Rəqabət Məcəlləsi nəyi dəyişəcək?

Nemət Əliyev: «Ölkədəki bütün problemlərin kökü siyasi iradə məsələsinə gedib çıxır»

Milli Məclis deyəsən, uzun müddətdən sonra Rəqabət Məcəlləsinə baxmaq qərarına gəlib. Artıq iki parlamenti yola salan bu məcəllə üçüncü çağırışda həllini çözməlidir. Bu barədə açıqlama verən millət vəkili Ziyad Səmədzadə Rəqabət Məcəlləsinə baxılmasını vacib sayıb.
Rəqabət prinsiplərinin qorunmadığı halda ölkənin gec-tez ağır duruma düşəcəyini qeyd edən Z.Səmədzadə Məcəllənin müzakirəsində bir sıra məsələlərə yenidən baxmağın lazım olduğunu bildirib. Buna görə də layihə yenidən baxılmaq üçün parlamentə təqdim olunub.
Qeyd edək ki, monopoliyada olan sahələrə nəzarət edən şəxslərin bu məcəllənin qəbul olunmasına imkan vermədiyi də siyasi kluarlarda səslənir. Oliqarxların təzyiqi və müdaxiləsi nəticəsində zaman-zaman MM-in müzakirələrinə çıxarılmayan məcəllənin üzünə nəhayət, gün doğa bilər. Lakin qanun layihəsi müsbət ola bilər, onun işləmə mexanizmi, real şərait necə, buna adekvat olacaqmı?
Iqtisadçı-ekspert Nemət Əliyev hesab edir ki, “Rəqabət haqqında” qanunun qəbul olunması çox vacibdir. Ekspertə görə, bazar iqtisadiyyatının əsas prinsiplərindən biri ölkədə rəqabət qabiliyyətli istehsalın, iqtisadi sistemin formalaşdırılmasıdır: “Bunu ona görə elə etmək lazımdır ki, yalnız ölkə daxilində deyil, başqa ölkələrin iqtisadi sistemiylə müqayisədə Azərbaycan iqtisadiyyatı dayanıqlı və rəqabətə tab gətirən ölkə halına gələ bilsin. Ölkə daxilində istehsalın stimullaşdırılması, istehsalçıların maraqlarının qorunması baxımından rəqabət qabiliyyətli müəssisələrin fəaliyyətinin formalaşdırılması çox vacibdir. Amma biz təmiz iqtisadi rəqabət qabiliyyətli müəssisələri nəzərdə tuturuq, çünki indiki halda hökumət üzvləri və onlardan yuxarıda himayə olunan şəxslər tərəfindən süni rəqabət görüntüsü yaradılır. Biz bu cür rəqabəti nəzərdə tutmuruq. Azərbaycan hökuməti inikşaf etmiş normal ölkələrdə olduğu kimi elə bir inzibati, iqtisadi-hüquqi mexanizmlər işləyib hazırlamalıdır ki, sahibkarlıq subyektlərinin fəaliyyətinə ciddi maneçilik törədilməsin”.
N.Əliyevə görə, bu gün ölkədə “Antiinhisar siyasəti haqqında” qanunun olmasına rəğmən, sahibkarların hüquqları kəskin şəkildə tapdanır. Onların mülkləri əlindən alınır, qanunvericiliyin ziddinə olaraq hökumətin başında duran, yuxarıdan himayə olunan kriminallaşmış bir qrup ölkədə sahibkarlığın inkişafına mane olur: “Azərbaycanda hüquqi nihilizm var. Qanunların varlığı hələ o anlama gəlmir ki, hər şey qaydasında olacaq. Bu baxımdan ”Rəqabət haqqında” qanunun qəbulu və qəbul olunmamasına həmin kontekstdən qiymət verirəm. Bu qanun qəbul olunan kimi hər şeyin düzələcəyini də düşünmürəm. Çünki baş verənlər, problemlər ondan qaynaqlanır ki, bütün iqtisadi sistemi bir qrup kriminallaşmış struktur ələ keçirib. Ölkə iqtisadiyyatını bu qrup talayır, dağıdır. Qanunlar daha çox ictimai, iqtisadi, siyasi təhlükəli xarakter daşıyan prosesin qarşısını almağa yönəlməlidir. Nə qədər ki, bunun qarşısı alınmayıb, hansı qanunun qəbul olunmasının faydası yoxdur”. Nemət bəy əlavə etdi ki, Azərbaycanda səlahiyyət, hakimiyyət bölgüsü yoxdur. Qanunların işləməsini vacib sayan ekspert, indiki dövrdə ağır vəziyyətin yarandığını söylədi. O, ilin sonuna qədər neft hasilatının aşağı düşməsinin dövlət büdcəsində, investisiya layihələrinin gerçəkləşməsində ciddi problem yaradacağını vurğuladı. Eləcə də dövlət ehtiyaclarının ödənilməsi sahəsində ciddi problemlər yarana bilər. Ölkənin qeyri-neft sektorunu inkişaf etdirməklə çıxış yolunu yada salan ekspert, bu sahədəki boşluqları aradan qaldırmağın çoxdan vaxtı çatdığını söylədi.
“Rəqabət haqqında” qanuna inhisarçıların təpkisinə toxunan N.Əliyev buna millət vəkilləri və icra strukturlarının mane olmasını da istisna etmədi. Problemlərin kökünün siyasi iradə məsələsinə söykəndiyini bildirən Nemət bəy, bunun olacağı təqdirdə qanun olmasa belə, sahibkarlıq subyektlərinin fəaliyyətinə süni şəkildə maneələr olmayacağını bildirdi. Necə deyərlər, yetər ki, istək olsun.

Nigar