ABŞ səfirinin adından spekulyasiya

Ekspertlər ABŞ-ın 2013 seçkilərində demokratiyanı dəstəkləyəcəyinə inanır

Zəfər Quliyev: «Azərbaycan reallığından baxanda səfirin üstüörtülü formada prezidentə dəstək nümayiş etdirdiyini görmək olar»

Rahim Hacıyev: «ABŞ, bütün çətinliklərə baxmayaraq, dünyada gedən demokratik prosesləri ciddi şəkildə dəstəkləyir»

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “Turan”a müsahibəsində ölkəsinin Aəzrbaycanda baş verən hadisələrə münasibətini açıqlayıb. Səfir həmçinin gələn il keçiriləcək prezident seçkilərində Ilham Əliyevin üçüncü dəfə namizədliyini irəli sürməsinə də toxunub. Ölkə başçısının üçüncü dəfə namizədliyini irəli sürüb-sürməyəcəyi məsələsinin əsas mövzu olmadığını deyən Morninqstar seçkilərin demokratik olub-olmayacağının əsas olduğunu bildirib. Səfirin bu açıqlaması birmənalı qarşılanmayıb. Bəziləri bunu ABŞ-ın Ilham Əliyevə dəstəyi kimi qəbul edib. Lakin fərqli fikirdə olanlar da az deyil. Əslində Morninqstar bununla nəyə işarə vurub?
Politoloq Zəfər Quliyev Morninqstarın fikirlərinin real konteksdə normal səsləndiyini deyir. Çünki ABŞ daima demokratiyanı dəstəkləyir və seçkinin də demokratik keçirilməsi onun üçün əsas məsələdir. Amma Azərbaycan reallığından baxanda səfirin üstüörtülü formada prezidentə dəstək nümayiş etdirdiyini görmək olar. Çünki ABŞ da gözəl anlayır ki, bir ilə demokratik seçkilərə nail olmaq mümkün deyil. Azərbaycandakı son illərdə keçirilən seçkilər isə getdikcə demokratiyadan uzaqlaşır. Ona görə Morninqstra vurğunu seçkinin demokratik keçirilməsinə qoyanda o biri məsələlər diqqətdən kənarda qalır.
Ekspertin fikrincə, səfirin dedikləri onu deməyə əsas verir ki, Ilham Əliyev üçüncü dəfə prezident seçilsə, ABŞ və ola bilsin bir çox beynəlxalq təşkilatlar seçkilərin demokratik şəraitdə keçirilmədiyini, ancaq demokratiyaya doğru daha bir addımın atıldığını deyəcək. Lakin bir şəxsin üçüncü dəfə seçilməsi məsələsi kənarda qalacaq.

Siyasi ekspert Rahim Hacıyev isə hesab edir ki, mahiyyət etibarı ilə Morninqstarın bu məsələyə münasibəti başqa cür ola bilməzdi. Çünki ABŞ, bütün çətinliklərə baxmayaraq, dünyada gedən demokratik prosesləri ciddi şəkildə dəstəkləyir. O cümlədən dünyadakı demokratikləşmə prosesi Azərbaycan hakimiyyətini də çıxılmaz vəziyyətə salıb. ABŞ-Azərbaycan münasibətləri kifayət qədər gərginləşib. ABŞ-da fəaliyyət göstərən mətbuat orqanlarının Azərbaycan hakimiyyətinin ifşa kampaniyasını aparması da bu gərginliyin göstəricisidir. Lakin başqa avtoritar rejimlər kimi Azərbaycan hakimiyyəti də müqavimət göstərir.
Ekspertin fikrincə, demokratikləşmə dalğasının Azərbaycana çatacağı şübhəsizdir. Bu məsələyə təkcə ABŞ-Azərbaycan münasibətləri kontekstində baxmaq düzgün olmaz. Bu yaxınlarda Avropa Şurasının qəbul etdiyi sənədlər də kifayət qədər əhəmiyyətlidir. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan hakimiyyəti beynəlxalq strukturlarla öz istəyinə uyğun davrana bilməyəcək. Artıq hakimiyyətə münasibət dəyişib. Qərb ölkələrində fəaliyyət göstərən təşkilatların, dövlət strukturlarının, mətbuat orqanlarının fəaliyyəti nəticəsində Azərbaycanda qatı avtoritar rejimin mövcudluğu bütün dünyaya sübut olunub. Bu mənada Morninqstar standart fikir səsləndirib. Əsas məsələ Ilham Əliyevin üçüncü dəfə seçkilərə qatılması yox, seçkilərin demokratik keçirilməsidir. Dünyada gedən proseslər isə göstərir ki, ABŞ 2013-cü ildə Azərbaycanda keçiriləcək seçkilərin demokratik keçirilməsi üçün səylər göstərəcək.