Şirinbacı Rzayevanın oğlu həbsdə saxlandı

Apellyasiya Məhkəməsi İlqar Rzayevin iddiasını təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində paytaxt sakini İlqar Rzayevin şikayəti əsasında keçirilən proses başa çatıb.Vəkil Əsabəli Mustafayev “Media forum” saytına deyib ki, hakim Rizvan Cəfərovun sədrliyi ilə keçirilən prosesə İlqar Rzayevin özünü də gətiriblər. Apellyasiya şikayətində Nərimanov Rayon Məhkəməsinin İlqar Rzayev haqda çıxardığı 2 il müddətinə azadlıqdan məhrumetmə qərarının ləğvi və ona bəraət verilməsi istənilib. Bu gün prosesdə danışan vəkil və təqsirləndirilən də bəraət hökmü çıxarılması tələbi irəli sürüblər. Amma hakim Nərimanov Rayon Məhkəməsinin hökmünü qüvvədə saxlayıb.

İlqar Rzayev Bakının mərkəzində aparılan yeniliklər zamanı evi uçurulmuş Şirinbacı Rzayevanın oğludur. Şirinbacı Rzayeva müxalif İctimai Palatanın aprelin 22-də Bakıda keçirdiyi mitinqdə söz alaraq hakimiyyəti sərt tənqid edib. Bundan sonra İlqar Rzayevin ailəsinin yaşadığı evi söküblər, Şirinbacı Rzayevanı və onun digər oğlunu işdən çıxarıblar.

Qeyd edək ki, İlqar Rzayev mayın 11-də tutulub. Nərimanov Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə təqsirli bilərək məhkum edib.