Abbas Abbasovu həbs təhlükəsi gözləyir

abbas abbasov3Onun İlham Əliyevlə görüşü ciddi qalmaqalla nəticələnə bilər

Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqının təsis olunması ərəfəsində qurumun sədri, baş nazirin sabiq müavini Abbas Abbasov ölkə başçısı Ilham Əliyevlə görüşməyə cəhd edib. Bu barədə “Azadlıq”a məlumat verən mənbənin sözlərinə görə, Ilham Əliyevin görüş təklifini rədd edib. Abbas Abbas bundan sonra bir neçə dəfə də ölkə başçısı ilə görüşməyə can atıb. Lakin səyləri uğursuzluqla nəticələnib. Onun Ilham Əliyevlə məhz bu təşkilatla bağlı görüşmək istədiyi bildirilir.
Təsadüfi deyil ki, Rusiyanın Azərbaycan Təşkilatları Ittifaqı təsis olunduqdan sonra YAP hakimiyyəti bu quruma qarşı hücuma keçdi. “Azadlıq” məlumat yaymışdı ki, Ilham Əliyev sözügedən təşkilatın yaranmasından məmnun qalmayıb. Hakimiyyətin Rusiya Azərbaycan Təşkilatları Ittifaqına hücumu onunla nəticələndi ki, qurum iki dəfə bəyanat yaydı. Birinci bəyanatda Ilham Əliyevdən sədaqətdən bəhs edilirdisə, ikinci bəyanatda qurumun olaraq fəaliyyətini dayandırdığı vurğulanırdı. Həmçinin qeyd olunurdu ki, Rusiya Azərbaycan Təşkilatları Ittifaqının gələcək taleyi bu görüşün nəticələrindən asılı olacaq.
Bəzi məlumatlara görə, bu dəfə görüş təklifi Ilham Əliyev tərəfdən gəlib. Abbas Abbasov isə belə görüşün olacağını dərhal ictimailəşdirib. Ötən sayımızda qeyd etmişdik ki, bu görüşdə Abbas Abbasovun Ilham Əliyevə Kremlin mesajlarını çatdıracağı ehtimal olunur. Azərbaycanla Rusiya arasında ciddi problemlərin olduğu bəllidir. Qəbələ RLS, transxəzər neft kəməri, Bakının Gürcüstanla isti münasibətləri, Rusiyadan maşın idxalının dayandırılması və s. bu kimi problemlər hələ də həllini tapmayıb. Güman edilir ki, Abbas Abbasov da əsasən bu məsələlərlə bağlı Rusiyanın şərtlərini Ilham Əliyevin diqqətinə çatdırıcaq.
Lakin “milyarderlər klubu”nun rəhbəri Ilham Əliyevə özlərinin şəxsi istəklərini də çatdıra bilər. Qeyd etmişdik ki, Rusiya Azərbaycan Təşkilatları Ittifaqında təmsil olunan nüfuzlu azərbaycanlılara Azərbaycanda bütün sahələrdə heç bir şans tanınmayıb. Bu isə milyarderləri hakimiyyətdən narazı salıb.
Bu arada baş verənlərlə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Məlumatı verən mənbə bildirib ki, Ilham Əliyevin Rusiya Azərbaycan Təşkilatları Ittifaqının təsis olunmasına o qədər qəzəblənib ki, bu məsələni sonu ciddi qalmaqalla nəticələnə bilər. Mənbə Ilham Əliyevin prosesləri hissləri ilə idarə edən bir şəxs olduğunu xatırladaraq Abbas Abbasovun həbs edilə biləcəyini vurğulayıb: “Bu gözləniləndir. Ilham Əliyev bərk qəzəblənib. Onun prosesləri hissləri ilə idarə etməsi isə aydın məsələdir. Bu baxımdan Abbas Abbasovun həbs olunma ehtimalı çoxdur. Onun həbsi isə ciddi qalmaqala səbəb olacaq”.

Namiq