Daxili İşlər Nazirliyi Bakıda iki nəfərin ölümü, bir neçə nəfərin isə xəsarət alması ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.
Məlumatda deyilir ki, oktyabrın 24-də saat 22.10 radələrində Yasamal rayonu ərazisindəki Yeni Dairəvi yolda Ağdam rayon sakini Mübariz Şirinovun idarə etdiyi “Mercedes” markalı avtobusla Qəbələ rayon sakini Elşən Seyidovun idarə etdiyi “Ford” markalı, Bakı şəhər sakinləri Nizami Abbasovun idarə etdiyi “Opel” markalı, Rəfayel Kərimovun idarə etdiyi “Mercedes” markalı, Qəşəm Rzayevin idarə etdiyi “Tofaş” markalı, Nurəddin Əmrullayevin idarə etdiyi “VAZ-21010” markalı, Ağsu rayon sakini Xəlil Qasımovun idarə etdiyi “QAZel” markalı və PAZ markalı avtomaşınlar toqquşub.
Toqquşmanın təsirindən “Mercedes” markalı avtobusda, “Mercedes” markalı avtomobildə, “QAZel” və “PAZ” markalı avtomaşınlarda yanğın baş verib.
Nəticədə qeyd edilən avtomaşınların yanar konstruksiyaları yanıb, M. Şirinov və hadisə yerində olan Tovuz rayon sakini Hafiz Şirinov ölüb, xəsarət almış X. Qasımov, E. Seyidov və sərnişinlərdən Bakı şəhər sakinləri Tahir Yusubov, Əli Lətifov, Murad İsmayılov, Cəlilabad rayon sakini Mircəmil Məmmədov, Gəncə şəhər sakini Rəis Abbasov, Şahbuz rayon sakini Qulu Quliyev, Sumqayıt şəhər sakini Məhəmməd Hüseynov xəstəxanaya yerləşdiriliblər. Onlardan Q. Quliyevin və R. Abbasovun vəziyyətləri qənaətbəxşdir, digərləri isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
***
Oktyabrın 24-də saat 22.45 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən APA-ya verilən məlumata görə, Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib.
Belə ki, 194 saylı xətt üzrə hərəkət edən iritutumlu marşrut avtobusu yoldan çıxaraq, səkiyə çırpılıb. Avtobus daha sonra avtobus 4-5 minik avtomobilinini əzib.
Nəticədə avtobusda və minik maşınlarının birində yanğın baş verib.
Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, çoxlu sayda xəsarət alan var. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları.
İnformasiya şöbəsi