Hakimiyyət Elçibəyin qəbirini açmaq niyyətini ciddiləşdirir

Baş Prokurorluğun açıqlaması hansı mətləblərdən xəbər verir?

Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, keçmiş prezident Əbülfəz Elçibəyin qəbirini açmağa hazırlığın getdiyi haqda məlumatlara Baş Prokurorluq münasibət bildirib.
Baş Prokuruluğun mətbuat xidmətindən Modern.az-a bildirlib ki, Cinayət-Prosessual Məcəllənin 237-ci maddəsinə əsasən meyitin qəbirdən çıxarılması müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında yalnız məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

“Ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələri meyitin qəbirdən çıxarılması istintaq hərəkətində iştirak edə bilərlər. Cinayət-Prosessual qanunvericiliyində ölmüş şəxsin yaxın qohumları və ya qanuni nümayəndələrindən meyitin eksqumasiyası ilə bağlı razılıq alınmasına dair hər hansı bir müddəa nəzərdə tutulmamışdır.
Qeyd edilən cinayət işi üzrə mərhum eks-prezidentin meyitinin qəbirdən çıxarılması zərurəti yaranarsa həmin proses Cinayət-Prosessual qanunvericiliyinin tələblərinə müvafiq olaraq yalnız məhkəmənin qərarı əsasında həyata keçirilə bilər”, – deyə məlumatda qeyd olunur.

Baş Prokurorluğun açıqlaması əslində, hakimiyyətin Əbülfəz Elçibəyin zəhərlənməsi absurdunu davam etdirmək niyyətində olduğuna dair narahatlıqları artırır. Aydın olur ki, ailə üzvlərinin, yaxınlarının, ölkə ictimaiyyətinin etirazlarına baxmayaraq, hakimiyyət Elçibəyin qəbirini açmaq kimi avantüraya belə gedə bilər. Bu isə “zəhərlənmə şousu” ilə hakimiyyətin həm də mərhum Elçibəyə hörəmətsizlik etdiyi haqda xəbərdarlıqları aktuallaşdırır. Başqa sözlə, sağlığında Elçibəyə gün verməyən, onu hər imkanda aşağılayan, hətta cəfəng məhkəmə prosesinə çəkib mühakimə edən hakimiyyətin davamçıları indi də Milli Azadlıq Hərəkatının liderinə hörmətsizliklərini onun meyitini qəbirdən çıxarmaqla göstərmək isətyirlər. Bunun üçün də indidən “hüquqi-prosessual” əsaslar yaratmağa girişiblər.
Məsələni diqqətdə saxlamağa, Elçibəy ailəsinin və ölkə ictimaiyyətinin bu məsələyə münasibətini öyrənməyə çalışacağıq.

İnformasiya şöbəsi