Həcdə ölən azərbaycanlı zəvvarın hekayəti “Azadlıq”da

«Ürəyinə dammışdı ki, orada öləcək»

Bu il Həcc ziyarətinə yollanmış zəvvarlarımızdan biri – 1947-ci il təvəllüdlü Bakı sakini Raziyə Hidayətova oktyabrın 20-də dünyasını dəyişib. Qafqaz Müsəlmanları Idarəsinin mətbuat xidmətinin məlumatında bildirilir ki, ixtisasca həkim olan xanım zəvvar Raziyə Hidayətovaònın sübh namazından sonra özünü pis hiss etdiyi qeyd edilib. Ona ilkin tibbi yardım göstərilib. Ancaq həkimlərin səylərinə baxmayaraq, zəvvar xanım bir qədər sonra ürək çatışmazlığından dünyasını dəyişib. Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunub. Raziyə Hidayətova Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışırdı.

“Raziyə xanımın həmişə yeri görünəcək”

Hər il Həcc ziyarətinə milyonlarla insan ziyarətə gedir. Bu cür ölüm çox nadir hallarda olur. Və qaydalara görə, müqəddəs torpağa ziyarətə gedənlər dünyalarını dəyişərlərsə, Məkkədə dəfn olurlar. Deyirlər ki, məhz əməlisaleh insanlara belə bir şərəfli ölüm nəsib olur.
Ötən gün mərhum Raziyə Hidayətovanın işlədiyi xəstəxanaya baş çəkib həkimlərlə söhbət etmək qərarına gəldik. Çünki belə insanların həyatı həmişə cəmiyyət üçün maraqlıdır. Söhbət etdiyimiz həkimlər Raziyə Hidayətovanın itkisiylə barışa bilmirlər.

Baş həkim Tamilla Kərimova uzun illərdir mərhumla bir yerdə işləyir. Əvvəllər Səhiyyə Nazirliyinin tərkibində yaradılmış komissiyanın üzvləri olublar, daha sonra isə 8 saylı poliklinikada çalışıblar. Tamilla Kərimova deyir ki, Raziyə Hidayətova Həcc ziyarətinə getməzdən öncə işə gəlib bütün həkimlərdən halallıq alıb: “Hansı həkim ki, işdə olmayıb onların bir-bir evinə zəng edib. O, mənim sağ qolum idi. Indi elə bil, qolumun biri yoxdur”.
Obliqat qrupunun şöbə müdiri Sürayə Ismayılova Raziyə xanımın işlədiyi sahədə sahə həkimi kimi işə başlayıb: “Sahədə hamı onun necə yaxşı həkim olduğunu deyirdi, biz onu başqa sahədə də müraciət edəndə heç vaxt bizi cavabsız buraxmırdı. Görünür, qismət belə imiş. Raziyə xanımın həmişə yeri görünəcək”.

“Mən Allahın yolunda ziyarətə gedəcəyəm”

3-cü Terapiyanın şöbə müdiri Aybəniz Əliyeva Raziyə xanım haqqında keçmiş zamanda danışmağın onun üçün çox çətin olduğunu söyləyir: “Raziyə xanımla 1977-ci ildən – 35 il burada işləmişəm. 1979-cu ildən Raziyə xanım baş həkimin Ekspertiza üzrə müavini təyin edilib. Bu müddət ərzində o, özünü yaxşı təşkilatçı və yaxşı ekspert kimi göstərə bilmişdi. Xəstələrə qarşı həmişə diqqətli, eyni zamanda yaxşı ana, mehriban nənə idi. Işə yeni qəbul olunan həkimlərdən də öz təcrübəsini əsirgəməyib”.

Həkim-revmatoloq Labudə Zeynalova 1979-cu ildən 8 saylı poliklinikada işləyib: “Raziyə xanım haqqında danışmaq çox çətindir. Ziyarətə getməzdən əvvəl onunla söhbətimiz oldu. Dedik bəlkə müalicə alasınız, sonra gedərsiniz, o dedi ki, mən Allahın yolunda ziyarətə gedəcəyəm”.
Həkim-oftalmoloq Zülfiyyə Balakişiyeva deyir ki, bu poliklinikaya işə gələndə Raziyə xanım barəsində təəssüratım başqa cür idi. Ancaq sonradan Raziyə xanım barəsində düşüncələrində yanılır: “Ona müraciət edəndə hər şeyi bizə çox dəqiq başa salırdı”.
Həkim-nevrapotoloq Gülyaz Məsimova işlədiyi xəstəxanaya böyük itki baş verdiyini dilə gətirir.
Raziyə xanımın otağına da baş çəkirik. Stulu boşdu, sahibini gözləyir. Otaqda olan xanım təkcə bunları deyə bilir: “Ürəyinə dammışdı ki, orada öləcək”.

“Qəhrəman kimi doğulmuşdu, qəhrəman kimi öldü”

8 saylı poliklinikadan ayrılıb, Raziyə Hidayətovanın yaşadığı ünvana yollanırıq. Qapını evin tək övladı Səidə xanım açır. Iki otaqlı mənzildə bizi Raziyə xanımın əkiz bacısı Mərziyə Imanlıdan başqa kiçik bacıları Bəstixanım Məlikovayla Sevda Cabbarova salamlayır.
Raziyə Hidayətova 1947-ci ildə Salyanda anadan olub. 1965-ci ildə Salyan şəhər 2 nömrəli orta məktəbi əkiz bacısıyla birlikdə qızıl medalla bitirib. Elə hər iki bacı bir il fərq ilə (1971-1972-ci illərdə) Tibb Universitetinin müalicə-proflaktika fakültəsini fərqlənmə diplomuyla bitiriblər. Ümumiyyətlə, Raziyə xanımın böyüdüyü evdə ondan başqa beş bacı böyüyüb ki, onların üçü həkim, üçü isə müəllim peşəsinə yiyələnib. Universiteti bitirəndən sonra Mərziyə xanım Neftçalaya işləməyə gedir, Raziyə xanım isə Bakıda qalmalı olur.
Bəstixanım Məlikova deyir ki, bacısı çox çətin sınaqlarla üz-üzə qalmalı olub: “Yoldaşı cavan rəhmət gedib. Bir uşağı olub. Ömrünü də ona sərf edib. Kişi qeyrətli bir xanım idi. Qəhrəman kimi doğulmuşdu, qəhrəman kimi öldü. Keşməkeşli həyat yaşayıb, çox zəhmətkeş, ədalətli, düzgün insan idi. Nə olursa olsun, sözün düzün deyərdi. Yaltaqlanmaq, yarınmaq onda yox idi. Hamının sevincinə sevinirdi, kədərinə şərik olurdu. Bu il nəvəsinin universitetə qəbul olunması onu çox sevindirdi”.
Mərziyə Imanlı deyir ki, xəstə və yaxud sağlam olmasından asılı olmayaraq hər yerə özünü çatdırıb: “Həyat yoldaşını çox tez itirib, ancaq buna baxmayaraq onun qohumlarıyla daim münasibətdə olub. Hər yerə gedərdi. Bəzən bizim gedə bilmədiyimiz məclislərə belə gedirdi. Hansı xəstənin dərmanı almağa pulu yox idisə, cibinin puluyla ona yardım edərdi”.
Mərhumun bacıları Raziyə Hidayətovanın Həcc ziyarətinə getməsini belə təsvir edirlər. Belə ki, mərhum Məşhədə də, Kərbəla ziyarətinə də Mərziyə xanımla gedib. Bu ilin aprel ayında Həccə getmək üçün sənədlərini hazırlayıb. Iyun ayında Mərziyə xanım infarkt keçirdiyi üçün həkimlər builki ziyarətə geməyinə icazə vermir. Ancaq Raziyə xanım Həccə tək də olsa gedəcəyini bildirir: “Biz dedik ki, gözlə, gələn il birlikdə gedərsiniz. O cavab verdi ki, gələn il vəziyyəti daha da ağır olacaq. Ona görə bu dəfə gedəcək. Həcc ziyarətinə getmək üçün möhkəm müalicə də almışdı”.

Ailənin tək təsəllisi…

Ailəsi sonuncu dəfə Raziyə xanımla oktyabrın 19-da axşam saatlarında əlaqə saxlayıb: “Səsi zəif gəlirdi. Dedi ki, Ümrə ziyarətini tamamlamışam. Sonradan otaq yoldaşından öyrəndik ki, ziyarət edəndən sonra burada dünyasını dəyişməsini arzulayıb. Bizimlə danışan günün səhəri – oktyabrın 20-də sübh namazından sonra vəfat edib”.
Mərziyə xanım deyir ki, bacısı Həcc ziyarətində dünyasını dəyişəcəyini öncədən hiss edibmiş: “Bacım savadlı həkim idi. Bilirdi ki, bu ziyarətə onun gücü çatmayacaq, çünki oralar çox isti olur. Bu ölüm Allah yolunda, cihad kimi bir şeydi. Bilə-bilə bu ziyarətə getdi. Deyirdi narahat olmayın, görsəm ki, vəziyyətim ağırdı, yeriyə bilmirəm ”kolyaska”da ziyarət edəcəm. Tək təsəllimiz budur ki, Həcc ziyarətində ölüb”.
Bacılar Raziyə xanımla bağlı maraqlı bir məlumatı da bizə danışdılar. Sən demə, Qarabağ müharibəsi zamanı indiki baş həkim Tamilla xanımdan əvvəl 8 saylı poliklinikanın baş həkimi müharibə zonasında həkimlərə ehtiyac olduğunu dilə gətirib və ora könüllü getmək üçün həkim lazım olduğunu bildirib. Heç kimdən səs çıxmayıb, yalnız Raziyə xanım ora getməyə razılıq verib. Ancaq sonradan onu da göndərməyiblər.

***

Belə. Biz Raziyə xanımın yaşadığı evi tərk edirik. Ailə tək bir təsəlliylə üz-üzədir. Onları bu təsəlliylə baş-başa buraxıb redaksiyaya dönürük…

Ramin DEKO