Bosniyalı müsəlman Həcc ziyarətinə piyada gedib

10 ay yollarda olan Senad Hadzic 7 ölkə, 2 səhra keçərək müqəddəs torpaqlara çatıb

Ötən ilin dekabrında Həcc səfərinə başlayan Senad Hadzic lap qədim zamanlarda olduğu kimi səfərini pay-piyada başa vurub. Bosniya-Herseqovinadan olan 47 yaşlı müsəlman Hadzic Bosniyanın şimal-şərqindəki Banovici şəhərindəki evini ötən ilin dekabrında tərk edib. Bosniya, Serbiya, Türkiyə, Suriya, İordianiya və Səudiyyə Ərəbistanından keçərək o, 5697 kilometr məsafə qət edib və nəhayət bir neçə gün öncə Məkkəyə çatıb.

O, evindən cəmi 200 avro ilə çıxıb və gecələri məscidlərdə, parklarda, bəzən də küçələrdə yatıb. Səfəri barədə “BBC”-yə Məkkədən telefonla danışan Senad Hadzic Həcc ziyarətinə çıxandan bəri günlərinin çətin, amma maraqlı keçdiyini deyib:“Ən maraqlısı Bolqarıstan idi, oraya çatanda qış idi, havanın hərarəti mənfi 35 dərəcə idi”. Hadzic deyib ki, Bolqarıstan yollarında gəzərkən hər yer qarlı idi və o, küçədə olan yeganə piyada imiş.

Senad Hadzic Suriya ilə sərhəddə viza almaq üçün saatlarla danışıqlar aparmalı olub və dörd saatdan sonra, axşam saat 7-də ona viza veriblər:“Vizamı alandan sonra zabit məndən xahiş etdi ki, Suriyadan keçib Məkkəyə çata bilsəm, onun üçün də dua edim”. Hadzicin sözlərinə görə, Suriya boyunca yolları keçmək çox çətin olub. Hələbə tərəf yerdikcə, üsyançılar yola daşlar atmışdılar ki, maşınların keçməsi çətinləşsin.

Onun sözlərinə görə, yollarda üsyançılar pulemyotlarla yaxınlaşa, səni saxlaya və öldürə bilərlər:“Onlar hər dəfə məni saxlayanda deyirdim ki, Məkkəyə gedirəm, zəvvaram, Allah yolundayam. Onlar yolumu açırdılar, bəziləri hətta əlimdəki Quranı öpürdülər. Mən yanımda İncil də gəzdirirəm, çünki mən o müqəddəs kitaba da hörmət edirəm”. O, Allahın köməyilə Məkkəyə çata bildiyinə inanır:“Mən 7 ölkə, iki səhra keçdim. 8 dəfə yuxu gördüm – Dəməşqə necə çatmağımı, İordaniyada Əmmənə necə çatmağımı yuxuda gördüm”.