Ərturqut Əliyev: «Atamın zəhərlənməsi ilə bağlı qaldırılan cinayət işinin qapadılmasını tələb edirik»
“Istintaq Elçibəyin ailəsinə ümumiyyətlə müraciət etməyib. Biz nə yazılı, nə şifahi formada istintaqa dəvət edilmişik. Bundan başqa, istintaq prosesi haqqında da heç bir bilgimiz yoxdur. Indi bəzi saytlar yazır ki, önəmli faktlar aşkarlayıblar və atamın məzarının açılmasına hazırlıq gedir. Ancaq bizə bu məsələ ilə bağlı rəsmi xəbər verilməyib”.
Bu sözləri “Yeni Müsavat”a eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev verib. Xatırladaq ki, bir sıra media orqanları Hafiz Hacıyevin iddiası əsasında eks-prezident Elçibəyin zəhərlənərək öldürülməsi üzrə açılan cinayət işində önəmli dəlillər əldə edildiyi və dəlillərin sübutu üçün məzarın açılmasına hazırlıq aparıldığını yazıb.
Ə.Əliyevin sözlərinə görə, ailəsi məzarın açılması məsələsinin gündəmə gətirilməsindən rahatsız olsa da bunun gerçəkləşəcəyini ehtimal etmir: “Məzarın açılması məsələsinə bizim münasibətimiz öncədən bəllidir. Elçibəyin ailəsi bu məsələyə birmənalı etiraz edir. Ailə dedikdə anamı və hazırda Türkiyədə yaşayan bacımı nəzərdə tuturam. Istintaqın verəcəyi heç bir açıqlama bizi fikrimizdən döndərə bilməz. Bir məsələni də deyim ki, biz qəbrin açılacağını düşünmürük.
Ə.Əliyev deyib ki, bu məsələ rəhmətlik Turqut Özalın məsələsi ilə eyniləşdirilə bilməz: “Çünki ailəsi zəhərlənmə ehtimalını prezident Özal vəfat edəndən dərhal sonra səsləndirmişdi. Bizim ailənin isə belə bir iddiası olmayıb.
Əbülfəz Elçibəyin Azərbaycan üçün dəyərli bir insan olduğunu deməyimə heç bir ehtiyac yoxdur. Əgər onun ruhunun narahat edilməsinə yönəlik bir qərar qəbul edilsə, biz bütün mümkün hüquqi vasitələrlə buna etirazımızı bildirəcəyik.
Elçibəyin ailəsi adından danışa bilən şəxs onun oğludur. Anam da, Türkiyədə yaşayan bacım da ailənin sözçüsü missiyasını mənə verib. Almurad əmimin dediklərindən xəbərim yoxdur. Ancaq onun bizim ailəmizlə müəyyən fikir ayrılıqlarının olduğu çoxdankı məsələdir. Atamın qəbir üstünün götürülməsində də onunla fikrimiz fərqli idi. Bunu bir dəfə mətbuat konfransından demişdim, bir daha deyirəm – Elçibəyin ailəsi adından yalnız mən danışıram. Hamının qardaşı ola bilər. Almurad əmi bizim ağsaqqalımızdır, şəxsi məsələlərdə onun sözü keçərlidir. Ancaq bu məsələdə ailənin qərarı mənim dilimdən səslənən sözlərdir. Bacımla da danışdım – biz nəinki məzarın açılmasına etiraz edirik, eyni zamanda saxta ittihamla açılan cinayət işinin dərhal qapadılmasını istəyirik”.