“Azadlıq”a basqılar pik həddə çatıb

Qəzetə kəsilən cərimələrin məbləği 60 min manatı keçdi

“Azadlıq” qəzetinə kəsilən cərimələrin məbləği 60 min manatı ötdü. Metropoliten rəisi Tağı Əhmədovun iddiası əsasında kəsilən 30 minlik, nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun iddiası əsasında kəsilən 4 minlik cərimədən sonra “Azadlıq” qəzeti yenidən 30 min manat dəyərində cərimələndi. Qəzet bu dəfə Binə Ticarət Mərkəzinin sahibi Kəbirə Məmmədovanın qəzəbinə tuş gəldi.
Prosesin bununla bitməyəcəyi və ayrı-ayrı məmurların “Azadlıq”ı cərimələtmək üçün sıraya düzüləcəyi şübhəsizdir. Amma məsələ burasındadır ki, bu işin sonunda ən çox zərər görən elə bu məmurların və iddiaçıların özləri olacaq. Bu gün “Azadlıq”ı cərimələtməklə hakimiyyətə xoş görünməyə çalışan, ölkə rəhbərliyinə xidmət etdiyini düşünənlər əslində elə ən böyük zərbəni prezidentin özünə vurmuş olurlar. Əlbət ki, yuxarıda göstərilən məbləğ onsuz da çətin şərtlər altında çıxan, ciddi maliyyə sıxıntısı yaşayan “Azadlıq” qəzeti üçün kifayət qədər böyükdür. Amma istənilən halda – ən müxtəlif fədakarlıqlar hesabına olsa belə, qəzet bu ağır durumdan çıxa biləcək.
“Azadlıq”ı cərimələdənlərin Ilham Əliyevin beynəlxalq aləmdəki imicinə vurduğu zərərin hesabını isə heç nə ilə ödəmək mümkün olmayacaq. Əliyevlərin adı növbəti dəfə mətbuatı boğan “yırtıcıların” siyahısına düşəcək. Demək ki, məmurlar heç fərqində olmadan da Ilham Əliyevin əleyhinə işləyirlər.

“Hakimiyyət bu yolla ”Azadlıq”dan çox özünü pis vəziyyətə salır”

“Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev hesab edir ki, bu repressiya dalğasının bir səbəbi var, o da qəzetin bağlanmasına nail olmaq: “Sifariş birmənalı olaraq hakimiyyətdən gəlir. Yüksək məbləğli cərimələrlə ”Azadlıq”ı çökdürmək, qəzetin birdəfəlik bağlanmasına nail olmaq istəyirlər. Əks halda bir-birinin ardınca bu qədər cərimələr kəsilməzdi. Qəzetin vəziyyəti onsuz da ağırdır. Bu tərəfdən də cərimələrlə zərbə vurmaq istəyirlər”.   
R.Hacıyev hesab edir ki, hakimiyyət bu yolla “Azadlıq”dan çox özünü pis vəziyyətə salmış olur: “Azadlıq”a kəsilən cərimələr, qəzetin bu formada sıxışdırılması mütləq şəkildə beynəlxalq hesabatlarda əksini tapacaq. Azərbaycan hökumətinin adı növbəti dəfə qara siyahılara düşəcək. Və seçki öncəsi Ilham Əliyevin imicinə böyük zərbə dəyəcək. Hakimiyyət öz əli ilə özünü rüsvay edir. Onsuz da bu təzyiqlər bizi mövqeyimizdən çəkindirə bilməz. Bizi çətin duruma sala bilərlər, amma susdura bilməzlər”.

“Azadlıq”ı çökdürmək sifarişi hakimiyyətdən gəlir”

“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev deyir ki, “Azadlıq”ı cərimələr altında çökdürmək sifarişi hakimiyyətdən gəlir: “Azərbaycan məhkəmələri azad olmadığı üçün istənilən sifarişi yerinə yetirirlər. Bu sifariş siyasi xarakter daşıyanda isə onun icra edilməsinə şəkk-şübhə qalmır. Prosesin son vaxtlar artan xətt üzrə getməsinin səbəbi isə qarşıdan seçki ilinin gəlməsidir. Hər seçkidə olduğu kimi, bu dəfə də hakimiyyət öz ənənəsinə sadiq qalaraq azad mətbuatı boğmağa, onu mümkün olduğu qədər ələ almağa çalışır. Hökumətin çox ciddi daxili və xarici problemləri var. Mətbuatın da bu biri tərəfdən problem yaratmasına imkan vermək istəmirlər. ”Azadlıq”a olan sistemli basqıların əsas səbəblərindən biri budur”.