Bu, Əliyevlər hakimiyətidir!

Nə yolla olur olsun onlar bu hakimiyəti sürdürməyə çalışırlar – yalnız acgözlüklərinə, indikindən qat-qat artıq milyardlara yiyələnmək istəklərinə görə yox, bəlkə də, daha çox uzun illər yol verdikləri, törətdikləri cinayətlərə görə. Bu versiyanı E.Abdullayevin yayımladığı videomateriallar bütünlüklə doğrulayır. Baxırsan, başdan ayağa kriminallaşmış mafiya dövlətində yaşadığını görürsən. Düşünməyə yer qalmır, görürsən – E.Abdullayevin yayımlamalarının dəyəri də bundadır. 
Hamı Gülər Əhmədovadan yapışıb – hamımızın gözəl tanıdığmız Zahid Oruc da. Bəlli olduğu kimi, Z.Oruc danışanlardan deyil, danışdırılanlardandır: “Yaxşı bilirik ki, sözügedən video realdır və cinayət hadisəsidir. Lakin prokurorluq da bununla bağlı konkret addımlar atmalıdır”. Aydındır: tutulsun, damlansın. Axı, “Gülər Əhmədova mövzusunda söz-söhbət genişlənəcək”. Bilindiyi kimi, bu söz-söhbətlər mandat alveri üzərində qurulmuş parlamentlə qapanıb qalmır. Videomaterialların ilkin yayılması dönəmində ölkədə 19 illik mandat alverinin bir neçə başlıca fiqurantlarından olan administrator-akademik bu işi özünə qarşı “təxribat” adlandırmışdı. Onda onlar videomaterialın “montaj” olduğunu deyirdilər. Indi çıxılmazlıqdan Z.Oruca “video realdır” dedirdirlər, özü də açıq-açığına bu reallığın Gülərlə qapanmasına çalışırlar. Gülər tutulsun, bitsin. Videomaterialların sonrakı yayımları Güləri arxa plana keçirir, önə prezident başda olmaqla hakimiyətin başında duranlar çıxırsa, onda necə? Onda hakimiyət komandası siyasi-yuridik baxımdan ISTEFA qaçılmazlığı ilə üzləşir!!!
Bir neçə gün qabaq yaydığı bilgiyə görə, E.Abdullayev 2003-dən, KQB mayoru olmuş qardaşının oğurlanmasından indiyədək, 9 il (doqquz il!) bütün hakimiyət strukturlarına dönə-dönə üz tutub: ortaya qardaşının harda, necə tutulması ilə bağlı, danılmaz, vazkeçilməz faktlar qoymaqla. Sonuc nə olub? Bakı lotuları yox, ən aşağılardan tutmuş, ən yuxarılaradək hamısı bir-birinə bağlı hakimiyət-mafiya adamları onu Məşədi Ibaddan pis günə qoyublar. Qohumlarından birinin dediyinə görə, universiteti əlindən almayacalarına, qardaşını qaytaracaqlarına söz verməklə E.Abdullayevdən 20 milyon manatadək pul alıblar. Biz videomateriallarda o adamların eləsilə birbaşa, eləsiylə dolayı olaraq yaxından tanış ola bilirik. Onların arasında Fəlsəfə elmləri doktoru adını daşıyanlar da var, gizli dövlət qurumlarında işləyənlər də: danışıqlarından, davranışlarından göründüyü kimi, hamısı savadsız, səviyyəsiz… hamısı küçə adamı yerindədir.
Videogörüntülərin ilkin yayımında baş prokuror Z.Qaralov teleekranlardan demişdi: “E.Abdullayev düz adam idisə indiyədək niyə susurdu?”. Dediyinə görə, E.Abdullayev qardaşının oğurlanması faktı ilə bağlı təkcə prezidentlə xanımına (YUNESKO-nun xoşməramlı səfiri!) 230 məktub yollayıb. Hamısı bir yana, ölkə prokurorluğu böyük bir cinayət faktı ilə bağlı yazılmış bu 230 məktubun necə oluğunu, onlara niyə görə indiyədək reaksiya verilmədiyini öyrənməyə, bu faktla bağlı ayrıca cinayət işi açmağa borcludur. Bəlkə, prezidentə göndərilən məktublar oğurlanır. Bəlkə, prezident özünə açılmamış məktublar kolleksiyası düzəldir.
E.Abdullayevin yeni videoyayımından bilindiyinə görə, KQB mayoru Mahiri, demək olar, prezident I.Əliyevin yanından oğurlayıblar. Videomaterialdan bilindiyinə görə, I.Əliyev Mahiri yanına çığırıb, onunla şəkil çəkdirib, sonra da Mahir yoxa çıxıb. Sonra da E.Abdullayev qardaşının tapılması üçün prezident ailəsinə 230 məktub yazıb. Z.Qaralov bu 230 məktub faktı ilə bağlı araşdırma aparmalıdır: kim bilir, bəlkə, E.Abdullayev düz danışmır, dövlət strukturlarında yüksək yer tutan mütəşəkkil cinayətkar dəstənin adam oğurluğu (burada KQB mayoru) ilə bağlı prezidentə 229 məktub yazır, deyir, 230 məktub yazmışam.