Bulanıq tarixdə güclə sezilən bir işıq

Ramiz Abutalıbovun 75 yaşı tamam olur

Oktyabrın 27-də Azərbaycan milli fikir tarixində böyük rol oynayan fədakar bir insanın, Ramiz Abutalıbovun 75 yaşı tamam olur. Bu yubiley ilində Ramiz müəllimin keçdiyi həyat yoluna baxanda adamı heyrət bürüyür. Bir ömürdə bu qədər xeyirli əməli öz həyat tarixçəsinə yazmaq çox az adamlara nəsib olub. Sözün tam mənasında Ramiz Abutaliıbov canlı bir tarixdir. O, tarixin içində yaşayır və içində olduğu tarixi də özü ilə bərabər yaşadır. Özü də, 75-i haqlayan yaşının bu çağında yorulmadan, dinclik bilmədən, hay-küy salmadan, ən gərgin anlarda belə təmkinini pozmadan sadə bir həyat yaşayır, tarixə bələdçilik edir. Hələ, bir vaxtlar şəxsiyyətsiz tarix yaratmış Sovet dövründə şəxsiyyət axtarışına çıxdı və bir-birindən böyük şəxsiyyətlərə “milli pasport” verdi, onların vətənə dönüşü üçün əlindən gələn və bəzən ağla gəlməyən şeyləri etdi. Şəxsiyyəti tarixə nümunə olmuş adamların axtarışı onun şəxsi həyatından da yan keçmədi. Bu gün dönüb keçmişə baxanda qara bir kabus kimi bizi izləyən Sovet sisteminin dumana bürünmüş bulanıq tarixində Ramiz Abutalıbov güclə sezilən bir işığa bənzəyir. Çoxlarının azdığı və hələ diri ikən öz varlığı ilə bərabər həmin dumanda tədricən yox olduğu bir dövrdə içindəki işıq onu aydınlığa çıxardı. Tarixin yükünü çəkən, onu çiyinlərində aparan və bu yükün ağırlığından dizləri bükülməyən Ramiz Abutalıbovun keçdiyi həyat yolu vətənə xidmətin, milli mənəvi yaddaşa sonsuz məhəbbətin təkrarsız bir nümunəsidir. Tarixə nümunə vermək hər adamın işi deyil. Ramiz Abutalıbov Sovet dövründə vətənə xidmət etməyin nümunəsi verdi. Bu gün çoxlarının öz sovet dövrü keçmişini gizlətdiyi, həmin dövrdəki əməllərinin xəcalət tərini sildiyi bir vaxtda Ramiz Abutalıbov o illərin qürurunu yaşamaq haqqına malikdir. İndi bəziləri vaxtı ilə düşmüş imkandan yararlanmağa “partiyalı kişiliyinin” çatmadığın etiraf etsə də, o, özündə cəsarət tapıb hələ, ötən əsrin 70-ci illərində Əli Mərdan bəy Topçubaşovun oğlu Ələkbər bəylə dostluğunun tarixi anlarını böyük məmnuniyyətlə xatırlayır. Ələkbər bəyin vətənə gəlmək arzusu var idi. Çoxları ona dəvət vəd etmişdi. Lakin yeganə olaraq Ramiz Abutalıbov vədinə əməl edərək Azərbaycana rəsmi dəvəti Ələkbər bəyə təqdim etmişdi. Nə yazıqlar ki, amansız əcəl Ələkbər bəyə bu dəvətdən faydalanmaq imkanı vermədi və o, dəvəti alandan 3 ay sonra haqqın dərgahına qovuşduğundan 1919-cu ildə tərk etdiyi Azərbaycanı bir də görə bilmədi. 

Abutalıbovlar nəsli Ordubad kökənli olsalar da, Ramiz Abutalıbov Gəncədə doğulub, Bakıda universitet təhsili alıb. Sonra Ramiz bəy Ümumittifaq xarici ticarət akademiyasında oxudu və yüksək peşə təhsili aldı. İxtisasca ali təhsilli geoloq və yüksək səviyyəli ticarətçi olsa da, o, nə geologiya, nə də ticarətlə məşğul oldu. Həyat elə gətirdi ki, bu ixtisaslardan Ramiz bəydə (əslində yaxınları və ailə üzvləri ona ağa deyə müraciət edirlər) qalan ancaq axtarış və yaxşını seçmək həvəsi qaldı. Bir geoloq həvəsi ilə axtardı və bir “tacir” acgözlüyü ilə axtardığı xəzinəni tapdı. Kim o xəzinə ilə tanış olmaq istəyirsə milli-mənəvi tariximizin unudulmaz səhifələrini yaratmış Xalq Cümhuriyyəti liderlərinin Ramiz Abutalıbov tərəfindən toplanmış irsinə baxsın. M.Ə.Rəsulzadə ilə Ə.M.Topçubaşov arasında yazışmalar, Məhəmməd Əmin Rəsulzadənin seçilmiş əsərləri və məktubları, Topçubaşinin şəxsi arxivindən seçmələr, Rəsulzadə və Qafqaz konfederasiyası nəşrləri ilə tanış ola bilər. Ramiz Abutalıbovun uzun illər boyu topladığı, səliqə sahmanla qoruyub saxladığı və böyük səxavətlə arxivlərə verdiyi bu nadir incilər son illər Rusiyada müsəlman tarixinin çox tanınmış araşdırıcılarından olan Salavat İshakov tətibatında işıq üzü gördü. Bir-birindən dəyərli, bir-birindən maraqlı olan və milli varlığımıza şəhadətlik edən bu məktublar, bu sənədlərin Salavat bəy tərəfindən son dərəcə peşəkar səviyyədə nəşri Ramiz Abutalıbovun gördüyü işin əzəmətini ortaya qoydu. Bu nəşrlər aydın şəkildə təsdiq etdi ki, milli xəzinə üzərində oturan bu təvazökar insan, bəlkə də necə böyük xəzinə üzərində oturduğunun fərqində olmayıb, necə böyük əməllərə imza atdığınının fərqinə varmadan daim öz işini görüb. Və gördüyü bütün xeyirli əməllərin mükafatını da yalnız və yalnız öz vicdanından gözləyib. Əlbəttə, çap olunmuş materiallar Ramiz Abutalıbovun topladığı xəzinənin yalnız bir hissəsidir. Onun tam kolleksiyası isə Azərbaycan Respublikası Dövlət Arxivində və Respublika Ədəbiyyat və İncəsənət Arxivində saxlanılır. Onun İstanbulda Əli Mərdan bəyin nəvəsi və Həsən bəy Zərdabinin nəticəsi Zərifə xanım Kürdəmirdən hələ sovet dövründə elə birinci görüşdə aldığı sənədlər sözün tam mənasında milli tariximizin təkrarsız bir salnaməsini özündə yaşadır. Bu sənədlər hamısı qiymətlidir, lakin onların içərisində Əli Mərdan bəyin öz əli ilə yazdığı son dərəcə nadir sənədlər vardır. Onun Ceyhun bəy Hacıbəyli ilə yazışmaların böyük bir hissəsi məhz bu kolleksiyanın içindədir.

Niyə bu insanlar yalnız ailə tarixlərinin deyil, bütövlükdə Azərbaycan tarixinin maraqlı anlarını özündə yaşadan bu qədər nadir sənədləri Ramiz Abutalıbova verdilər? Çünki Ramiz öz işgüzarlığı, səmimiyyəti ilə bu adamların etibarını qazana bildi. Azərbaycanın Paris Sülh konfransındakı nümayəndə heyətinin sonuncu nümayəndəsi Məmməd Məhərrəmov Ramiz bəylə Fransadakı birinci görüşündə ehtiyat əlaməti olaraq masanın altına bir tapança qoymuşdu. Elə ilk söhbət sovetlərdən gəlmiş, Parisdəki sovet idarəsində işləyən, lakin içində Azərbaycan sevgisi gəzdirən bu qarayanız oğlanla top-tüfəngə ehtiyac olmadığın ortaya qoymuşdu. Ramiz bəy öz sadəliyi, öz səmimiliyi, öz vətənsevərliyi ilə Azərbaycan mühacirətinin müxtəlif nəsillərinin etimadını qazana bildi və bu etimad yuxarıda qeyd edilən qiymətli milli xəzinənin vətənə qayıtmasında etibarlı bir körpü rolunu oynadı. Rüstəm İbrahimbəyov haqlı olaraq yazır ki, Ramiz müəllimin vicdanlı bir şəxs olduğunu bilərək, bir çox rus və azərbaycanlı mühacir özünün şəxsi arxivi və qiymətli incilərini SSRİ-yə göndərmək üçün ona etibar edirdi. 

Ramiz Abutalıbovun 2006-cı ildə Moskvada nəşr edilmiş gözəl bir əsəri var: “Parisdə keçən illər və görüşlər”. Xatirə xarakteri daşıyan bu əsəri həyəcansız oxumaq mümkün deyil. Bu kitab onun 16 illik Paris həyatının şirin bir hekayətidir. Maraqlı bir detektiv təsiri bağışlayan bu kitabda kimler yoxdur. Böyük yazıçı Banin, Məmməd Məhərrəmov, Ələkbər bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli, Səlim Turan, İren Melikof, Qədir Süleymanov, Cənublu soydaşlarımız və onlarla qəlbi vətən həsrəti ilə döyünən canlı tarix abidələri. Ramiz bəy Parisdə işləyəndə min bir çətinliklərlə üzləşən mühacir nəsillərin hətta məişət problemlərinə qədər maraqlanır və onları həll etməyə çalışırdı. Əkbər ağa Şeyxülislamovun məzar yerinin vaxtı tamam olduğundan ona dəfn olunduğu torpaqda saxlamaq üçün şəhər idarəsinə vəsait ödənilməli idi. Əli Mərdan bəyin xatirəsini əbədiləşdirmək üçün yaşadığı evlərdən birinə xatirə lövhəsi vurulmalı idi. Varisləri bu dünyadan köçdükdən sonra baxımsız qalan məzarları bərpa etmək qayğısı da onun üzərində idi. Legioner ordusunda xidmət etmiş onlarla insanı vətənə bağlamaq, qohum-əqrəbasına qovuşdurmaq kimi xeyirxah əməllərin də ağır yükü onun çiyinlərində idi və o, bu yükü böyük səmimiyyətlə daşıyırdı. Ötən illərdə Parisdə olarkən Ramiz Abutalıbovun köhnə dostu Təbrizli qardaşımız Məmmədəli Tacəhmədi məni Əli Mərdan bəyin xatirə lövhəsi vurulmuş binaya apardı. Bu evdə vaxtilə Əli Mərdan bəy yaşamışdı və bu lövhə ilə Ramiz Abutalıbov, məhz, min-bir əziyyətə qatlaşaraq Parisin mərkəzində mühacir həyatı yaşamış böyük millət xadiminin xatirəsini əbədiləşdirə bilmişdi. Lövhəyə baxanda qürur hissi keçirdim və Ramiz Abutalıbov kimi fədakar bir azərbaycanlı ilə fəxr etdim. Məmmədəli indi də Ramizin Parisdə işlədi illərdən, yorulmaq bilmədən millətimiz üçün etdiyi xeyirli əməllərdən ağız dolusu danışır. O, Ramiz Abutalıbovun böyük fransız türkoloqu Lui Bazenlə görüşlərini iftixar hissi ilə xatırlayır. Məhz, həmin Bazenlə ki, bu il 200 illik doğum tarixçəsi tamam olan dahi Mirzə Fətəlinin ölməz komediyalarının fransız dilinə tərcümə etmişdi. Yeri gəlmişkən Məmmədəli Tacəhmədi son dərəcə nadir bir iş görüb. O, otuz il ərzində beş cilddən ibarət Azərbaycan dilinin izahlı lüğətini hazırlayıb ki, bu lüğətin söz tutumu hazırda əlimizdə olan izahlı lüğətdən iki dəfə çoxdur. Bu böyük cildlərə baxanda istər-istəməz fikirləşirsən ki, İranda türk dilinin varlığına kölgə salanlar bu lüğətlə tanış olsalar, görərlər ki, bu möhtəşəm söz xəzinəsindəki kəlmələrin sayı, fars dilindəki kəlmələrin sayından müqayisəyə gəlməz dərəcədə çoxdur. Ramiz bax belə adamlarla oturub-dururdu. 

Ötən əsrin 80-ci illərinin sonlarında Qarabağa erməni təcavüzü başlayanda Ramiz Abutalıbovun fədakarlığı çoxlarına örnək ola bilər. Bir sovet diplomatı kimi fəaliyyət imkanları nəzarət altında olsa da o, çoxdan bəri hazırladığı vətənpərvər şəbəkəni hərəkətə gətirə bildi. Banin, Temiçin Hacıbəyli, İren və Şirin Melikoflar vasitəsi ilə qısa vaxtda Ramiz Abutalıbov bir neçə kitab, nüfuzlu Fransa mətbuatında onlarla məqalə dərc etdirə bildi. Banin kimi böyük qələm sahibi, Temuçin Hacıbəyli kimi Fransa mədəniyyətinə qovuşmuş nüfuzlu şəxslər böyük məmnuniyyətlə öz imzalarını Ramiz Abutalıbova etibar etdilər. Məhz, həmin imzalarla Ramiz Azərbaycan həqiqətlərini fransız ictimaiyyətinə çatdırırdı. Yaxşı yadımdadır, 80-ci illərin sonunda Moskvaya gəlirdim. Dedilər professor Süleyman Əliyarlı təcili olaraq səni axtarır. O vaxtlar Süleyman müəllim Bəxtiyar müəllimlə birlikdə bir yazı hazırlamışdılar və həmin yazını Moskvada Ramiz müəllimin qızına çatdırmağı məndən xahiş etdi. Sonralar gördüm ki, həmin yazının materialları ən nüfuzlu fransız mətbuatında yer alıb. Bütün bu hadisələri xatırlayaraq, beş il əvvəl böyük fikir adamı Anar yazırdı ki, Ramiz Abutalıbovun yüksək vətəndaş keyfiyyətləri Qarabağ münaqişəsinin ağır illərində də aşkara çıxdı. 
1990-cı illərdə qanlı yanvar hadisəsindən bir neçə gün sonra Fransa televiziyasının erməni-azərbaycan dialoqu təşkil etməsini Ramiz müəllim yazılarının birində belə xatırlayır: Azərbaycana qarşı informasiya hücumu başlamışdı. Fransa televiziyası Daşnak partiyası Xarici Bürosunun sədri Papazyanla bir azərbaycanlının dialoqunu vermək istəyirdi. Çətin vəziyyətdə qalmışdıq, bu zaman telefon zəng çaldı və dəstəyin arxasında Rüstəm İbrahimbəyov idi, dialoq barəsində ona dedim və razılaşıb axşam televiziyaya çıxdı. Rüstəmin məntiqi elə güclü oldu ki, Şarl Aznavur redaksiyaya zəng edib, “vəhşi” və “salo” adlandırdığı azərbaycanlıların nümayəndəsi ilə debata çıxmaq istədiyini bildirdi. Rüstəm təkliflə razılaşsa da Ermənistana göndərdiyi humanitar yükün içərisindən silah çıxan Aznavur debatdan yayındı. Elə Fransa jurnalistlərinin ilk dəstəsini də Ramiz Abutalıbov Azərbaycana Rüstəmin dəvəti əsasında göndərə bildi.

Ramiz Abutalıbov sənətə bağlı adamdır. Onun təkrarsız fırça ustası Əşrəf Muradın necə böyük fədakarlıqla sərgisini təşkil etməsi, necə böyük həvəslə albomunu nəşr etməsi sənətin böyüklüyünə iman gətirməsindən irəli gəlirdi. Uzun illər YUNESKO-da Azərbaycan mədəniyyətinin təbliği məhz, Ramiz Abutalıbovun adı ilə bağlıdır. Mədəniyyətə, Fransa-Azərbaycan əlaqələrinin inkişafında xidmətlərinə görə 1998-ci ildə o, Fransanın ən yüksək ordeni olan “Fəxri legion” ordeni ilə təltif olundu. 
Yetmiş beş yaşı millətə xidmətdə keçirməyi Allah hər kəsə nəsib etmir. Ramiz Abutalıbov bu xoşbəxtliyin bütün şirinliyini dada bildi. Böyük yazıçımız Əkrəm Əylisli bir dəfə dedi ki, 60-70-ci illərdə Sovet hökuməti zəifləsə də, amma hələ ki, zəifləmiş sovet cəmiyyətində “DTK” sözü böyük hərflə, “allah” sözü isə kiçik hərflərlə yazılırdı. Ramiz Abutalıbov məhz, “DTK” böyük hərflərlə yazıldığı bir cəmiyyətdə vətənə xidmətin mümkün nümunəsini yarada bildi. Özgələr arasında özümüzünkü, özümüzünkülər arasında isə özgə olan Ramiz Abutalıbov məhz belə mənalı bir həyat yolu keçib.

Cəmil Həsənli