Sabiq rektorun DIN-in 7-ci şöbəsinin əməkdaşı ilə söhbətinin mətni “Azadlıq”da
Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayevin əlində olan sensasion videokadrlardan növbətisini yayacağımız barədə məlumat vermişdik.
Bildirmişdik ki, həmin videoda Elşad Abdullayevin qardaşı Mahir Abdullayevlə bağlı olaydan söhbət gedir. Özünü Daxili Işlər Nazirliyinin (DIN) 7-ci şöbəsinin əməkdaşı kimi təqdim edən Rövşən Abbasquliyev adlı şəxs Elşad Abdullayevə bildirir ki, Mahir Abdullayev Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsində (BMCQMI) saxlanılır. O, bunun sözügedən şöbənin rəisindən eşitdiyini deyib. Lakin belə bir videonun redaksiyamıza daxil olması və onu yayacağımız barədə xəbər dərc etdikdən sonra Elşad Abdullayevin özü və vəkili Adil Ismayılov “Azadlıq”a müraciət edərək kadrın yayılmamasını xahiş etdilər. Onlar bunun Mahir Abdullayevlə itkin düşməsilə faktı aparılan istintaqın gedişinə mane ola biləcəyi ilə əsaslandırdılar. Biz də Elşad Abdullayevlə Adil Ismayılovun xahişini yerə salmayaraq videonu yaymadıq. Çünki “Azadlıq”ın məqsədi bu məsələdən şou düzəltmək yox, adam oğurluğu faktının açılmasıdır.
DIN və prokurorluq nə deyir?
Lakin bu günlərdə həmin video sosial şəbəkələrdə yayılıb. Artıq DIN də məsələyə münasibət bildirib. Nazirlikdən təsdiqləyiblər ki, videodakı şəxs həqiqətən də nazirliyin 7-ci şöbə adlanan xüsusi idarəsində işləyib. O, Rövşən Abbasquliyevdir. Məlumatda o da bildirilir ki, işdə yol verdiyi ciddi nöqsanlara görə, artıq 4 ildir işdən qovulub.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Azadlıq Radiosuna Rövşən Abbasquliyevin konkret hansı “ciddi nöqsan”a görə işdən çıxarıldığını demədi. Üstəlik də videogörüntüdə səslənən fikirlərə görə, ayrıca araşdırma aparılacağını da söyləmədi: “Bütün bunlar Elşad Abdullayevin qardaşının itməsi ilə bağlı məsələlərdir. Bizim hörmətli baş prokuror da bu günlərdə mətbuata dedi ki, Elşad Abdullayevin qardaşı ilə bağlı cinayət işi açılıb, hərtərəfli istintaq aparılır. Elşad Abdullayevin dedikləri, videogörüntülərin hamısı istintaqda var. Istintaq da hərtərəfli araşdırma aparıb qiymətini verəcək. Abbasquliyev adlı əməkdaş isə, loru dildə desək, Elşad Abdullayevin qılıncının dalı da, qabağı da kəsəndə, ABU-da rektor olanda, 5 il qabaq nazirin əmri ilə işdən uzaqlaşdırılıb”.
“Rövşən Abbasquliyev konkret hansı əməlinə görə işdən uzaqlaşdırılıb?” sualına dəqiq cavab ala bilmədik. Ehsan Zahidov sadəcə bunu dedi: “Polis DIN-dən kənarlaşdırılırsa, müsbət işinə görə olmur”. Ehsan Zahidova görə, videoda nazirliyin işi haqqında səslənən fikirlər nə nazirliyin, nə də nazir Ramil Usubovun işinə kölgə salır. “Bu, 5 il öncə daxili orqanlardan azad olunmuş bir adamın videogörüntüsüdür vəssalam”, – deyə o, söhbətə yekun vurub.
Rövşən Abbasquliyevlə bağlı Respublika Prokurorluğu ayrıca təhqiqat apara bilərmi? Respublika Prokurorluğu mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyir ki, Rövşən Abbasquliyevlə bağlı suallara, onun işindəki nöqsanların araşdırılması məsələsinə ancaq və ancaq DIN cavab verə bilər.
Hüquqşünas rəyi
“Bu, biabırçılıqdır və dərhal nazirlik baş verənlərə izahat verməlidir”. “Femida 007″ qəzetinin redaktoru və hüquqşünas Əyyub Kərimov belə deyir.
Əyyub Kərimovun dediyinə görə, DIN-dəki 7-ci şöbə birbaşa nazirə tabedir. “Bu, bəlkə də nazirə tabe olan yeganə idarədir. Belə bir idarənin əməkdaşı bu cür faktlar söyləyirsə, bu, biabırçılıqdır”, – deyir qəzet redaktoru.
Əyyub Kərimova görə, Rövşən Abbasquliyevin nazirliyin işi ilə bağlı söylədiyi fikirlər adi məsələ deyil və bu mütləq araşdırılmalıdır: “Əyyub Kərimov nazirliklə bağlı müsahibə verir və bənzətmə aparır. Buna görə az qala DIN Əyyub Kərimovu həbs etdirsin. Amma özlərinin əməkdaşı danışır, o isə sadəcə yol verdiyi nöqsana görə işdən çıxarılmaqla canını qurtarır? Hanı məsuliyyət? Bu, biabırçılıqdır. Şəxsən nazir aydınlıq gətirməlidir buna. Bu, nazirliyin ifşa olunmasıdır. Onda ictimaiyyətə açıqlama versinlər ki, həmin əməkdaşın yol verdiyi ciddi nöqsanlar nədən ibarətdir? Bu, cinayət məsuliyyəti yaradır, yaratmır? Ikincisi, sabiq polis işçisi olsa belə məsuliyyətə cəlb olunmalıdır. Nəyə əsaslanıb belə danışıb? Bir qəzet, bir jurnalist, hüquqşünas bir fikir deyən kimi şəxsən nazir məhkəmə qapılarından əl çəkmir. Indi nə oldu?”.
Gizli müşahidə həyata keçiririk
Sosial şəbəkələrdə yayılandan sonra “Azadlıq” olaraq həmin videonu qəzetimizin saytında yerləşdirmək və orada olan söhbətin mətnini oxuculara təqdim etmək qərarına gəldik.
Rövşən Abbasquliyev:
– Bu gün şəkəri qalxıb bir az.
Naməlum (sonrakı danışıqlarda belə anlaşılır ki, bu şəxs Elşad Abdullayevin qardaşlarından biridir):
– Əşi o qədər olur ki. Azərbaycanda hamı şəkərdi də.
R.A:
– Mənim atamda da var. Yaman axmaq şeydir.
Naməlum:
– …Azərbaycanda 84, Özbəkistanda 90 faiz. Amma Avropada 01-05 olur.
R.A:
– Ən çox Azərbaycandadır. Avropada özlərinə baxırlar axı. Yeməklərinə baxırlar, əsəbləşmirlər.
R.A:
– Allah bağışlasın Elşad müəllim. Mən sizin kiçiyiniz. Nə zaman, harada lazımdır quluğunuzda hazıram.
E.A:
– Indi yenə də ordasan, həmin vəzifədəsən? Necə gedir işlər?
R.A:
– Belə də şükür Allaha.
E.A:
– Incidib eləmirlər? Söz-söhbət yoxdur?
R.A:
– Yoxdur. Şükür Allaha.
E.A:
– Sənin o sözün deyəsən düzdür. O da sən deyən şeyi deyir.
R.A:
– Vallah Elşad müəllim, papacanı. Vallah qulaq eşitdiyini deyər…
E.A:
– Mənim tələbə yoldaşım olub, o da məni eyni şeyi deyir.
R.A:
– Vallah sizdən sonra bizim rəisi nazir çağırdı. Siz deyəsən nazirin qəbulunda oldunuz.
E.A:
– Mən getdim Ramil Usubovun qəbulunda oldum. Dedim bir tələbə yoldaşım, bir də hüquq fakultəsinin tələbəsi Rövşən…
R.A:
– Bəli, bəli çağırdı məni.
E.A:
– Sən “MVD”nin (DIN) özündə işləyirsən?
R.A:
– “MVD”nin “semyorkası” (7-ci şöbə). Bizim idarə burada Badamdarın böyründə yerləşir. Bizim nazirliyə aidiyyatımız yoxdur. Elə bil ki, nazirliyin əməkdaşlarıyıq, gizli müşahidə həyata keçiririk.
E.A:
– “Gənclik”dəkində?
R.A:
– Bəli, “Gənclik”dəkində. Atatürk prospektində məktəblə üzbəüz.
E.A:
– Birbaşa rəisin kimdir sənin?
Abbasquliyev:
– Mənim birbaşa rəisim Rauf müəllimdir. Birbaşa rəisim isə Ramil Usubovdur.
E.A:
– Daxili işlər naziri?
Abbasquliyev:
– Bəli, bəli.
E.A:
– Sənin birbaşa rəisin Vaqif olmalı idi…
R.A:
– Rauf müəllim mənim birbaşa rəisimdir.
E.A:
– Yox, Gündəlik rəisin…
R.A:
– Gündəlik rəisim Rauf müəllimdir. Amma biz tapşırıqları Vaqif müəllimdən alırıq.
Dedilər ki, onun dayısı “Bandotdel”dədir
E.A:
– Sən mənim canım, qadan alım. Mən yenə o məsələnin üstünə qayıdıram. Bir nəfər mənə bunu dedi. Biz bu məsələ ilə bağlı narahatıq. Mən bunu Ramil Usubova da dedim. Dedim ki, mən idim, qardaşım idi… Dedim ki, bir nəfər hüquq fakültəsindən idi. Heç adını demədim.
R.A:
– Elşad dayı, bilirsiniz, nətərdir? Söhbət necə açıldı? Mən sizə “doskanalnı” deyim.
E.A:
– (otaqdakı üçüncü şəxsə işarə edir) Özgə adam deyil. Doğma qardaşımdır.
R.A:
– Bilirəm, tanıyıram. Neçə dəfə görmüşəm.
E.A
– Tanıyırsan?
R.A:
– Hə tanıyıram. Neçə dəfə də görüşmüşük. Indi hər şey bir yana dursun. Biz Arazla dostuq. Bir yerdə oxuyuruq. Onun dayısınız. Deməli, mənim də dayımsız. Söhbət necə oldu. Bu Araz çox vurnuxdu ikinci kursdan polisə düzələcəm deyə. Bir-iki nəfərlə iş danışdılar. Nəsə iş alınmadı. Axırda mən buna dedim ki, ay Araz düzəlmək istəyirsən dayına get denən düzəltsin. Dedi yox. Dayım mənə deyib ki, polisə düzəlmə. Amma mən istəyirəm. Vəsiqə eşqinə düşüb. Dedim istəyirsən bizim idarədə imkan var.
E.A:
– Polis vəsiqəsi var idi axı onun?
R.A:
– Daha onu bilmirəm. Mən olanı deyirəm. Dedim ki, əgər meylin çəkirsə bizim idarəyə mən səni işə düzəldə bilərəm.
E.A:
– “Semyorka”ya?
R.A:
– Hə “semyorka”ya. Söhbət necə olub “doskanalnı” deyirəm. Siz özünüz sonra götür-qoy edin. Araz dedi hə nə olar. Gəldim girdim Vaqif Şərifovun yanına.
E.A:
– “Semyorka”nın rəisi?
R.A:
– Bəli, “semyorka”nın rəisinin. Girdim yanına. Özümü tərifləmək olmasın. Dedim ki, mən buranın fəal işçilərindən biriyəm. Bildiyiniz kimi tapşırıq verir, gəlirəm hesabat verirəm. Münasibət var. Gəldim girdim Vaqif müəllimin yanına. Dedim ki, belə bir yoldaş var, qohumumuzun bacısı oğludur. Bizə işə düzəlmək istəyir. Bəs filankəslərdəndir. Soruşdu, əsgərlikdə olub, hərbi bileti var? Dedim var. Bəs haranı qurtarıb? Dedim özəli qurtarıb. Dedi yox. Özəl bir qədər çətindir. Belə on beşədirsə, özəl ilə iyirmi minədir. Indi olan söhbəti eləyirəm. Dayı bacıoğlu kimi.
E.A:
– Dollar?
R.A:
– Hə, iyirmi min dollar pul istədi. Mən də gəldim Araza dedim ki, bu “yuxarı”dan gedir. Amma qələt eləyir. Əgər fikrin qətidirsə, on beş mini onun qabağına qoysaq, oyan-buyan etməyəcək. Sənin işin düzələcək. Araz dedi hə istəyirəm. Mən gəldim dedim ki, iyirmi min pulu yoxdur. Amma on beş min nəqd varıdı. Düzəldim. Sən öz xeyrini götür, mənə də xeyir odur ki, dostumdur yanımda işə düzəlib. Dedi hə istəyirəm. Üstündən bir, yoxsa iki gün keçmişdi gecə ilə Rauf müəllim mənim telefonuma zəng elədi. Dedi bəs Rövşən Arazın dayısını, yoxsa əmisini “Bandotel” aparıb. Bəs nə məsələdir? Mən bunu eşitmişəm. Onu da deyirəm.
Yolla gedəndə “Bandotdel” gəlib adamı “hopstop” eləyir
E.A:
– Mahir Arazın dayısıdır.
R.A:
– Hə, dayısını dedi ki, tutublar. “Banditizm” aparıb. Nə məsələdir? Dedim rəis vallah mən onu gündəlik görmürəm. Amma belə tez-tez görüşürük. Soruşaram.
E.A:
– Ayın neçəsi olub bu?
R.A:
– Seçkilərdən bir gün qabaq.
E.A:
– Ayın 14-ü.
R.A:
– Bəli seçkilər 15-i idi. Seçkilərdən bir gün qabaq.
E.A:
– Seçki oktyabrın 15-i olub.
R.A:
– Bəli, seçki 15-i olub. Ondan bir gün qabaq mənə belə zəng gəldi.
E.A:
– Biz tədbirdən axşam çıxanda ayın 13-ü idi.
R.A:
– Lənət şeytana. O mənə zəng vuranda ayın 13-i axşam idi. Yox lənət şeytana 14-ü axşam idi.
E.A:
– Yox on üçü axşam.
Abbasquliyev:
– Bəli-bəli.
E.A:
– Biz sonra görüşdük.
R.A:
– Yox biz 15-i görüşdük. Seçki günü.
Naməlum:
– Yeni Yasamalda görüşdük. “Medtexnikom”un qarşısında.
R.A:
– Biz seçkilər günü görüşdük. Indiyə kimi mənim yadımdadır. Çünki mən Biləcəridə seçki məntəqəsinin qarşısında idim.
E.A:
– Onda bizim görüşümüz 14-ü olub.
R.A:
– Mən bir dəqiqə sizə deyim. Mənə elə gəlir ki, 13-ü axşam mənə zəng gəlib.
E.A:
– Mənimlə ayın neçəsi görüşmüsən?
R.A:
– Yox, biz dəqiq 15-i görüşmüşük. Mən özüm Biləcəridə seçki məntəqəsinin qarşısında idim. Araza zəng elədim.
Yox, elə 14-ü axşam mənə zəng edib nə baş verdiyini soruşublar. Mən Araza zəng elədim. O mənimlə danışmaq istəmədi.
E.A:
– Ayın 14-ü neçədə idi zəng?
R.A:
– 14-ü deyim də saat axşam olardı. Görüşümüz isə saat 12-də oldu.
E.A:
– Axşam görüşdüz?
R.A:
– Yox, Arazla səhər görüşmüşəm. Mən zəngin axşam saatlarında olduğunu nəzərdə tuturam. Mənə zəng vuranda saat 9-da nə məsələ olduğunu soruşdular. Mən də dedim ki, nə bilim.
E.A:
– “Bandotel” iki cürdür. Bir var “qorodskoy”da Habil Quliyevinki, bir də var “Viloş”unku Vilayət Quliyevin. Vilayət də Quliyev gedir də? (Söhbət daxili işlər nazirinin müavini Vilayət Eyvazovdan gedir. O, zaman Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsinin rəisi olub)
R.A:
– Mən bilmədim də hansına aparıblar. Çünki mənə yalnız dedilər ki, “Banditizm”ə aparıblar. Mən götürüb axşam Araza zəng elədim. Araz telefonu qaldırmadı.
E.A:
– 14-ü?
R.A:
– Bəli, həmin gecə 14-ü. Artıq 15-i seçki məntəqəsinin qarşısından zəng elədim. Gördüm Araz birtəhər danışır. Soruşdum kimi aparıblar, nəyi aparıblar? Araz ayıldı. Başa düşdü ki, artıq söhbətdən mənim xəbərim var. Soruşdu ki, bəs hardasan. Dedim bəs Biləcəridəyəm. Dedi ki, gəl Yasamala görüşək. Dedimm gəlim də.
– E.A:
– Sənə artıq Vaqif Şərifov zəng eləmişdi? Xəbər tutan kimi Araza zəng elədin?
R.A:
– Bəli o dəqiqə Araza zəng elədim. Araz mənimlə nəm-nümlə danışdı. Həmin 14-ü axşamı. Mənə saat 9-da zəng edib bu xəbəri dedilər. Mən də 10, 10-nun yarısı üçün Araza zəng elədim. Gördüm ki, Araz mənimlə danışmaq istəmir. Artıq 15-i seçkilər günü zəng elədim ki, bəs nə məsələdir? Mənim də xəbərim var. Bu qayıtdı ki, gəl görüşək.
E.A:
– Harada görüşdünüz Arazla?
R.A:
– Elə Yasamalda, “Medtexnikom”un qabağında.
E.A:
– Axı “Medtexnikom”un qabağında mənimlə görüşdünüz.
R.A:
– Sonra sizə zəng vurdum. Siz gəldiniz. Arazla orada görüşdük. Araz sizə zəng vurdu və orada görüşdük. Bu dayı da (əli ilə qarşısında oturanı göstərir) orada idi. Siz ikivüz gəldiz. Necə olubsa, təfsilatı ilə danışdım. “Banditizm”in də elə şeyi var. Gecə ilə adamı gəlir evindən “hopstop” eləyib aparır.
E.A:
– “Banditizm” niyə belə edir? Gələ bilər deyə bilər filankəsəm.
R.A:
– Başa düşdüm. Amma onların iş strukturuna bir az bələdəm. Onlar yolla getdiyin yerdə gəlib tuturlar. Bir də üç gün sonra adamın yiyəsi xəbər tutur ki, bəs “Banditizm”dədir. Bu idarənin strukturunda bu var. Mən onların iclasında hərdən oluram. Görürəm bunu.
E.A:
– Mahir müəlim bandit deyil.
R.A:
– Mahir müəllimi siz belə tanıyırsız. Amma Mahir müəllim mənim xalam qızıgillə oturub-dururlar. Ailəvi dostluq edirlər.
Bir ay yığdılar məni boğaza
E.A:
– Kimdir sənin xalan qızı?
R.A:
– Mahrux. Mahrux Kəlbəcərlidir.
E.A:
– Mənim yoldaşımın tələbə yoldaşıdır. Kəlbəcərlidir?
R.A:
– Mənim xalam qızıdır. Mənim anam Qarabağlıdır. Mahruxun da anası Qarabağlıdır. Atası isə Kəlbəcərdəndir. Sabir əmi.
E.A
– Sabir kürddür? Mənim dostumdur Sabir.
R.A:
– Bəli.
E.A
– Onun yoldaşı bizdə işləyir. Elə Maxruxda bizdə işləyir.
R.A:
– Mahrux mənim doğmaca xalam qızıdır.
E.A:
– Onun xalası da bizdə işləyir.
R.A:
– Zemfira xala? Təzəlikcə olub onda. Xəbərim yoxdur.
E.A:
– Yox uzun müddətdir. Poliklinikada.
R.A:
– Sabunçuda.
E.A:
– Yox, burada (“ABU klinika”ya işarə edir)
R.A:
– Burdakından xəbərim yoxdur.
E.A:
– Oğlu da müstəntiqdir.
R.A:
– Bəli, Binəqədidə müstəntiqdir.
E.A:
– Natiq, Davud.
R.A:
– Yəni, dediyim odur ki, Mahir müəllimi bəlkə hər hansı qonaqlıqda görmüşəm. Amma belə tanımırdım. Bir də ki, “Quran” haqqı pislik mənasında yox?
E.A
– Mənə elə gəlir səninlə o, 13-ü danışıb. Biz 14-ü görüşmüşük.
R.A:
– Yox 15-i dəqiq. Milyon faiz. Biz 15-i saat 12-1 arası Yasamalda “Medtexnikom”un qarşısında görüşmüşük.
E.A:
– Seçki məntəqəsinin?
R.A:
– Bəli. Hələ siz qayıtdınız ki, dünən seçki ilə bağlı tədbir olub, biz orada iştirak eləmişik. Sizin belə bir sözünüz oldu. Tədbir olub “Əl Oyunlarında”?
E.A:
– Tofiq Bəhramov stadionunda. Çıxış oldu orada.
R.A:
– Bəli, bəli stadionda.
E.A:
– Indi mən sənə bir şey göstərim (Masanın üzərindəki jurnalları Abbasquliyevə göstərir). Bax bu “Olimpiya” jurnalında Mahirin şəkli var. Həqiqətən də Mahir müəllimin Ilham Əliyevlə ayın 13-də şəkli var. Bax bu Mahir müəllim, bu Azərbaycanın prezidenti Ilham Əliyev, baş nazir, idman naziri, ortada da Mahir müəllim.
R.A:
– Bilirəm. Mahir müəllimin orada çıxışı da olub.
E.A:
– Şəkildə ortada Mahir müəllimdir. Prezident dəvət edib Mahir müəllimi yanına. Bax bu Mahir müəllim (E.Abdullayev qardaşı olan şəkli Abbasquliyevə verir- red)
R.A:
– Mən Mahir müəllimi belə üzdən tanımıram.
E.A:
– Bax da. Bax tanı. Bax həmin şəkil jurnalda da var. Bu Azərbaycanın prezidenti Ilham Əliyev, baş nazir Artur Rəsizadə, idman naziri.
R.A:
– Aydındır. Mən soruşdum dedilər ki, fəal iştirak edənlərdən biri olub
E.A:
– “KQB”nin mayoru olub.
R.A:
– Bəli, “KQB”nin mayoru olub, professordur. Hamısını bildim.
E.A
– Yaxşı, belə bir adamı “semyorka” nə edir?
R.A:
– Bəs söhbət də ondan getdi. Mən də onu deyirəm. Amma bilirsiniz, rəislə işçinin münasibətində mən çox dərinə gedə bilmərəm. Sonra siz, dayı nazirin qəbulunda olandan sonra gəldi məni danladı açığı. Mən də dedim ki, siz mənə necə dediniz mən də elə elədim. Dediz maraqlan. Maraqlandım. Məndən soruşdular, hardan bilirsən bunları dedim ki, siz demisiz. Sonra Vaqif müəllim çağırdı məni.
E.A:
– Vaqif çağırdı səni?
R.A:
– Bəli çağırdı. Bir ay yığdılar məni boğaza.
E.A:
– Deyəydin mənim qohumumdu.
R.A:
– Yox e bilirsiz…
E.A:
– Yox deyirsən məni soruşdu. Bəs deyəydin…
R.A:
– Mən də onu dedim. Dedim ki, mənə nə demisən. Gedib onu demişəm. Demişdin ki, adam gətirmisən indi get öyrən. Mən də gedib öyrənmişəm…