Heydər Əliyevin heykəli Mexikonu qarışdırıb

Şəhər rəhbərliyi etirazların araşdırılmasına qərar verib; komissiya yaradılır

Azərbaycan keçmiş rəhbəri Heydər Əliyevin Meksika paytaxtı Mexikoda qoyulmuş heykəli ətrafında yaranmış qalmaqal davam edir. Ötən ay bir qrup meksikalı hüquq müdafiəçisi və ictimai fəalın Heydər Əliyevin heykəli qarşısında aksiya keçirərək abidənin qoyulmasına etirazlarını bildiriblər. Onlar Azərabcaydan insan haqları və söz azadlığının məhdudlaşdırılması prosesinin məhz Heydər Əliyevin hakimiyyəti illərində başlandığını əsas gətiriblər.

Mexiko şəhər rəhbərliyi də bu etirazları nəzərə alaraq xüsusi araşdırma komissiyası yaradıb. Həmin komissiya Heydər Əliyevin heykəlinin qoyulmasının qanunazidd tərəflərini araşdırmalı olacaq. Araşdırmalardan sonra komissiyanın xüsusi rəyi hazırlanacaq və paytaxt rəhbərliyinə təqdim ediləcək. Mexiko şəhər meriyasının şöbə müdiri Felipe Lil “Associated Press” agentliyinə açıqlamasında bildirib ki, yaradılmış komissiya etirazları obyektiv araşdıracaq.

Azərbaycanın Meksikadakı səfirliyinin katibi Manuel Luna agentliyə deyib ki, Heydər Əliyevin parkdakı heykəlinin götürülməsi şəhər üçün problelər yarada bilər. Çünki parkın salınması və heykəlin orada saxlanması müqavilə ilə tənzimlənib. Həmin müqavilənin müddəti isə 99 ildir. Katib iki ölkə arasında da diplomatik problemlər yarana biləcəyini də istisna etməyib.