Dəhşət doğrudanmı var?

Bəzən biz yazarlara deyirlər ki, niyə hamı ilə dava edirsiniz. Bəs kimlərlə edirik davanı? Əsas hədəfimiz aydındır: bu oğru, yalançı, talançı hakimiyyət. Amma bizim yazıların hədəfləri başqaları da olur. Niyə də olmasınlar? Məsələn:
– Susa-susa danışanlar. 10-cu dərəcəli problemlərdən danışırlar. Sanki təhlükəsiz və ziyansızdırlar, amma ölkənin durulmasına böyük ziyan vururlar. Onlar bu hakimiyyətin güc ağacına su verənlərdir. Toplumu hədəfdən yayındırırlar.
– Yalanı fərqli fikir və söz azadlığı kimi təqdim edənlər. Guya demokratiya, söz azadlığı, plüralizm nümunəsidir bunların dediyi. Amma avtoritarizmin işinə qulp tuturlar. Həqiqətin aydınlaşmasına böyük əngəllər yaradırlar. Yalan danışırlar.
– Satılmağı dəyişmək kimi təlqin edənlər. Hamı görür hər şeyi. Elçibəy 1993-də hakimiyyətdən devrilib. Onun müavinləri, məsələn, Fazil Mustafa 2004-də dedi ki, Elçibəyin siyasi modeli yanlış idi. Yaxşı, hakimiyyətdə olanda görmədiniz, niyə bəs bu model bitəndən 10 ilə sonra, məhz Elçibəy öləndən və mandat alandan sonra deyirsiniz onun uğursuzluğunu. Uğursuzluqdan dərhal sonra niyə demirdiniz?
– “Müxalifət də iqtidarın tayıdır” deyib kənara çəkildiyini deyənlər. Amma elə hey bu sözü söyləyirlər, kənarda da deyillər. Meydan sulayırlar.
– “Xeyri yoxdur” deyə-deyə ziyan vuranlar. Sanki müdrik, xeyirxah insanlardır. Amma əslində ən böyük ziyanı aşılayırlar: bu iqtidar olub, olacaq.
Dava etdiyimiz insanların heç birindən şəxsən pislik görməmişik. Yeri gəlsə, o adamlardan biz də faydalana bilərik. Nədənsə, onların fayda vermək imkanı da var. Amma biz görürük ki, bu insanlar aşkar ziyanvuruculardır, satqınlıq və mütilik həvariləridir. Onlar bu hakimiyyətə can verirlər. Müxalifəti, yazmağı və mübarizəni səmərəsiz, vaxtıkeçmiş, hətta ziyanlı göstərmək üçün min oyundan çıxırlar, yeni psevdoyollar təklif edirlər. Ən müxtəlif hiylələrlə xalqı bu hakimiyyətlə barışmağa yönəldirlər.
Biz də bunlarla barışmırıq. Adımızı qoyublar hamı ilə dava edən radikal, anarxist və cığal köşə yazarları. Bunlar hökumətlə yumşaq münasibətlərin daha düzgün olması haqda nəzəriyyələr düzəldirlər, amma özləri haqqında yazılanda düşük təhqirlərə keçirlər.  
Müxtəlif qruplardan uzun illərdir bizə açıq şəkildə deyirlər ki, bəyənmirsiniz, onda buyurun siz bir iş görün. Hətta bunu içində olduğumuz müxalifətdən də deyirlər. Bəs bunlar bizim birgə çalışmamız deyildimi? Tutaq ki, bizim gördüyümüz bir iş deyil. Siz isə doğrudan da işləyirsiniz, lap nəticənin yoxluğuna görə də sizi günahkar saymırıq…
Amma buyurun, “özləri də iş görsünlər” deyənlərə cavab. Biz illərdir AŞ PA da “kürü diplomatiyası”na yandaşlıq edən xeyirxah və gülərüz hüquq müdafiəçilərini tənqid etdik, AŞ PA-da başqa xətlə iş aparmağın vacibliyini dedik, nəhayət, bu işi görənlər ortaya çıxdı, koordinasiya yarandı, “kürü diplomatiyası” aşkar məğlub edildi. Məgər bu iş deyil? Özünüz indi bu işi tərifləyirsiniz! Indi yada salın: Ştrasserə qarşı iş aparanlar kimi idi…
Sonuncu fikir həm də Müsavat başqanı Isa Qəmbərin partiya məclisində hüquq müdafiəçiləri ilə bağlı səsləndirdiyi tezisə münasibətdir. Daha bir misal. “Eurovizion” dövründə bir kampaniya başladıq. Yaxşı iş görüldü. Müxalifət də gözəl çalışdı. Nəticə qoyduq. Iş deyildimi? Bəs bizə qarşı təbliğat aparan kim idi? Bu kampaniyanın önündə olan Leyla Yunusu gözdən salan hansı partiyanın üzvü idi? O adamı tənqid etmək indi guya Müsavata qarşı olmaqdır? Bizim bunda nə marağımız ola bilər? Hər şey bir yana, bu qədər fədakar müsavatçıya qarşı bu haqsızlığı edə bilərikmi?
Hüquq müdafiəçilərinə zəng etmək məgər onları toxunulmaz edir? Onlara əlaqələrinə görə zəng etdiyimizi desək, bu, atmaca kimi görünəcək. Amma burda ziddiyyət var ki? Təcili yardıma zəng edirik deyə, səhiyyəni tənqid etməyək? Daha zəng etmərik…
…Biz yazılarımızda həm mitinq təbliğatı aparırıq, bəzən həm də onun yaratdığı ruh düşkünlüyünü aradan qaldırırıq. Həm də hamı kimi mitinqə çıxırıq. Sadəcə hamının gördüyü işin qulpundan yapışmışıq, amma birdən görəndə ki, bu işi aparanlar yanlışdır, yazırıq bu haqda, müxalifəti də tənqid edirik. Məgər bu qəribədir? Bəs söz azadlığı? Bu cəhətimiz indi ona görə adi hal deyil ki, o şeyləri danışmağa partiyalarda o qədər də rahat mühit yoxdur. Hətta partiya öz üzvünü qurban da verir belə anlarda. Bəzən də otaqda dediyimiz sözlərin eşidilmədiyini görüb, qəzetdə yazırıq. Bəlli ziyanı da olur. Amma düşünürük ki, xeyri daha vacibdir.
Başqa bir problemə baxaq. Mirzə Sakit kimi fədakar bir adamın “Azadlıq” qəzetindən uzaqlaşması niyə baş tutdu? Anlaşılmazlığı həll etmək olardı. Indi bəzən Mirzənin məni də açmayan hirsli açıqlamalarını görürəm. Amma adamı bu həddə niyə gətirdiniz? Onun haqqını necə deməyəsən? Demədikcə, utanırsan, deyirsən də, davakar olursan. Uzun müddət öncə təklif etdim ki, “Azadlıq” qəzeti tanınmış 3 nəfəri yazı ombudsmanı seçsin – mübahisələri həll etmək üçün. Bu cür hallar da yaranmasın. Bu, dünyada ən yaxşı ənənədir. Qəzetin təsisçisi kollektivdirsə, niyə Rahim Hacıyev mənim bu təklifimin qəzetdə səslənməsinə belə icazə vermədi?!
Elə şeylər var ki, susmaq olmaz. Susanda yalan danışırsan sanki. Elə götürək hakimiyyətlə müxalifət arasında olan danışıqları. Bu barədə eşidib, necə danışmayasan?! Gördünüzmü, indi, bəlli olur ki, bu danışıqlar var. Tutaq ki, Isa bəyin dediyi kimi, zondaj üsulu ilə olandır. Amma varmış ki! Arada QHT rəhbərlərinin, jurnalistlərin, dostların olduğunu deyirsiniz. Varmış ki! Əli Kərimli niyə açıqlamır öz fikrini? Görək o hansı üsulda danışığın getdiyini deyir? Hər ikisinin müavinləri, ümumiyyətlə, inkar etmişdi bu danışıqları.
Yadınızdadırsa, bir vaxtlar Isa Qəmbər hakimiyyətə dialoq təklif etmişdi. Əleyhinə fikirlər səsləndirildi. Mən isə başqanı müdafiə etdim, çünki o bunu açıq şəkildə söyləmişdi. Gizlin bir iş yox idi. Amma indi hansısa zondaj danışıqları gedir, bu haqda kimlərsə yazır, biz soruşanda pis oluruq. Niyə gizlinlər olmalıdır? Əli Həsənovla danışıqlara qatılan hansı QHT rəhbərini biz qınadıq iştiraka görə? Aşkar bir görüş idi – mənasız olsa da. O zaman mən yazmışdım ki, bu formatda danışıq olmaz və danışıqlar öncə siyasi müxalifətlə olmalıdır. Amma biz gizli danışıqların nə gerçəyinə, nə yalanına sakit dayana bilərik.
Isa bəyin kampaniya adlandırdığı məqaləm də buna görə yazılmışdı. Indi bu necə ola bilər? Gizlin danışıqlar həm var, həm də yoxdur? Cəmiyyəti niyə bürüdü bu söhbətlər? Niyə müxalifət haqda bu fikirlər, hətta şayiə olsa belə yaranmalıdır? “Müxalifət də iqtidarın tayıdır” fikrinin güclənməsi üçünmü? Yuxarıda yazdığım “xeyri yoxdur” deyənlərin sırasının artması üçünmü? Iqtidarın güclü görünməsi, müxalifətin zəifləməsi üçünmü? Mən anlamıram. Ona görə də “Yeni Müsavat”a da suallar verdim. Niyə yazırlar, yazırlarsa, niyə danışıq aparanları yazmırlar. Indi bəlli olur ki, deməzsənmi, bu suallar da Müsavat partiyasına qarşıdır. Isa bəy maraqlı mövqe qoyub: “Yeni Müsavat”ın yazılarını söz azadlığı, mənim yazdığımı kampaniya adlandırır. Amma mən onun əks mövqe səsləndirməsinə etiraz etmirəm. Sadəcə ona bir yazışmanı oxumağı təklif edirəm. Bir halda ki, Facebook yazışmaları qəzetlərdə yayıla bilir, gəlin daha bir yazışmaya da baxaq.
Oktyabrın 10-da “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli belə bir status yazmışdı: SIYASƏTIN, QƏZETÇILIYIN NƏ OLDUĞUNU ANLAMAYAN, “YENI MÜSAVAT”IN GÖRDÜYÜ IŞLƏRIN, APARDIĞI MÜBARIZƏNIN YÜZDƏ BIRINI ETMƏK GÜCÜNDƏ OLMAYAN QARAGURUH, AZƏR RƏŞIDOĞLU DEMIŞ, ZOMBILƏŞMIŞ BIRILƏRI ÜÇÜN YAZI… (qəzetin iqtidar-müxalifət danışığı ilə bağlı məqaləyə aid açıqlaması link olunur)

Burada şərhlər başlayır:

Sultan Murad (açıqlamadakı yazının başlığı ilə mətni uyğun olmaması fikrinə münasibət bildirir): Elə isə niyə başlıq mətnə tərs mütənasib verilir. Zatən irad da bunadır. Mətni daha açıq ifadə edən başlıq qoymaq olmazdımı? Təbii ki, deyəcəksiniz ki bu, “Yeni Müsavat” qəzetçiliyinin üsuludur. Əcəb üsuldur.

Elşad Məmmədli: Sultan bəy, Azərbaycanda nə qədər ki, siyasi müxalifət özünün görməli olduğu işləri biz qəzetçilərdən tələb edəcək, o zamana qədər də oturub yazıları təftiş edib qaragüruhla məşğul olmaqda davam edəcək.

Sultan Murad: Tamam, nə zamandan bu qəzetlər siyasi müxalifətin kənarında olduqlarını bəyan ediblər ki?! Etsəydilər, mən sizinlə tam razı… Yəni toplum onları müxalifətin iradəsi olaraq görür, bəlkə mən yanılıram…

Elşad Məmmədli: Sultan bəy, əslində partiyalar hər zaman qəzetlərin kənarında olublar Azərbaycanda. Cəmi bircə həftə “Yeni Müsavat”, “Azadlıq” qəzetləri dayansın, görək müxalifətin var-yoxluğu harada bilinəcək. Gülər Əhmədova olayında cəmi 50 nəfərlik aksiya keçirə bilməyən qaragüruh qüvvələr elə ucadan qəzetlərin üzərinə gəlirlər ki, az qala kiməsə borcumuz var onların əvəzindən mübarizə aparmağa. Azərbaycan insanını getdikcə qəzetin və siyasi müxalifətin fərqli olduğuna alışdırmaq ehtiyacı var.
(söhbət davam edir və bu yazının müəllifi də qatılır)

Şahvələd Çobanoğlu: Elşad, müxalifətdən kiminlə danışıqlar gedir, bu haqda sizdə məlumat varmı? Məsələn, hansı partiya ilə? Çox maraqlıdır…))))

Elşad Məmmədli: Bəli Şahvələd bəy, bizdə məlumat var, məhz həmin prosesdə iştirak edən şəxslərdən biri tərəfindən məlumat verilib, amma prosesi açıq şəkildə yazmaq, iştirakçıları tirajlamağı doğru hesab etmədik. Hətta bəzi mətləbləri də gizli tutmağa qərar verdik, bunları yazsaydıq, daha dəhşətli bir mənzərə ortada olacaqdı.

Şahvələd Çobanoğlu: Dəhşət derkən..? Yəni nə? Həqiqətin bilinməsi dəhşətlimi? Doğru olmazmı bu açıla?

Elşad Məmmədli: Bəli, elə həqiqətlər var ki, onların bilinməsini, ən azı adları çəkmək dəhşət olardı. Biz sadəcə həmin yazıyla, qayğılanan qüvvələrin ayaqda olmasını istədik və ən əsası, xəbəri yaydıq.

Şahvələd Çobanoğlu: Elşad, dəhşət o şeylərin gizlində olması deyilmi? Həqiqət necə dəhşətli ola bilər axı? Xalqın bir şeyi bilməsi yaxşıdır ancaq… Dəhşət olub nolacaq ki?! Lap olsun dəhşət, amma həqiqəti biləcək xalqımız…
Mən də bunu soruşmuşdum, deyilən dəhşət doğrudanmı var? Mən bizi zəif salan daha bir məsələni sorğulamışdım? Kiməsə bir pis söz varmı burada? Kiməsə mane olmuram bu suallarla?!