Hökumətin media siyasəti ifşa edildi

7 ildə 400 jurnalist təzyiqə məruz qalıb, son 12 ildə mediada reklam 9 dəfə azalıb

Mətbuat azad deyilsə, onun inzibati müdaxilədən müdafiə üçün özünü tənzimləməsinin heç bir mənası yoxdur. Çərşənbə günü RATI-nin Avropa Şurası və Avropa Ittifaqının Cənubi Qafqazda və Moldovada media plüralizminə dəstək üzrə birgə proqramı çərçivəsində keçirdiyi “Media azadlığı və hesabatlılıq: medianın özünütənzimləmə mexanizmləri” mövzusunda konfransın bir çox iştirakçılarının çıxışında bu fikir səslənib.

Burada media azadlığı yoxdur

Avropa Şurasının kommunikasiyalar departamentinin müşaviri Leyla Dervişagiç qeyd edib ki, medianın özünütənzimləmə mexanizmləri ifadə azadlığının müdafiəsində mühüm rol oynayır. Konfransın moderatoru, Danimarkanın Beynəlxalq Mətbuat Təşkilatının regional proqramlar meneceri Gülnarə Axundova Azərbaycanda vəziyyətin spesifikliyinə diqqət çəkib, burada media azadlığı olmadığı halda mətbuatın özünü tənzimləməsi məsələsini müzakirə etmək lazım gəlir.
Mətbuat Şurasının idarə heyətinin üzvü Müşfiq Ələsgərlinin fikrincə isə, Azərbaycanda mətbuatın özünütənzimləmə mexanizmi təsdiq olunub və cəmiyyətin etibarını qazanıb. Xüsusən, o, 2003-cü ildən etibarən jurnalistlərin özləri tərəfindən formalaşdırılmış Mətbuat Şurasının uğurla fəaliyyət göstərdiyini qeyd edib. Ələsgərli Mətbuat Şurasına ictimai etimadın göstəricisi kimi ötən il bu orqana 651 müraciət göndərildiyini bildirib. Onlardan 499-u KIV-dən şikayətlər olub. Ələsgərli hesab edir ki, Mətbuat Şurası sayəsində bu KIV-lər məhkəmə iddialarından yayınıblar.

Mətbuat Şurasından sonra vəziyyət pisləşib

Jurnalistlər Ittifaqının sədri və “Ayna-Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı qeyd edib ki, Mətbuat Şurasının yarandığı andan etibarən ölkədə mətbuat sahəsində vəziyyət xeyli pisləşib. Buna görə indi söhbət mətbuatın özünütənzimləməsindən deyil, həm iqtisadi, həm də siyasi nöqteyi-nəzərdən özünü müdafiəsindən və qoruyub saxlamasından gedir.
“Yeni Nəsil” jurnalistlər birliyinin sədri Arif Əliyevin fikrincə, mətbuatın özünütənzimləməsi azad mətbuata xasdır. Jurnalist etikası normalarına riayət edilməsindən söhbət getmir, belə ki, KIV-lər azad deyillər və onları maliyyələşdirənlərdən asılıdırlar.

Hakimiyyətə idarə olunan media lazımdır

“Turan” agentliyinin direktoru Mehman Əliyev hakimiyyətin Azərbaycan mediasının diffamasiya haqqında qanunun qəbuluna hazır olmaması barədə fikri ilə razı olmadığını bildirib.
Məhz hakimiyyət bunda maraqlı deyil, çünki onlara idarə olunan media lazımdır.
2009-cu ildə Mətbuat Şurasının layihəsi çərçivəsində aparılan monitorinq göstərib ki, diffamasiya ilə bağlı pozuntuların əksəriyyəti məhz hökumətyönlü KIV-lər- “Səs” və “Müasir Müsavat” qəzeti tərəfindən törədilib. Bu zaman Mətbuat Şurası konformist mövqe tutur və hökumətyönlü qəzetləri, məsələn, “Səs”i “qara siyahıya” daxil etmir.

7 ildə 400 jurnalist təzyiqə məruz qalıb

Media Hüquqları Institutunun nümayəndəsi Xalid Ağaliyev ümumiyyətlə Mətbuat Şurasının kimi isə “qara siyahıya” daxil etməsinin hüquqi əsaslarının olmadığını bildirib.
2000-ci illərin ortalarından etibarən KIV-in fəaliyyəti ilə bağlı qanunvericilik daha da pisləşir, o cümlədən, informasiya əldə etmək hüququ məhdudlaşdırılır.
Jurnalistlərin təhlükəsizliyinin girovlarından biri cinayət məcəlləsində jurnalistin qanuni peşə fəaliyyətinə maneə yaradılmasına görə məsuliyyət normasının olmasıdır.
Amma hələ heç kim bu maddə ilə məsuliyyətə cəlb edilməyib, baxmayaraq ki, son 7 ildə jurnalistlərə qarşı 400-dən çox fiziki təzyiq faktı olub.
“Respublikaçı Alternativ” vətəndaş hərəkatının üzvü Natiq Cəfərli qeyd edib ki, ölkədə mətbuatın azad fəaliyyəti üçün şərait- azad rəqabət, azad reklam bazarı, müstəqil məhkəmələr olmadığı halda mətbuatın həqiqətən özünütənzimləməsi haqqında söhbət belə gedə bilməz.

12 ildə reklam 9 dəfə azalıb

Macarıstanın – əhalisinin sayı Azərbaycanla eyni olan ölkənin KIV reklam bazarı 600 mln. avro təşkil edir və bu zaman 160 mln. avro çap KIV-lərinə aiddir. Azərbaycanın çap nəşrlərinin reklam bazarı cəmi 2 mln. avro təşkil edir.
Arif Əliyevin sözlərinə görə isə, son 12 ildə Azərbaycan KIV-də reklam 9 dəfə azalıb, qəzet satışı isə 45 faiz düşüb.
RATI direktoru Emin Hüseynovun fikrincə, on-line ifadə azadlığı daha üstündür və ayrı-ayrı maraqların qurbanına çevrilməməlidir. Bu zaman Hüseynov sosial şəbəkə istifadəçilərinin və on-line jurnalistlərin Internetdə ifadələrinə görə başqa maddələrlə ittiham sürülərək təqib edilməsinin yanlış olduğunu qeyd edib (“Turan”).