Qubad İbadoğlu: «Biznes təşəbbüslərinin genişləndirilməsi üçün iqtisadi sistemdə ciddi liberallaşdırmaya ehtiyac var»
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası işgüzarlıq mühitinə dair hesabat açıqlayıb. Kiçik və orta biznesi tənzimləyən qaydaların nə dərəcədə effektiv olduğunu ifadə edən illik hesabatda birincilik Sinqapura verilib. Qonşu Gürcüstan (9-cu yer) ilk onluğa düşüb.
“Azadlıq” radiosunun məlumatına görə, 67-ci yeri tutan Azərbaycan Moldova (83), Rusiya (112), Ukraynanı (137) qabaqlasa da, siyahıda Ermənistan (32), Belarus (49) və Qazaxıstandan (58) sonra gəlir.
Biznesə əlverişli ölkələrin ilk 10-luğu belədir: Sinqapur, Honkonq, Çin, Yeni Zelandiya, ABŞ, Danimarka, Norveç, Böyük Britaniya, Cənubi Koreya, Gürcüstan və Avstraliya.
Bəs Azərbaycanın bu cür mövqedə qərarlaşmasının səbəbi nədir? Baş verənlərə hansı məmurlar günahkardır?
Iqtisadçı Qubad Ibadoğlunun fikrincə, hər şeydən əvvəl Azərbaycanda bu sahədə qanunvericilikdəki çatışmazlıq ölkəmizin bu istiqamətdə geri qalmasının səbəblərindən biridir: “Bizim sahibkarlığa dair qanunvericiliyimiz Avropa standartlarına uyğunlaşdırılmayıb. Ölkəmizin bu hesabatda geri qalmasının bir səbəbi budur. Ikinci bir səbəb ölkəmizdəki inzibati baryerlərdir. Apardığımız tədqiqatar göstərir ki, şirkətlər əməliyyat aparılması, lisenziyalaşdırma ilə bağlı ciddi əngəllərlə üzləşirlər. Əlavə xərc və vaxt itkisinə səbəb olan prosedurlar son nəticədə biznes şəraitinin pisləşməsini şərtləndirir. Ən pis də ondan ibarətdir ki, Azərbaycanda korrupsiya ciddi narahatlıq doğurur. Çünki biznesdə müəyyən imtiyazlar əldə etməkdən ötrü ödənişləri qeyri-rəsmi şəkildə həyata keçirirlər. Bu isə biznesin xərcləmələrini artırır. Biznes təşəbbüslərinin genişləndirilməsi üçün eyni zamanda iqtisadi sistemdə ciddi liberallaşdırmaya ehtiyac var”.
Xəyal