Elşad Abdullayevin növbəti uğursuz cəhdi

Elşad Abdullayevin yaydığı son videomaterial, demə, Daxili Işlər Nazirliyinin, şəxsən Ramil Usubovun nüfuzuna xələl-filan gətirmirmiş; çünki 2003-cü ildə aparılan bu danışıqdan düz 5 il sonra 7-ci şöbənin Abbasquliyev soyadlı əməkdaşı hansısa səbəbdən işdən çıxarılıbmış və deməli, DIN-in məsuliyyətdən azad olması üçün “əsası” varmış – nə polis sıralarına rüşvətlə işə qəbul faktını araşdırmağa dəyər, nə də cinayətlə bağlı DIN əməkdaşının söylədiklərinə əhəmiyyət verməyə.
DIN-in mətbuat katibi Sadiq Gözəlov belə düşünür. Həm də çox hörmətli Gözəlovun məntiqi ilə, “Elşad Abdullayevin yaydığı həmin videogörüntü onun növbəti uğursuz cəhdindən başqa bir şey deyil”.
“Növbəti uğursuz cəhdmi?” Elşad Abdullayevin bu vaxta qədər yaydığı və ictimaiyyətdə ciddi müzakirələrə səbəb olan görüntüləri DIN doğrudanmı “uğursuz cəhd” adlandırmaq istiqamətində fəaliyyətə başlayıb?
Görünür ki, belədir: yoxsa, Gülər Əhmədova Bakı Dövlət Universitetində işə çıxmaz və dərs saatının sakit şəraitdə keçməsi üçün təhsil müəssisəsinin rəhbərliyi iki nəfəri auditoriyanın qapısı ağzına gözətçi qoymazdı; YAP Yasamal rayon təşkilatının sədri, axır ki, sağalıb işə çıxar və sabiq deputatın partiya sıralarından xaric olunması məsələsi gündəmə gələrdi…
Guya Baş Prokurorluğun cinayət işi ilə bağlı araşdırmasının nəticəsini gözləyirlər; guya hüquqi prosedurlara əməl edirlər. Videomaterialın reallığı əks etdirdiyini hətta deputat Zahid Oruc açıqlayırsa, Gülər Əhmədovanın dələduz olduğunu hətta YAP icra katibi Əli Əhmədov bəyan edirsə, Prokurorluq bir aydır hansı cinayəti araşdırmaqla məşğuldur, nəyi “aydınlaşdıra” bilmir?
Bu hakimiyyət haqqında mediada bircə kəlmə, sosial şəbəkədə bircə status yazan şəxslə bağlı “əməliyyat məlumatı” daxil olan kimi hüquq-mühafizə orqanları dərhal hərəkətə keçirsə, istintaq müddətində adamı cəmiyyətdən təcrid edirlərsə, Gülər Əhmədovanı niyə ictimaiyyətdən ayırmaq yolunu seçmirlər? Deputat mandatından imtina edən şəxsin BDU-da işə çıxması, qəzet təsisçisi kimi bir media qurumunda fəaliyyətinin bərpası “istintaqın işinə maneə” sayılmırmı?
Cəmiyyətdə hansı fikri formalaşdırmaq istəyirlər? Gülər Əhmədova olayını getdikcə arxa plana keçirməkdirmi əsas hədəf?
Artıq “Elşad Abdullayevin uğursuz cəhdləri” ritorikası meydana gəlir, Gülər Əhmədovanın siyasi-ictimai bərpa prosesinə şərait yaradılır.
Hamını isə bir sual maraqlandırır: Əli Əhmədov kimi YAP mötəbərinin də dələduz, mənəviyyatsız, əxlaqsız saydığı qadın BDU tələbələrinə hansı meyarlarla dərs deyir? “Gündə min xoruzla yüz dəfə hinə girən fərə” adlandırdıqları və şəxsiyyətini təhqir etdikləri bir adamın ölkənin gələcəyi olan gənclərə nə öyrətməsini arzulayırlar: dələduzduq, mənəviyyatsızlıq, əxlaqsızlıq, yoxsa rüşvət yığma metodları, xoruzlarla hinə girməyin yollarını?
Hansısa şəxsin siyasi fəaliyyətinə görə “cinayətkar çıxarılması” prosesi başlayanda nəinki özünü, bütün nəslini doğulduğuna peşman eləyirlər; adamın şəcərəsini arayıb-axtarıb tapırlar, işlədiyi qurumlardan çölə atılır, hər yerdə maneələr yaradırlar. Ancaq…
Baş prokuror Zakir Qaralovun “cinayətkar” adlandırdığı Elşad Abdullayevin qardaşı Baş Prokurorluqdakı vəzifəsini davam etdirir; Gülər Əhmədovaya, deputatlıq istisna olmaqla, başqa fəaliyyətində hətta yardımçı olurlar, baş verə biləcək “narahatlığın” qarşısını almaq üçün böyrünə güdükçülər düzüb, qarovulçuluğunu yapırlar.
Qorxurlarmı? Elşad Abdullayevin daha çox fakt yaymasının qarşısını almaq üçünmü özlərini “demokrat” göstərir, “cinayətkarın” qohumlarına dəymirlər? Ya “ağzının açılmaması” üçün Gülər Əhmədovanın qulluğunda dururlar?
Bəlkə, YAP-çıların təfəkkür tərzi dələduz, əxlaqsız, rüşvətxor… yaramazları cinayətkar kimi həbs etməyə imkan vermir? Çünki qurduqları sistemin mahiyyəti elə bundan ibarətdir: aldatmaq, rüşvət almaq, korrupsiya ilə büdcəni dağıtmaq, Möhtərəmin seçdiyi deputat yerlərini bir-iki milyona cinayətkar yaramazlara satmaq, adam oğurlamaq, öldürmək, mafiozluqla məşğul olmaq… Azərbaycanda “normal” idarəetmə forması sayılır.