Əli Məsimli kimi “dövlətçilər”

Rejim telekanallarından birində bp ilə Əliyevlər arasında baş verənlərlə bağlı veriliş göstəriblər, orada Əli Məsimli adlı keçmiş cəbhəçi, indiki yaptokrat deputat deyib ki, “Türkiyədə bir sürücünü də danışdıranda görürsən, dövlətçilik təfəkkürü var, amma bizdə bəziləri bundan məhrumdurlar”.

Guya bp və hakimiyyət arasındakı ixtilafda daha çox ikincinin üstünə gedənlər məhz belələridir.
“Dövlətçilik təfəkkürü”. Gözəl səslənir. Amma o, Əli Məsimlinin yadına indi niyə düşüb? Dünənəcən bizim bp-nin subpodratçı şirkətlərində azərbaycanlıların başına gətirilənlər barədə yazmaqdan əlimiz qabar olmuşdu, onlar alçaldılır, onlara “ikinci sort insan” kimi baxılır, əmək haqları tapdanır, Əliyevlərin məhkəmələri isə belə vətəndaşlarımızı qoyub bp və onun subpodratçı şirkətlərinin tərəfini tuturdu, əlbəttə, konfet kağızına görə yox.
Bizim bu haqda danışmaqdan dilimiz, yazmaqdan əlimiz qabar idi, o vaxt harda idi Əli Məsimlinin dövlətçilik təfəkkürü? Onda niyə bu gün bp-nin qabırğasına döşədiklərinin mində birini deyə bilmirdi? Ümumiyyətlə, Ilham Əliyev düyməyə basanda danışan, əks halda susan, sorğulamaq, hesab istəmək cəsarəti olmayan bir deputat gərək dövlətçilik təfəkküründən danışmasın. Adamları qoyun yerinə qoymaq olmaz, camaat “dövlətçilik” deyəndə nəyi nəzərdə tutduğunuzu yaxşı bilir.
Tutublar bir “dövlətçilik” sözündən, hakimiyyətə yarınmaqlarını, rejimin əl-üzünü yumaqlarını bu sözün arxasında gizlətməklə məşğuldurlar. Elə bilirlər, biz burda çörəyi qulağımıza yeyirik.
O hansı “dövlətçilik təfəkkürü”dür ki, millətin balaları yatağa ac girərkən rejimin başçısı özünə, övladlarına 75 milyonluq mülklər alanda susur?
O hansı “dövlətçilik təfəkkürü”dür ki, bu ölkədə bir qarın çörək üçün bətnindəki dörd aylıq körpə ilə Türkiyəyə iş dalınca gedib orada fahişəliyə məcbur edilən analar, övladına toy etməyə pul tapa bilməyib özünü asan atalar varkən bir ailənin 48 milyardı ölkədən çıxarması qarşısında susur?
O hansı “dövlətçilik təfəkkürü”dür ki, pulla mandat satan bir zehniyyət önündə təpkisiz, səssizdir?
Ümumiyyətlə, seçkili orqandan təyinatlı orqana çevrilmiş, YAP-ın rayon təşkilatı, Prezident Administrasiyasının şöbəsi funksiyasını yerinə yetirən bir “parlament”də oturub “dövlətçilik” sözünü də, “təfəkkür” sözünü də ağzına alarkən əvvəl bir az düşünəcəksən, “çox gülməli görünmərəm ki?!” deyə.
***
Bəziləri elə bilirlər ki, dövlət – çoxlu pulları olmaq, dövlətli olmaqdır. Pulun çoxdursa, dövlətlisənsə, deməli, dövlətsən. Dövlətlini müdafiə edəndə isə, deməli, dövlətçi olursan.
Bəli, bu gün Azərbaycanın himni, bayrağı, gerbi var, sərhədləri var və bunlar bizim üçün müqəddəsdir. Məhz bizim üçün – o adamlar üçün ki, onlardan ötrü neft buruğu bayraqdan ucada deyil.
Onlardan ötrü bayraq altında oturub rüşvət toplamaq, büdcəni yeyib-dağıtmaq üçün deyil.
O adamlar üçün ki, onlar himnə, bayrağa, gerbə, sərhədlərə sahib olmağın qiymətini hamıdan çox bilirlər, amma bütün bunların hələ gerçək dövlətə qovuşmaq anlamına gəlmədiyinin də fərqindədirlər, onlar yaxşı bilirlər ki, bu gün ədalətli məhkəməyə…
Azad, adil seçkiyə…
Fərqli fikirliliyə, çoxsəsliliyə…
Vətəndaş nəzarətinə…
Sərbəst toplaşmağa…
Hüququn üstünlüyünə…
Qanunların aliliyinə…
Milli iradənin toxunulmazlığına…
Sosial bərabərliyə yer olmayan bir ölkədə dövlətçilikdən danışmaq çətindir, mümkünsüzdür.
Dövlətlə hakimiyyətin sərhədlərinin itdiyi, dövlətin bütün gücünün bir adamın, bir ailənin cəmləşdiyi ölkədə yalançılığın adını dövlətçilik qoymaq…
talançılığın adını dövlətçilik qoymaq…
çağa qarşı olmağın, geriçiliyin adını dövlətçilik qoymaq o ölkəyə qarşı pisliklərin ən böyüyüdür. Öz ölkəsinə azacıq bağlılığı olan kimsə belə bir pisliyi özünə rəva görməz.
Təsəvvür edin, görün vəziyyət nə yerə çatıb ki, bir hüquq müdafiəçisi el basa-basa gedib Fransada Elşad Abdullayevlə görüşür, xahiş edir ki, videoları dayandırsın, dövlətimizi dünyada biabır etməsin.
Bu hüquq müdafiəçisi anlamır ki, Azərbaycanda normal dövlət olsaydı, o videolar yaranmazdı, yaransa belə, dövlət gərəyini yapardı və o utanc dövlətin deyil, hakimiyyətin olardı. Hakimiyyətin bitişinə, hər bir uyğar ölkədə olduğu kimi, istefasına gətirib çıxarardı.
Qısası, dövlət nəinki biabır olmaz, əksinə, qazanardı, alqışlanardı – Azərbaycanda gerçək varlığını sübut edə bildiyi üçün.
Bir ovuc adamın iradəsinə tabe olmadığını, ondan yuxarıda dayandığını ortaya qoya bildiyi üçün.
***
Azərbaycanın çağdaş, hüquqi-demokratik dövlət olması üçün bir əsrdə iki dəfə cəhd etmişik, bu gün ölkədə az-çox işıqlı nəsə varsa, hansısa ümidlər yaşayırsa, gələcəklə bağlı hansısa gözləntilər qalırsa, bu məhz o iki cəhdin sayəsindədir.
Hər iki cəhdin ömrü qısa olub, necə ki, keçən yüzilin əvvəllərində Cümhuriyyətçilərin əkdikləri dövlətçilik toxumlarını məhv etməyə çalışdılar, keçən əsrin sonundakı bir illik Cəbhə-Müsavat hakimiyyətinin əkdiyi dövlətçilik toxumları da 19 ildir eləcə məhv edilir.
Dövlətçiliyin inkişafı isə bir qrup adamın daha çox varlanması, dövlətlənməsi ilə ölçülür.
Onların varı, dövləti nə qədər artırsa Əli Məsimli kimiləri hesab edir ki, bu ölkədə dövlət də o qədər güclənir.
Eybi yox, gəlin biz arzulayaq ki, allah belələrinə uzun ömür, cansağlığı versin, onlar çox yaşayıb Azərbaycanda hüququn, ədalətin, azadlığın təntənəsinə şahidlik etsinlər…
Kimsənin qanunların üstündə olmadığı, məmurun vətəndaşın cibinə girmədiyi, hakimin kənar diqtə ilə hökm oxumadığı, bu məmləkətin nemətlərindən hər kəsin dada bildiyi, hər kəsə pay düşdüyü bir Azərbaycan qurulduğunu görsünlər…
Və sözün həqiqi mənasında dövlətin, çağdaş, modern dövlətçiliyin nə olduğunun fərqinə varsınlar, bəlkə onda bu gün danışdıqlarına görə azca da olsa, tərləyə bildilər.