Amerika mediası:“Regionda pilotsuz təyyarələrin geniş istifadəsi müharibə təhlükəsi yaradır”
Amerikanın “globalpost.com” saytında dərc olunan “Azərbaycan-Ermənistan sərhədi boyu dron qarşıdurması müharibəyə apara bilər” adlı məqalədə bildirilir ki, 3 dondurulmuş münaqişəyə malik olan regionda pilotsuz təyyarələrin geniş istifadəsi müharibə təhlükəsi yaradır.
Məqalədə yazılıb ki, ötən ilin sentyabrında Dağlıq Qarabağ üzərində İsraildə istehsal olunmuş dronun vurulmasından sonra ermənilər təmas xəttindəki son toqquşmalardan əvvəl dronların müşahidə olunduğunu qeyd ediblər.
BMT, ATƏT və ABŞ tərəfindən tətbiq olunan silah embarqosu Rusiya ilə İsraili silah satmaqdan çəkindirməyib. “Globalpost” yazır ki, mart ayında Azərbaycanla İsrail arasında 1.6 milyard dollar dəyərində silah sazişi imzalanıb. Bu və digər sazişlər əsasında Azərbaycan İsrailin aparıcı 3 istehsalçısından yüzdən artıq dron alıb. Saytın yazdığına görə, Ermənistanın az sayda yerli istehsal məsulu olan modellərdən istifadə edir.
Dronlar kəşfiyyat məqsədlərilə yanaşı artilleriya hədəflərinin müəyyən edilməsi və silahla təchiz olunduğu təqdirdə hədəflərə zərbə endirməkdə istifadə oluna bilər.
Pilotsuz təyyarələrin istifadəsilə bağlı beynəlxalq qanunvericiliyin qeyri-dəqiq qaldığı bir şəraitdə dronlar dondurulmuş münaqişə bölgələrində cazibədar vasitə hesab olunur. Dağlıq Qarabağda dronların istifadəsinin leqallığı 1994-cü ildəki müharibənin atəşkəslə başa çatması baxımından daha da mürrəkəb görünür. Mütəxəssislərə görə, təqribən eyni hərbi gücə malik olan Azərbaycanla Ermənistan arasında müharibə Cənubi Osetiyadakı müharibəyə nisbətdə daha uzun və çətin olacaq.
Amerikadakı Ordu Müharibəsi Kollecindən Stefan Blank sürətlə beynəlxalq səviyyə çıxmaq təhlükəsinə malik mümkün müharibənin “fəlakətli” fəsadlarını qeyd edib.
Mütəxəssis Ermənistanın müttəfiqi – Rusiyanın bölgədə 5 minlik əsgəri qüvvəyə malik olduğunu bildirib. Ermənistan həmçinin ölkədə mühüm iqtisadi əlaqələri olan İranın dəstəyinə malikdir. Beynəlxalq Böhran Qrupu artan gərginliyin “təsadüfi” müharibəyə təkan verə biləcəyi ilə bağlı narahatlığını qeyd edib. (BBC Azərbaycanca)