azeri-oliqarxlar-rus

Milyarderlər ABŞ- dan dəstək istəyəcək

azeri-oliqarxlar-rusRusiyada qurulan ittifaq haqqında ilginc xəbərlər

Rusiyada bir qrup azərbaycanlı tərəfindən təsis edilən Rusiya Azərbaycan Təşkilatları Ittifaqı (RATI) barədə redaksiyamıza yeni məlumatlar daxil olub. Bu məlumatları dünən “Azadlıq”a RATI-də təmsil olunan nüfuzlu azərbaycanlılardan birinə yaxın şəxs verib.

RATİ niyə təsis edilib?

Mənbə öncə təşkilatın Kremlin layihəsi olduğu barədə deyilənlərə aydınlıq gətirib. Onun sözlərinə görə, Rusiya RATI-nin təsis edilməsinə mane olmasa da, qurumu birmənalı Kremlin layihəsi adlandırmaq doğru deyil. Mənbə iddia edir ki, əslində bu informasiyalar ictimai rəyi çaşdırmaq üçün mətbuata ötürülüb: “Məsələ burasındadır ki, Rusiya Azərbaycan Təşkilatları Ittifaqının yaradılması orada təmsil olunan nüfuzlu azərbaycanlıların Azərbaycan hakimiyyətindən ciddi şəkildə narazı olmaları ilə bağlıdır. Azərbaycanda bütün sahələr bir ailənin əlində cəmləşib. Sərvətləri toplam olaraq 40 milyard dollar civarında dəyərləndirilən bu təşkilatdakı nüfuzlu azərbaycanlılar Azərbaycanda hər hansı iş qurmaq imkanından məhrumdurlar. Təsəvvür edin, Telman Ismayılov Türkiyədə otel tikir, onun açılışında baş nazir Ərdoğan şəxsən iştirak edir, amma adıçəkilən iş adamının Azərbaycanda hər hansı belə iri layihəsinə rast gəlinmir. Məgər Telman Ismayılov Azərbaycanda iş qurmaq istəmir? Əlbəttə istəyir. Eləcə də digər milyarderlər. Lakin bu gün onlara heç bir şans tanınmır. Ona görə də nəhayət, həmin şəxslər düşünüblər ki, birləşmək və Azərbaycanın ictimai-siyasi həyatında fəal olmağın vaxtı2 yetişib. Doğrudur, Rusiya bu təşkilatın təsis olunmasına heç bir maneə göstərmədi. Bu da əlbəttə ki, Kremlin Bakı ilə münasibətlərində gərginlik yaranmasından irəli gəlir. Lakin Rusiyanın prosesə mane olmaması o demək deyil ki, bu, Kremlin layihəsidir. Bir məqamı qeyd edim. Əgər bu təşkilat Kremlin layihəsidirsə nədən iş adamı Ilham Rəhimli orada təmsil olunmur? Onun Rusiya prezidenti Vladimir Putinlə dost olması sirr deyil. Niyə Putin dostunu bu layihədə görməsin ki?!”.

Rüstəm İbrahimbəyovun ABŞ-a səfəri

Qaynaq bildirib ki, hökumətin RATI-yə hansı münasibət göstərməyindən asılı olmayaraq proses davam edəcək. Mənbə əlavə edib ki, Azərbaycan hakimiyyəti ən yüksək səviyyədə belə bir təşkilatın təsis ediləcəyindən məlumatlı olub. Onun sözlərinə görə, hakimiyyətdaxili qruplaşmalardan birinin basqısı altında bütövlükdə iqtidar baş verənlərə sərt reaksiya vermək xəttini tutub. Lakin mənbə konkret hansı qruplaşmadan söhbət getdiyini açıqlamayıb. O, “Azərbaycanlı milyarderlər Gürcüstandakı proseslərdən ruhlanaraq belə qərara gəliblərmi?” sualına cavabında isə deyib: “Bu adamlar sadəcə Azərbaycanın ictimai-siyasi həyatında fəal olmaq istəyirlər. Burada hansısa ölkədə baş verənlərlə paralellər aparmağa ehtiyac yoxdur”.
“Azadlıq”a daxil olan digər məlumatlarda isə deyilir ki, RATI təsis ediləndən həmən sonra təşkilatın əsas fiqurlarından olan tanınmış dramaturq Rüstəm Ibrahimbəyov ABŞ-a səfər edib. Onun Amerikada keçircəyi görüşlərdə məhz bu təşkilatın yaranma səbəblərini, məqsəd və məramını diqqətə çatdıracağı deyilir. ABŞ-dan sonra isə Rüstəm Ibrahimbəyovun Avropaya səfəri planlaşdırılır.

Ermənilərlə görüş

Bu arada Moskvada Rusiyadakı Azərbaycan və erməni diasporunun nümayəndələri arasında görüş keçirilib. Görüşün keçirilməsində məqsəd Rusiyadakı Azərbaycan və erməni cəmiyyətlərinin, diasporunun millətlərarası sülhün bərqərar olunmasında artan rolunu, Rusiya prezidenti Vladimir Putinin milli siyasət strategiyası layihəsinin müzakirəsi, milli KIV-in çoxmillətli Rusiya cəmiyyətinin konsolidasiyasında rolunu müzakirə etmək olub.
Görüş “Azərros” Federal Milli Mədəni Muxtariyyəti, Rusiya-Azərbaycan Təşkilatları Ittifaqının və Rusiya Erməni Ittifaqının təşəbbüsü ilə təşkil olunub.
Görüşdə “Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov, “Azərbaycan Konqresi” qəzetinin baş redaktoru Rüstəm Arifcanov, “Tribuna” qəzetinin baş redaktoru Rəfael Hüseynov, Moskva Hökuməti yanında Milli KIV üzrə Komissiyanın sədri Cəmil Sadıqbəyov, Azərbaycan Beynəlxalq Bankının Moskva filialının direktor müavini Azər Səfərov və Azərbaycan diasporunun nümayəndələri iştirak edib. Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasovun adı siyahıda olsa da, o, görüşə qatılmayıb.
Ermənistan tərəfdən görüşə Rusiya Erməni Ittifaqının, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan, SSRI xalq artisti Armen Ciqarxanyan, Rusiya Erməni Ittifaqının vitse-prezidenti Vyaçeslav Qalustyan, “Armeniya i mir” jurnalının baş redaktoru Lusik Qukasyan, Ermənistanın Rusiyadakı sabiq səfiri Armen Sumbatyan, bu ölkənin Moskvadakı səfirinin köməkçisi və başqaları iştirak edib.
“Biz Rusiya Federasiyasında yaşayırıq və Rusiya prezidentinin milli siyasət strategiyasının iştirakçılarıyıq. Bizim maraqlarımız Rusiyanın maraqlarından asılıdır. Rusiyada sülh və stabillik bizim millətlərin xeyrinədir”. Bunu Ara Abramyan görüşdəki çıxışında deyib.
Rusiyadakı Azərbaycan və erməni diaspor təşkilatlarının 20 il ərzində ilk dəfədir bir araya gəldiyini qeyd edən Ara Abramyan belə görüşlərin davam etdirilməsini arzulayıb: “Biz dostluğumuzu unutmamışıq. Belə görüşlər mütəmadi olmalıdır. Müharibə heç kimə lazım deyil. Bura dialoq üçün yığışmışıq. Bu, sadəcə ictimai tərkibli görüşdür, heç kimə və heç bir dövlətə qarşı deyil. Biz Dağlıq Qarabağ problemini həll edə bilmərik. Bu problemin həlli ilə Azərbaycan və Ermənistan prezidentləri və ATƏT-in Minsk qrupu məşğuldur. Bizim əsas məqsədimiz düşmənçiliyə son verməkdir”.
O, analoji görüşlərin Rusiyanın regional diaspor təşkilatları səviyyəsində keçirilməli olduğunu da vurğulayıb: “Oktyabrın 26-da Orenburqda belə bir görüş keçiriləcək. Mən də orda iştirak edəcəyəm”.
Ara Abramyan noyabrın 16-da isə Rusiyadakı Azərbaycan və erməni diaspor təmsilçilərinin növbəti görüşünün keçiriləcəyini bildirib, təklif edib ki, həmin görüşdə Azərbaycan və erməni diasporlarının nümayəndələrindən ibarət təşkilat komitəsi və birgə komissiya yaradılsın: “Ildə iki dəfə Rusiyada yaşayan azərbaycanlı və ermənilərin birgə tədbirinin keçirilməsini istərdik. Şəxsən Rusiya prezidenti Vladimir Putinə, Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edəcəyəm ki, Soçidə ”Sivilizasiyalar haqqında dialoq” mövzusunda Ermənistan-Azərbaycan tədbiri keçirilsin, həmin tədbirdə hər iki ölkə yüksək səviyyədə təmsil olunsun”.
“Azərros” Federal Milli Mədəni Muxtariyyətinin rəhbəri Söyün Sadıqov isə çıxışında Rusiyada bir çox azərbaycanlı ilə erməninin bir yerdə işlədiyini, ailə qurduğunu bildirib: “Bu bizi sevindirir. Mən Araya təşəkkür etmək istəyirəm ki, bu dialoqun qurulmasında bizimlə əməkdaşlıq edir. SSRI-nin dağılmasından sonra ilk dəfədir ki, belə görüş keçirilir. Bütün iştirakçıları konfliktdən uzaq olmağa, dialoqa çağırıram. Biz bura Dağlıq Qarabağ problemini həll etməyə yığışmamışıq, bu problemin həlli ilə dövlətlər və beynəlxalq təşkilatlar məşğuldur. Biz erməni və Azərbaycan xalqları arasında dialoq mühitinin yaranmasına kömək etməyə çalışırıq”.

Dövlət komitəsindən sərt reaksiya

Diasporla Iş üzrə Dövlət Komitəsi isə bu görüşün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə müsbət təsir göstərəcəyinə inanmır.
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu cür görüşlər beynəlxalq aləmdə Azərbaycan cəmiyyətinin ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan kompromislərə hazır olduğuna dair ictimai rəy formalaşdırmaq istəyən erməni diasporunun maraqlarına xidmət edə bilər.
Diasporla Iş üzrə Dövlət Komitəsi qeyd edir ki, təsadüfü deyil ki, hələ 2000-ci illərin əvvəllərindən başlayaraq erməni diasporu və lobbisi “xalq diplomatiyası” adı altında Azərbaycan cəmiyyətinin kompromislərə hazır olduğu təsəvvürünü formalaşdırmaq məqsədilə bu cür təşəbbüslərlə çıxış edib. Ötən dövrün təcrübəsi göstərir ki, belə təşəbbüslər münaqişənin ədalətli həllində israrlı olan Azərbaycana danışıqlar prosesində təzyiq üçün əlavə imkanlar yaratmaq məqsədinə xidmət edir: “Ayrı-ayrı şəxslərin, yaxud təşkilatların bu cür təşəbbüsləri problemin həllinə töhfə vermək arzusunun ifadəsi olsa da, münaqişəsinin nizamlanması prosesi ilə peşəkar diplomatların məşğul olması daha məqsədəuyğundur. Diasporla Iş üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə öz töhfəsini vermək istəyən hər bir azərbaycanlının vətənpərvərik hisslərinə hörmətlə yanaşmaqla yanaşı, bu cür görüşlərin real perspektiv vəd etdiyinə əmin deyil və diaspor təşkilatlarını belə təşəbbüslərdə daha ehtiyatlı, eyni zamanda diqqətli olmağa çağırır”.

Informasiya şöbəsi