Azərbaycanın sinəsinə YAP adlı damğanı YAPışdıran, siyasi səhnəyə gəlişlərilə ölkənin tarixi inkişafını 91 il geri atan, “91-lər”in aktivi, YAP-ın Idarə Heyətinin qoca sinə vuranı Kərim Kərimov Gülər Əhmədovaya qahmar çıxıb və üzünü müxalifət düşərgəsinə bozardaraq, təkəbbürlə “YAP-la oynamaq olmaz” deyib.
Bəli, biz də o fikirdəyik ki, millətinə kələk toru toxuyan, siyasəti qan-qada qoxuyan, hər seçkidə xalqın səsini oğurlatdırıb-əkdirən, parlamenti diktator qarşısında diz çökdürən, əksəriyyət tərkibi dələduz və fırıldaqçılar dəstəsi, hər bir üzvü pulun, vəzifənin sağalmayan xəstəsi, dili yalana, əli rüşvətə öyrəşən, tərifdən güc alan, yalanları düz yerinə gözə təpib yozduran, uğursuzluq içində analoqu olmayan “uğurlardan” dəm vuran bir rejimin himayə etdiyi partiya ilə oynamaq olmaz.
Torpağını erməniyə satdıran, narkoz verib millətini ölüm yuxusunda yatırdan, rəqiblərinə qurşaqdan aşağı zərbə vuran, zəngin bir ölkədə aclıq yası qurduran, məmləkətin sərvətini çapıb-talayan, cənnət diyarı Azərbaycanı odlara qalayan, şəxsiyyətləri bütləşdirən, siyasi mühiti kütləşdirən, ölkəni dərəbəyliyə çevirən, bayrağını, himnini ucalardan endirən, haqqa nahaq donu geydirən, rəhbərlərini zorla xalqa “sevdirən”, döşü saxta orden-medallı bir partiya ilə, əlbəttə, oynamaq olmaz.
Ziyalısını dışlayan, müxalifini xışlayan, anti-istiqlalçı qüvvələrin sinəsinə istiqlal ordeni taxan, demokratik cumhürriyyət qurucularının inkarına duran, haqqı deyənin ağzından vuran, ədaləti yaxına qoymayan, haram tikədən doymayan, sərvət dağıdan, nahaq göz yaşları axıdan, büdcə talançıları, söz yalançıları, qanunu saya salmayan, vətəndaşı adam yerinə qoymayan, tiranlıqdan güc alan, öz xalqından öc alan bir firqə daşıyıcıları ilə, əlbəttə, oynamaq olmaz.
Azadlığın cəlladları, bolşevizmin yaramaz övladları, haqq sözə naxələf, müftəxor-harın, davası qarın, el malına göz dikən, məmləkəti cəmdək tək sökən, xalqı düz yoldan azdıran, neçə mərdin qəbrini qazdıran, qiyafəsi avropalı, özü rus qafalı, şapalaq-çəpik vuranlar, siyasət adına məzhəkə quranlar, rəhbər görəndə əldən gedənlər, bir-birini addım-addım güdənlər, ətrafına cəm edən yaltaqları, siyasəti fəlakətə sürükləyən, şərin, şeytanlığın ocağını körükləyən bir partiya ilə, əlbəttə, oynamaq çətin.
Yerlibaz-regionçu, xalqı ac, özü milyonçu, mülkiyyət qəsdçiləri, tayfa siyasətçiləri, gələn nəsli gedən nəslindən daha zalım, gəncliyin gələcəyini baltalayan, anti-korrupsiyadan dəm vurub milyonları qatlayan, hərəsi yağlı tikəyə öyrəncəli gödənlər, duyğusuz, qəlbsiz bir parça ətlər, xalqına qızıl teştdə qan içdirən, qəbir yerini satıb, diri-diri kəfənini biçdirən bir partiya ilə, əlbəttə oynamaq olmaz.
Əldə bayraq edən boş şüarları, zəhərləyən yad fikirlərlə şüurları, boyun əyən beynəlxalq imperialistlərə, əzdirən milləti gözü qanlı sadistlərə, kef çəkdirən məmuruna qəsri-qala saraylarda, qan qusduran qaçqınına çadırlarda, əsgəri bitli-birəli, generalı qarınpalaq, ağzı şirəli, başı pozuq polis dəyənəkli, tərif deyən dillər olub döyənəkli, məhkəməsi hökmündə ədalətsiz, bir zümrədir ki, dinsiz, mərhəmətsiz, üzü xalqdan dönən, içindən çırağı sönən bir partiya ilə, əlbəttə, oynamaq olmaz.
Nurəddin Ismayılov