Avropa Məhkəməsinə göndərilən sənəd necə itib?

Poçt xidməti məsələni araşdıracaq

“Texnikabank”ın Yasamal filialının keçmiş müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun Avropa Insan Hüquqları Məhkəməsinə göndərilən sənədlərindən hələ də xəbər yoxdur.
Sənədlər bu il avqustun 6-da və 18-də poçt yolu ilə göndərilib. Onların arasında E.Seyidovun xəstəliyi haqda arayışlar, həkim rəyləri, xəstəlik tarixçəsi, tibbi avadanlıqlarla aparılan müayinələrin SD diskləri olub. Lakin bir neçə gün əvvəl Avropa Məhkəməsindən vəkil Əsabəli Mustafayevə bildiriblər ki, E.Seyidov haqda tələb olunan əlavə sənədlər Avropa Məhkəməsinə təqdim edilmədiyinə görə Azərbaycan hökumətindən həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəmək mümkün deyil. Vəkil hesab edir ki, Avropa Məhkəməsinə göndərilən sənədlərin ünvanına çatmamasında bəzi maraqlı hüquq-mühafizə orqanlarının iştirakı var. Onlar sənədlərin göndəriməsinin qarşısını alıblar. Yəni sənədlər texniki problemlərə görə deyil, siyasi amillərə görə ünvanına çatmayıb.
Rabitə Nazirliyinin poçt xidmətinin rəhbəri Novruz Məmmədov “Azadlıq”a açıqlamasında məsələnin araşdırılacağını bildirib. O, bunun üçün vəkilin onlara rəsmi ərizə ilə müraciət etməli olduğunu bildirib: “Qəbzin surətini ərizəyə əlavə edib ya bizə, ya ”Azərpoçt”a müraciət etsin. Biz də araşdıraq ki, sənədlər bizim tərəfimizdən nə vaxt qəbul olunub, nə vaxt çıxıb. Bundan sonra nəticəni bilmək olar. Sənədlər Azərbaycandan tranzitlə başqa bir ölkəyə gedir, oradan başqa bir ölkəyə. Yəni çox vaxt birbaşa yox, tranzit gedir. Hər şey ola bilər. Ona görə araşdırmamış nəsə demək yanlışlıq olar”.

Gültəkin