Əhmədinejad həbsxanaya buraxılmadı

İran prezidentinin müşaviriylə görüş üçün müraciətlərinə rədd cavabı verilib

İran Ədliyyə Nazirliyi ölkə prezidenti Mahmud Əhmədinejada Tehranın Evin həbsxanasını ziyarət etməyə icazə verməyib. Əhmədinejad həbsdə olan mətbuat məsələləri üzrə müşaviri Əli Əkbər Cavanfikirə baş çəkmək istəyib. Bununla bağlı ölkənin Ədliyyə Nazirliyinə məktub yazan prezident həbsxana ziyarətinin təşkil edilməsini istəyib. Lakin nazirliyin mətbuat xidmətindən Əhmədinejada müsbət cavab verilməyib. Ona bildirilib ki, prezidentin həbsxanaya baş çəkməkdən daha mühüm işləri var.

Prezidentin görüşünə icazə verilməməsiylə bağlı Məhkəmə Sisteminin rəisi Sadiq Laricaniyə müraciət ünvanlayıb. Laricani də prezidentin müraciətini rədd edib. Əhmədinejad müraciətində hələ oktyabrın 7-də ədliyyə naziri vasitəsilə Evin zindanında görüş keçirmək istədiyini qurum rəsmilərinə bildirsə də, onların bunu təxirə saldığını yazıb.
Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında Əhmədinejadın qurum rəhbərliyinə məktubuna cavab verib. Ejei prezidentin zindanda görüşünün cəmiyyətdə müəyyən şübhələr yarada biləcəyini deyib:“Hazırda ölkənin əsas problemi bahalıq, inflyasiya, sanksiyalar və valyuta bazarında yaranmış gərgin vəziyyətdir. Məhz bunu nəzərə alaraq hesab edirik ki, görüşün belə şəraitdə keçirilməsi mümkün deyil. Biz bunu məqsədəuyğun saymırıq”.