Türkiyə Suriya ilə sərhəddə müdafiə sistemi qurdu

Daha bir general Bəşər Əsəddən aralanaraq müxaliflərin tərəfinə keçdi

Suriyada Bəşər Əsədin əmrindəki əsgərlərlə müxalif silahlılar arasında toqquşmalar davam edir. Müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusu yaydığı açıqlamasında hökumət qüvvələrinin müxaliflərə yönəlik hücumları zamanı iki gün ərzində 25 nəfərin öldüyünü bildirib. Suriya Insan Haqları Təşkilatı əməliyyatların Dəməşq, Hələb, Deyr əz Zor, Idlib, Dəraa, Homs, Həma və digər strateji şəhərlərdə keçirildiyini açıqlayıb. Azad Suriya Ordusu qarşıdurmalarda Bəşər Əsədin ordusuna aid 67 əsgərin öldüldüyünü bildirib.
Bu arada, Suriyada Əsəd rejiminə qarşı etirazlar başlanandan bu yana bir ilk yaşanıb. Suriyanın ilk qadın generallarından biri Zübeydə əl Məkki Azad Suriya Ordusuna qoşulub. Dəməşq yaxınlığındakı bir hərbi bazada general olaraq xidmət keçən Zübeydə əl Məkki üsyançıların tərəfinə keçdiyini bildirib.
Bundan başqa, Türkiyə-Suriya sərhədində yenidən silahlı insident baş verib. Suriyadan atılan təyyarə əleyhinə mərmi Türkiyənin Hatay şəhərindəki tibb məntəqəsinə ziyan vurub. 6 santimetr ölçüdə olan mərmi Reyhanlı rayonundakı məntəqənin boş otağına düşərək, divara dəyib. Hadisə nəticəsində xoşbəxtlikdən ölən və ya yaralanan olmayıb. Türkiyə isə son və əvvəlki hadisələri nəzərə alaraq, Suriya ilə sərhəddə raketdən müdafiə sistemləri qurub. Şanlıurfa vilayətinin Suriya sərhədinə yaxın bölgələrində qurulan sistemin Əsəd rejiminin əlindəki rus istehsalı olan raketlərə qarşı olduğu deyilir.