin internet saytına girişi bağlayıb. Buna səbəb isə qəzetdə Çinin baş naziri Ven Tszibao ailəsinin var-dövləti haqqında çıxan yazı olub. Qəzetin nəinki ingilis və Çin dilindəki saytına giriş, həm də məqalənin bloqlarda və sosial şəbəkələrdəki linkinə də giriş bağlanıb. Çin Xarici İşlər Nazirliyi baş nazir barəsində xəbəri “təxribat xarakterli məqalə” adlandırıb və qərəzlə yazıldığını bildirib.

Qeyd edək ki, “The New York Times” qəzeti baş nazir Ven Tszibao ailəsinin 2,7 milyard dollarlıq sərvətə sahib olduğunu yazıb. Xəbərə görə, atası donuz çobanı olan və “Uşaqlığımda ailəm çox kasıb idi” deyən baş nazirin təqaüdçü müəllimə olan 90 yaşlı anasının 120 milyon dollar varidatı var. Qəzetin araşdırmalarından sonra baş nazirin qohumlarının isə cəmi 2,7 milyard dollarlıq sərvətə sahib olduğu müəyyənləşib. Ailənin bu sərvəti necə əldə etdiyinin tam olaraq bilinədiyini yazan qəzet Ven Tszibaonun baş nazirliyə gətirildikdən sonra ailənin gəlirlərinin artdığını vurğulayıb.