13 aksiyaçıya görə təzminat tələbləri qoyuldu

Müxalif fəalların oktyabrın 20-də Bakıda keçirdiyi aksiyada həbs olunan 13 nəfərin işindən apellyasiya şikayətləri verilib. Vəkil Əsabəli Mustafayev “Media forum” saytına bildirib ki, apellyasiya şikayətlərində Səbail, Binəqədi və Nəsimi rayon məhkəmələrinin inzibati həbs haqqında qərarlarının ləğvini istəyiblər: “Şikayətdə qeyd etmişik ki, inzibati həbs qərarları qanunsuz və ədalətsizdir, tutulan 13 nəfərə bəraət verilməlidir. Həbs olunanların azadlıq, ədalətli araşdırma və sərbəst toplaşmaq hüquqları pozulub. Ona görə də dövlətdən təzminat tələb edirik. Dövlətin həbs olunanların hər birinə 6 min manat təzminat verməsi tələbi qoyulub. AXCP sədrinin müşaviri Şakir Abbasov fiziki təzyiqə məruz qalıb, ona xəsarət yetirilib. Şakir Abbasova 10 min manat təzminat ödənilməsini istəyirik”.

20 oktyabr aksiyasında başlıca tələb parlamentin buraxılması, yeni parlament seçkisinin keçirilməsi olub. Həmin gün Müsavat Partiyasının mərkəzi qərargahı qarşısında etiraz yürüşü keçirilib, sonra aksiyaçılar paytaxtın Fəvvarələr meydanında və ona yaxın ərazilərdə etiraz şüarları səsləndiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin razılıq vermədiyi aksiyada polis əməkdaşları və mülki geyimli şəxslər iştirakçılara güc tətbiq edib.

Aksiyaya görə 13 nəfərə inzibati həbs verilib:

Tural Abbaslı, Müsavat – 10 sutka
Əhəd Məmmədli, Müsavat – 10 sutka
Vaqif Xalıqov, AXCP – 10 sutka
Şakir Abbasov, AXCP – 10 sutka
Dəyanət Babayev, AXCP – 10 sutka
Rüfət Hacıbəyli, Müsavat – 9 sutka
Təzəxan Mirələmli, AXCP – 8 sutka
Əbülfəz Qurbanlı, AXCP – 8 sutka
Elşad Budaqov, Müsavat – 7 sutka
Şahin Mirzəyev, Müsavat – 7 sutka
Bəhruz Həsənov, AXCP – 7 sutka
Turqut Qəmbər, “Nida” Vətəndaş Hərəkatı – 7 sutka
Ülvi Həsənli, “Azad Gənclik” Təşkilatı – 7 sutka.