Xədicə İsmayılovanın şikayəti təmin olunmadı

Səbail məhkəməsi “Səs” qəzetinin lehinə qərar verib

Bu gün Səbail rayon Məhkəməsində AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılovanın «Səs» qəzetinə qarşı şikayəti təmin olunmayıb. Məlumatı AzadlıqRadiosuna vəkil Fariz Namazlı deyib. Xədicə İsmayılova «Səs» qəzetində çıxan iki məqalə («Xədicənin söz azadlığına qiyməti» və “Xədicə «xanım»ın «qiyməti» neçəyədir») ilə bağlı məhkəməyə müraciət edib. O, şərəf və ləyaqətinə, işgüzar nüfuzuna dəyən zərərə görə, qəzetin təkzib verməsini və 2000 manat təzminat ödəməsini istəyib.

Hakim Rauf Əhmədov iddianın təmin edilməməsi barədə qərar verib. Vəkil deyir ki, 10 gün sonra qətnamə onlarda olacaq və o zaman hakimin bu qərarı nəylə əsaslandırmasını öyrənə biləcəklər. Fariz Namazlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəklərini bildirib.