«Bu səfərlərdə məqsəd Azərbaycanda demokratik proseslərin getməsi üçün əməkdaşlıq mühitinin formalaşdırılmasıdır»
Son zamanlar xarici diplomatların Azərbaycana səfərləri intensivləşib. Ekspertlərin fikrincə, müşahidə olunan proseslər seçkilərə bir il qalmış heç də təsadüfi deyil. Azərbaycana rəsmilərin səfərlərinin intensivləşdiyi əsas ölkələrdən biri ABŞ-dır.
ABŞ dövlət katibinin beynəlxalq kommunikasiyalar və informasiya siyasəti üzrə köməkçisi Filipp Vervi noyabrın əvvəllərində Azərbaycana gələcək. Filipp Verfi noyabrın 6-9-da Bakıda keçiriləcək Internetin Idarə Edilməsi Forumuna qatılacaq ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
F.Vervidən əvvəl isə dövlət katibinin daha bir köməkçisi Erik Rubin səfər etmişdi. Maraqlı məqam ondan ibarətdir ki, ölkəmizə səfər edən yüksək çinli ABŞ diplomatları demokratiya ilə bağlı mesajlar verməklə qarşıdan gələn seçkilərin Azərbaycanın demokratikləşməsi baxımından vacib olduğunu vurğulayırlar.
Siyasi ekspert Rahim Hacıyev vurğuladı ki, hazırkı hakimiyyət ənənəsinə sadiq qalaraq 2013-cü il seçkilərini saxtalaşdırmaq niyyətini açıq ortaya qoyub. Azərbaycanda demokratik seçki mühitinin formalaşması üçün hakimiyyətin heç bir addım atmadığını deyən R.Hacıyev qeyd etdi ki, nə siyasi, nə də hüquqi sahədə ölkədəki mövcud mühitin dəyişdirilməsi istiqamətində heç bir təşəbbüs yoxdur: “Qeyd etmək lazımdır ki, son dövrlərdə bütün dünya üzrə ABŞ demokratiya sahəsində çox ciddi diqqət verməsinin şahidiyik. Bu baxımdan da ABŞ hökuməti nümayəndələrinin Azərbaycana səfərinin şahidiyik. Onu da qeyd etmək lazımdır ki, seçkilərdən çox-çox qabaq seçkilərin taleyi həll olunur. Seçkilərə az müddət qalmış ölkədəki problemləri həll etmək mümkün deyil. Ona görə də görünür, Vaşinqtonda hesab edirlər ki, ABŞ rəsmilərinin intensiv səfərləri vacibdir. Bu səfərlərdə, heç şübhəsiz, məqsəd Azərbaycanda demokratik proseslərin getməsi üçün əməkdaşlıq mühitinin formalaşdırılmasıdır. ABŞ rəsmiləri tez-tez öz çıxışlarında dövlət katibinin ABŞ-ın demokratiyanın dəstəklənməsi istiqamətində addımlar atmaqda israrlı olduğunu diqqətə çatdırırlar. Bu o deməkdir ki, pərdəarxası görüşlərdə də məhz Azərbaycanda 2013-cü ildə keçirilən seçkilər müzakirə olunur”.
R.Hacıyevin sözlərinə görə, ABŞ səfirinin mətbuatımızda dərc olunan müsahibələrində Vaşinqtonun demokratik dəyərlərə sadiq olmasını dönə-dönə vurğulaması təsadüfi deyil. R.Hacıyevin fikrincə, ABŞ diplomatlarının və səfirinin Azərbaycanda da demokratik proseslərin inkişafına təkan verilməsi üçün hökumətlə əməkdaşlığa hazır olduqlarını vurğulaması təsadüfi deyil. R.Hacıyev hesab edir ki, bu onu göstərir ki, seçkilərə hələ xeyli qalmış ABŞ hökuməti emissarları vasitəsilə vurğulamağa çalışır ki, məqsədləri demokratik proseslərə təkan verməklə ölkədə normal seçkinin keçirilməsinə şərait yaratmaqdır: “Dünya miqyasında Azərbaycan hakimiyyətinə qarşı kifayət qədər ciddi kampaniya gedir. Ilk növbədə bu beynəlxalq təşkilatların hakimiyyətə verdikləri qiymətdə, eyni zamanda beynəlxalq mətbuatın Azərbaycanda baş verənlərə diqqət göstərməsi aysberqin görünən kiçik bir hissəsidir. Heç bir şübhə yoxdur ki, bütün bu proseslər aparıcı dövlətlərin birbaşa iştirakı olmadan mümkün deyil”.
Xəyal