Metro tikintisi ilə əlaqədar olaraq Bakının bir çox yerlərində söküntü işləri aparırlır. Növbəti hədəf isə “Papanin” adlandırılan ərazidə yaşayan sakinlərin evləri olacaq. Bu barədə Modern.az-a Nəsimi Rayon İcra Hakimiyətinin başçısı Nəsib Məhəməliyev deyib.
İcra başçısı bildirib ki, evləri söküləcək sakinlər kompensasiya məsələsinə Maliyyə Nazirliyi nəzarət edəcək.
“Papanin” adlanan ərazidə, hərbi hospitalın yaxınlığında təxminən 101 fərdi ev söküləcək. Orada eyni zamanda bir neçə qeyri-yaşayış sahəsi də var ki, onlar da bu sıraya daxil olacaq. Bu söküntü metro tikintisi ilə əlaqədardır. Şərti adı B3-dür. Kompensasiyanı isə Maliyyə Nazirliyi qiymətləndirmə agentlikləri ilə birgə müəyyənləşdirir. Burada məsələyə spesifik yanaşma var. Belə ki, mənzilin sahəsi, ümumi təmir vəziyyəti nəzərə alınacaq. Elə mənzillər var ki, orta təmirli vəziyyətdə belə, deyil, təmiri yoxdur, bəzilərinin ümumiyyətlə heç bir sənədi yoxdur, bütün bunlar nəzərə alınıb, qiymətləndiriləcək. Bu məsələ ilə məşğul olan komissiyya fəaliyyət göstərir. Maliyə işləri Maliyə Nazirliyi tərəfindən tənzimlənir”.
N.Məhəməliyev onu da qeyd edib ki, “Xutor” dairəsində sökülən evlərə kompensasiyaların verilməsi məsələsində də sosial ədalət prinsiplərinə uyğun hərəkət edilir. İcra başçısı burada sökülən evlərə görə sakinlərə fərqli məbləğlərdə kompensasiyanın verilməsini belə izah edib:
“Bu da şəhərin mərkəzinə, çoxmərtəbəli böyük binalara, kənar yerlərdəki ərazilərə görə nəzərə alınır. Çünki bu yerlər arasındakı fərq özünü göstərir. “Xutor” adlanan yaşayış ərazisindəd də çoxlu sayda sənədsiz, heç bir şəraiti olmayan evlər var. Burada da komissiya sökülən evlərə fərdi yanaşır. Maliyə Nazirliyi, “Azəryolservis” bir çox strukturlarla birgə qiymətləndirmə işi aparır. Yəni hamı kompensasiya ilə təmin olunur”-.deyə icra başçısı qeyd edib.