«Gülər Əhmədova ilə bağlı hadisə xalqa təhqir idi. Xalq bu təhqirə qarşılıq verməli idi»
Aslan İsmayılov: «Ola bilər ki, Gülər Əhmədovada hansısa ciddi kompromatlar var»
“Gülər Əhmədova olayı”nın ajiotajı bir qədər səngisə də, bu hadisə hələ də gündəm üçün aktuallığını saxlayır. Bu baxımdan tanınmış vəkil Aslan Ismayılovla müsahibəyə bu hadisə ilə bağlı sualla başladıq.
– Aslan müəllim, “Gülər Əhmədova olayı” barədə müxtəlif rəylər, fikirlər var. Sizcə, bu hadisə nəyi göstərdi?
– Gülər Əhmədova ilə bağlı qalmaqal bir daha göstərdi ki, Azərbaycanda rüşvət və korrupsiya bütün sahələrdə kök salıb. Hətta Azərbaycanın qanunverici orqanı belə rüşvət müqabilində formalaşdırılır. Bu zatən bəlli idi. Azərbaycanda hər kəs bilir ki, hansı sahə neçəyədir. Lakin hakim partiyanın üzvü olan bir deputatın dilindən bu həqiqətlərin səslənməsi əlbəttə ki, parlamentin ədalətli seçki nəticəsində formalaşdırılması barədə hökumət nümayəndələrinin iddialarını darmadağın etdi.
Bu hadisə Azərbaycan üçün çox biabırçı hadisədir. Eyni zamanda dövlətçiliyin təhlükədə olduğunu göstərən olaydır.
– “Gülər Əhmədova olayı” ilə bağlı cinayət işi başlanıb. Ötən müddət ərzində verilən informasiyalara əsaslanaraq istintaqın gedişini necə qiymətləndirirsiniz?
– Mən bu məsləyə xüsusi toxunmaq istəyirəm. Bilirsiniz ki, hüquqşünasam, prokurorluq orqanlarında çalışmışam. Bəli, “Gülər Əhmədova olayı” ilə bağlı cinayət işi başlanıb. Amma nə olsun? Istintaq yerində sayır. Burada nə araşdırma aparılmalıdır ki? Hər şey göz qabağındadır. Amma hələ də Gülər Əhmədova barədə həbs-qətimkan tədbiri seçilməyib. Video ilə bağlı yəqin ki, səs ekspertizası belə keçirilməyib. Heç həmin işdə vasitəçi olan Sevinc Babayevanı həbs edə bilmirlər. Hətta əmin deyiləm ki, onlar dindirilib. Əksinə ziddiyyətli açıqlamalar verirlər. Əvvəlcə dedilər ki, Gülər Əhmədovanın evində araşdırma gedir. Sonra da bəyan elədilər ki, yox heç bir araşdırma aparılmır.
– Sizcə, bu nə ilə bağlıdır?
– Bu onunla bağlıdır ki, Baş Prokurorluğun rəhbərliyi müstəqil şəxslər deyil. Onlar müstəqil qərar verə bilmirlər. Baxın, Zakir Qaralovla Rüstəm Usubov bir avtoqəzaya görə çıxıb açıqlamalar, bəyanatlar verdilər. Gənc qızı həbs etdilər. Amma Gülər Əhmədova barədə danışmırlar. Onun barəsində qanunun tələb etdiyi addımları ata bilmirlər.
– Bəlkə Gülər Əhmədovadan ehtiyat edirlər?
– Görünür, Gülər Əhmədovanın arxasında hansısa qüvvələr dayanır. Və onlardan ehtiyat edirlər. Bundan başqa Gülər Əhmədova bir bəyanat verdi. Dedi ki, onda da çoxlarının videosu var və onlardan multik düzəldə bilər. Həmçinin “mənim ağzımı açdırmayın” deyərək partiyadaşlarını hədələdi. Ola bilər ki, Gülər Əhmədovada hansısa ciddi kompromatlar var. Hökumət də onun bu kompromatları ictimailəşdirə biləcəyindən ehtiyatlanır. Ona görə də barəsində heç bir tədbir görmürlər. Ümumiyyətlə, əvvəldən də bəlli idi ki, belə olacaq. Mən hesab edirəm ki, bu cinayət işi sadəcə cəmiyyəti sakitləşdirmək üçün idi. Bütün ictimai əhəmiyyət kəsb edən işlərlə bağlı bu cür edirlər. Xədicə Ismayılovanın işi ilə bağlı da dərhal cinayət işi qaldırdılar. Axırı isə yoxdur, elə başqa işlərlə də.
– Yeri gəlmişkən, cəmiyyətin bu məsələyə reaksiyası sizi qane etdimi?
– Doğrusu, qane etmədi. Mən gözləyirdim ki, bu videodan sonra hamı ayağa qalxacaq. Xalq baş verənləri özünə təhqir hesab edib bunun qarşılığını verəcək. Əslində baş verənlər həqiqətən də xalqa təhqirdir. Xalq başa düşməlidir ki, onun səsi heç bir rol oynamır. Onunla hesablaşmırlar, iradəsini zorlayırlar. Amma təəssüf ki, bu hadisəyə adekvat reaksiya olmadı. Bütün ictimaiyyət adamları, qeyri-hökumət təşkilatları, siyasilər bu məsələyə sərt münasibət bildirməli idilər. Amma bu da olmadı. Susdular. Hanı Ramil Səfərov həbsdən azad olanda müsahibə verməyə növbəyə duranlar? Hamının işini jurnalistlər gördü. Yalnız mətbuat bu məsələni hələ də gündəmdə saxlayır.
Gənclər bu hadisəyə etiraz olaraq “Parlament buraxılsın” tələbilə aksiya keçirdilər. Mən də həmin vaxt Fəvvarələr Meydanında idim. Gözləyirdim ki, gəncələrin bu aksiyasına cəmiyyətdən ciddi dəstək olacaq. Lakin gözləntilərim özünü doğrultmadı. Ictimaiyyətin qəzetlərdə gözünü yoranlardan bir nəfəri də orada görmədim.
– Cəmiyyətin bu susqunluğunu qorxu ilə izah edirlər, bu fikirlərlə razısınız?
– Qorxu ola bilər. Mən də insanam, elə anlar olur ki, ehtiyat edirəm. Bilirəm ki, mənə qarşı hansısa addımlar ata bilərlər. Özümü buna hazırlamışam. Amma görəndə ki, dövlətçilik əldən gedir, Azərbaycanın gələcəyinə təhlükə var, bu zaman qorxu hissi arxa plana keçməlidir. Mən yenə də qeyd edirəm ki, Gülər Əhmədova ilə bağlı hadisə xalqa təhqir idi. Xalq bu təhqirə qarşılıq verməli idi. Açığı mənə aydın deyil ki, niyə insanlar baş verənlərə bu qədər laqeyddirlər. Nə olmalıdır ki, bu camaat ayağa qalxsın? Evlərini sökürlər, əmlaklarını talayırlar, səsini oğurlayırlar, özünü döyürlər, söyürlər, təhqir edirlər amma yenə də bu insanlar ayağa qalxmır. Müxalifət zəifdir, birləşmir və s. bu kimi fikirləri bəhanə gətirmək lazım deyil. Hər kəs çıxıb öz sözünü deməlidir. Bir də dediklərimi hakimiyyətə qarşı qiyam kimi qiymətləndirə biləcək qəhrəmanlara bildirirəm ki, vaxtında susmaq, hakimiyyət yıxılanda isə balta ilə növbədə durmaq əsl xəyanətdir. Vaxtında hər şeyi demək lazımdır ki, hakimiyyəti də şur götürməsin.
– Elşad Abdullayevin bir videosu da yayıldı…
– Bu video da çox biabırçı hadisədir. Məlum olur ki, DIN-in məxfi idarəsinə də rüşvət müqabilində işə götürürlər. Bütün bunlar Azərbaycan üçün ağır nəticələrə səbəb olacaq. Təsəvvür edin, əgər DIN məxfi idarəsinə pulla işə düzəltmək mümkündürsə, görün nə qədər xarici kəşfiyyat orqanları ora nə qədər öz adamlarını yerləşdiriblər. Bu əslində o deməkdir ki, dövlətçilik təhlükədədir.
– Zülfüqarlı qardaşlarının işi ilə bağlı məsələ nə yerdədir?
– Əvvəlcə bir məsələni qeyd edim. Mən vaxtaşırı bu məsələni qabardıram. Bu təkcə mənim peşə marağımla deyil. Burada yenə də xüsusi vurğulamaq istəyirəm ki, söhbət dövlətçilikdən gedir. Təsəvvür edin ki, Rasim Məmmədov adlı bir qoçu camaatın əmlakını əlindən alır. Bu barədə yerli mətbuat yazıb, Avropa və Amerika mətbuatı baş verənləri işıqlandırıb, Strasburqdan 11 deputat, o cümlədən Avropa Şurasının vitse-prezidenti prezidentə müraciət edib, mənim çoxsaylı rəsmi müraciətlərim var, amma heç bir reaksiya yoxdur. Əksinə, Rasim Məmmədovun qoçu dəstəsinin başçısı Fariz Nurəlizadə barədə xuliqanlıq maddəsilə cinayət işi başlanmışdı. O işi alıb veriblər Bakı Şəhər Baş Polis Idarəsinə. Onlar da Zülfüqarlı qardaşlarının təsərrüfatını araşdırmağa başlayıblar. Ciddi-cəhdlə çalışırlar ki, bir nöqsan tapıb bu yolla onları susdursunlar. Yəqin ki, Gülər Əhmədova ilə bağlı cinayət işinin də sonu belə olacaq. Yəni, Gülər Əhmədova qalacaq bir kənarda Elşad Abdullayev barədə cinayət işi başlayacaqlar. Mən anlamıram ki, hakimiyyət bununla nə etmək istəyir? Istəyir ki, Zülfüqarlı qardaşları özləri özlərini müdafiə etsin? Axı bu halda qan töküləcək. Bu məsələdə hər şey açıq-aydın ortadadır. Zavoda basqınlar edənlər, onların arxasında duranların adları bəllidir. Burada Ramiz Mehdiyev, Bəylər Əyyubovun adı çəkilir. Görünür, prokurorluq və DIN bu adamlardan qorxur. Əgər belə deyilsə gözləri qarşısında baş verən quldurluğa niyə münasibət bildirmirlər?!
Üumiyyətlə, Rza şah Pəhləvinin xanımı Fərəh Pəhləvinin xatirələrini oxuyanda o zamankı Iranı indiki Azərbaycana bənzədirəm. Yəni, 1977-1978-ci ilin Iranında baş verənlər indi Azərbaycanda baş verir. Bunun sonu isə çox pis qurtaracaq. Mən 2005-ci ildə haray salmışdım ki, sahibkarlığın məhvi prosesi başlayıb. Indisə deyirəm ki, sahibkarlıq məhv edilib və artıq dövlətçiliyin məhvi başlayıb.
Ramin DEKO