“Gülər Əhmədova olayı” yenidən alovlanır

Deputat prokurorluğu niyə ittiham etdi?

Deputat Zahid Oruc “Gülər Əhmədova olayı” ilə bağlı cinayət işinin istintaqını aparan prokurorluğun ünvanına ittihamlar səsləndirib. “Publika.az” saytının yaydığı məlumata görə, deputat deyib ki, Gülər Əhmədovanın hazırkı statusunun nədən ibarət olduğu aydınlaşmalıdır.
Bəlli olmalıdır ki, o, külli miqdarda pul sövdələşməsi ittihamı ilə dindirilən, Elşad Abdullayevin qardaşı ilə bağlı kriminal hadisəyə yardımçı şəxs kimi cəlb olunan, yoxsa şantaj xarakterli videoda iştirakçı olan şəxsdir. Z.Oruca görə, cinayət işinin açılmasına baxmayaraq, cəmiyyət vaxtlı-vaxtında prosesin gedişi ilə məlumatlandırılmır. “Prokurorluq bu cinayət işini tələ, ictimai etirazları susdurmaq vasitəsi kimi deyil, qanunun tələbi naminə açdığını sübuta yetirməlidir. Bu halda onun əsasında dövlət sistemini, hakimiyyət institutlarının vəziyyətini hər gün öz maraqları çərçivəsində təhrif edənlərin arqumentləri tərksilah olunacaq. Bu mövzuda prokurorluqdan çox mətbuat və millət vəkilləri danışır. Sanki istintaq və əməliyyat tədbirlərini mətbuat və millət vəkilləri aparır. Nə vaxta qədər ki, ictimaiyyət bu mövzunun gedişatı ilə bağlı mütəmadi və dolğun məlumat almayacaq, Gülər Əhmədova mövzusunda söz-söhbət genişlənəcək. Onun atdığı hər addım, elədiyi hər hərəkət müzakirə predmeti olacaq, çoxlu mülahizə  və suallar yaradacaq”, – deyə Z.Oruc bildirib.
Deputat əlavə edib ki, G.Əhmədova həm də Respublika Uşaq Təşkilatının sədri olduğuna görə də gündəmə gələ bilər: “Onun Bakı Dövlət Universitetində, Respublika Uşaq Təşkilatında hər hansı bir fəaliyyətinin müzakirə olunmaması üçün konkret addımlar atılmalıdır. Gülər Əhmədovanın hüquqi statusu müəyyənləşməlidir. Yaxşı bilirik ki, sözügedən video realdır və cinayət hadisəsidir. Lakin prokurorluq da bununla bağlı konkret addımlar atmalıdır”.
Tanınmış vəkil Aslan Ismayılov isə “Azadlıq”a bildirib ki, artıq Gülər Əhmədova barədə həbs-qətimkan tədbiri seçilməli idi: “Cinayət ortadadır, hər şey göz qabağındadır. Gülər Əhmədova barədə həbs-qətimkan tədbiri seçilməsi üçün də xeyli müddət keçib. Bu müddət kifayət edir ki, prokurorluq həbs-qətimkan tədbiri seçsin”.
Bu arada qeyd edək ki, Zahid Orucun “Gülər Əhmədova olayı”nın yenidən alovlandırması və prokurorluğun ünvanına ittihamlar səsləndirməsi səbəbsiz deyil. Deputat Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin komandasının üzvü kimi tanınır. Qəzetimizin ötən saylarında məlumat vermişdik ki, Ramiz Mehdiyev Ilham Əliyevlə görüşündə “Gülər Əhmədova olayı”na görə baş prokuror Zakir Qaralovu və PA-nın hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovu suçlayıb. Ramiz Mehdiyevə görə onlar məqsədli şəkildə Gülər Əhmədova barədə videonun ictimailəşməsinə “yaşıl işıq” yandırıblar.
Indi Zahid Orucun qəfildən bu məsələ ilə bağlı danışması və prokurorluğu ittiham etməsi belə ehtimallara yol açıb ki, PA rəhbərinin komandası yenidən hücum əmri alıb.