Əliyevi yıxan dəngələr

O, nə status-kvonu qorumaq, nə də hər kəsi razı salacaq yeni tarazlığı formalaşdırmaq gücündədir

İlham Əliyevin sürətli inkişafına qıcıq yenə Almaniyadan gəldi. Amma onun ətrafında ən maraqlı qalmaqal Rusiyadakı  oliqarxların maraqlı tərkibdə yenidən təşkilatlanması oldu. Bütün bunlar Gülər Əhmədovanın siyasi instrumental akkordları fonunda baş verərkən Bakı küçələrində yenidən “Istefa”, “Parlament buraxılsın” şüarları səslənməyə başladı, bu etraz səsləri “Euronews”dan Türkiyənin “NTV” kanalınadək bir çox dalğalarda öz əksini tapdı. Nə baş verdiyi məlumdur, başlıca sual isə niyə baş verdiyidir.

Bəşər deyil, amma bəşəri də deyil

Ilham Əliyev hazırda onunla təmas qurmaq məcburiyyətində qalan hər kəs üçün ciddi başağrısına çevrilib. Onun imici, demək olar, Lukaşenkonu belə öz kriteriyalarına görə geridə qoyub. Əliyev hakimiyyəti irsən almaq məsləsi ilə birlikdə  Suriya diktatoruna doğru gedir. Düzdür, insanların qətl edilməsini göz önünə alsaq, o hələ Bəşər deyil. Amma dünyanın bu çağında AŞ üzvü və rəsmən Şərqi Avropa ölkəsi olan Azərbaycanda etdikləri də bəşəri deyil. Onun güddüyü strategiya özünün sonunu sürətləndirməklə yanaşı, həm də mövcud gərginliyi artırmaq üçün qatran rolunu oynayır ki, bu da bölgədə sülh yaratmaq istəyən qüvvələr üçün ciddi qıcıq yaradır və bu qətranı söndürmək üçün daha bol su axınının olacağı şübhəsizdir, Azərbaycanda isə yalnız, “el gücü, sel gücü”dür.

Almaniya hücumçudur, amma tək oynamır

Almaniya mediası Əliyevlərin yeni tapılmış sərvətləri, korrupsiyalı diplomatiyası və ölkədən oğurladıqları 48 milyard barədə yazır. Bu cür yazıların meydana çıxmasında əsas köklər təbii ki, Avropa məkanındaki sonuncu diktatorlardan birini sıradan çıxarmaqdır. Amma bu işin kökündə təkcə idealist maraqlar dayanmır. Həm də birbaşa praqmatik maraqlar dayanır. Bu gün Suriya məsələsində  dünyaya ciddi başağrısı yaradan Rusiyanın enerji asılılığından çıxmaq üçün lazım olan projelərin həyata keçməsi üçün məhz Əliyevsiz bir Azərbaycan lazımdır. Çünki Əliyevin administrasiyasına bağlı rəsmi mediada açıq yazılmışdı ki, biz NABUCCO-ya mane olduq. Bunun isə daha çox siyasi strateji bir layihə olduğu hər kəsə bəlli idi. Məhz bu baxımdan da Almaniya hücumçudur, amma bunun bir komanda oyunu olduğunu unutmaq və gözdən qaçırmaq olmaz.

Rusiya məyusdur

Məhşur Soçi danışıqları prosesində Ilham Əliyevin bir gün  öncə NATO və AB rəsmiləri ilə görüşərək, iddia edildiyi kimi, əvvəlcədən razılaşdırılmış danışıqları pozması Rusiyada ciddi qıcıq yaratmışdı. Bundan sonra və əvvəl isə açıqlanan “Vikiliks” sənədlərində məlum olmuşdu ki, Əliyev hətta Putini və Medvedevi söyməkdən də çəkinməyib. O bunu gizlində etsə də, işin üstü açılıb. Bu isə Kremlin qəzəbli rəhbəliyində onun rəhbərliyindəki sistemə olan etimadı daha da azaldıb. Rusiyada varlanmış Azərbaycan əsilli varlıların Ilham Əliyevdən xəbərsiz yeni təşkilat qurmaları və hazırkı diaspor təşkilatını tənqid etmələrini isə hakimiyyətə və daha doğrusu, Ramiz Mehdiyevə yaxın deputat belə şərh etdi: “Rusiya düyməni basıb”. Bu qiymətləndirmə mənim üçün sadəcə o baxımdan əhəmiyyətlidir ki, hakimiyyət düşərgəsinin bu məsələdə ehtimal etməsi deyil, düymənin basıldığını öz üzərlərində hiss etməsi daha realdır. Yəni bu şərh deyil, xəbərdi.

Türkiyə ilə necə etməli?

Ilham Əliyev hakimiyyətinin regionda heç bir məsələnin həllində həlledici funksiyası olmadığı kimi, bütün məsələlərdə badalaq funksiyasında olmaqda davam edir. Suriya məsələsində Türkiyə kimi səs verib Rusiya kimi rəftar etməsi isə Əliyevi tamamən küncə sıxıb. Ərdoğanla Putin arasındakı son telefon danışıqları isə vəziyyəti bir qədər də mürəkkəbləşdirib. Əliyev indi həm də BMT TŞ-nin qeyri-daimi üzvü olan dövlətin başçısı kimi məsələyə aydın münasibət bildirməli və konkret addımlarla mövqeyini ifadə etməlidir. Amma bunu edə bilmədiyi açıq-aydın ortadadır. O, bu mənada, hər kəs üçün sadəcə başağrısına çevrilib. Daha böyük strategiyalar və maraqların qarşılaşdığı üçün artıq azalmaqda olan enerji resursları da onu qurtarmaq gücündə deyil. Daha doğrusu, indi heç kim ondan neft barədə soruşmur, elə ABŞ səfirinin son açıqlaması – siyasi və dini gərginliyin hakimiyyətin aqressivliyindən qaynaqlanması barədə – kifayət edir ki, biz yazının əvvəlində qoyduğumuz “Niyə” sualına cavab verək. Çünki Ilham Əliyev nə köhnə status-kvonu qorumaq, nə də hər kəsi razı salacaq yeni  tarazlığı formalaşdırmaq gücündədir.

Seymur Həzi