“Daşa dönmüşlərə əks eyləmədi fəryadım…”

«Oxumaqçın nə qədər dadu fəqan etdimsə…»

XIX əsr Azərbaycan şeirinin görkəmli simalarından biri də Məhəmməd Hadidir. Ağır və keşməkeşli həyat yolu keçən şair ömrünün sonuna kimi ləyaqətlə yaşamış və şerləri ilə zəmanəsinin eybəcərliklərinə qarşı mübarizə aparmışdır.
Oxumaq və elm sahibi olmaq onun ən böyük arzusu idi. Təbiət etibarı ilə azad, kimsəyə əyilməyi sevməyən, öz çevrəsinə sığmayan Hadinin istedadı uşaqlığından bəlli idi. Yaşadığı mühit onu sıxır, köhnəlik və cəhalətdən qurtulmağın yollarını düşünürdü. O, arzularının ardınca böyük şəhərlərə getmək, oxumaq, yeni elmləri öyrənmək istəyirdi. Amma o zaman bu, yetim bir uşaq üçün xəyal kimi bir şey idi. Belə olduqda, Hadi təhsil almaq üçün zəngin qohumlarına üz tutursa da, heç kəs onun arzusuna əhəmiyyət vermir. Şair bunu şeirlərinin birində belə yazır:
Oxumaqçın nə qədər dadu fəqan etdimsə,
Olmadı zərrə əsərbəxş şu istimdadım.
Dağa dersən eşidir, sonra verir əksi-səda,
Daşa dönmüşlərə əks eyləmədi fəryadım.
Məhəmməd Hacı Əbdülsəlimzadə Hadi (Şirvani) 1879-cu ildə Şamaxı şəhərinin Sarıtorpaq məhəlləsində, tacir ailəsində doğulmuşdur. O, ibtidai təhsilini məhəllə məktəbində şamaxılı Molla Səmədin yanında almış, sonra da Hacı Molla Abbasın məktəbində oxumuşdur. Hadi 9 yaşında ikən atası vəfat etmiş, anası başqa ərə getmişdir. Atasının ölümü və qohumların ümidinə qalması Hadiyə ağır təsir edir. O, bacıları ilə bərabər nənəsi Teyyibə xanımın himayəsində yaşayır. Teyyibə xanım öz nəvələrini, xüsusilə gələcəyinə çox ümid bəslədiyi Məhəmmədi böyük qayğı ilə böyüdür. O, uşağı ərəbcə, farsca oxutmaq, mollalığa hazırlamaq niyyətində idi. Teyyibə xanımın vəfatından sonra M.Hadi başqa qohumlarından Mustafa Lütfinin himayəsində yaşamalı olmuş və ərəb dilini də ondan öyrənmişdir.
Hadi arzuladığı kimi, istədiyi məktəblərdə, istədiyi elmləri oxumağa nail ola bilmir. Buna görə də əmisi oğlunun köməyi ilə ticarət işinə əl atır, ancaq bu iş onun ürəyinə yatmadığından tezliklə onu buraxır. 1902-ci ildə Şamaxı zəlzələsindən sonra Kürdəmirə köçən M.Hadi orada müəllimlik edir.
Məhəmməd Hadinin imzası mətbuat aləminə 1905-ci ildə çıxdı. “Həyat” qəzetinin 109-cu nömrəsində Hadinin “Lövhi-məkatib” adlı şeiri çap olunmuşdur. Şair bütün misraları “məkatib” sözü ilə başlayan bu şeirində həmin sözün “tərifini” verir:
Məkatib cilvəgahi -tələəti-fəyyazi-qüdrətdir,
Məkatib pərtövü-ənvari-şəmsi-sübhi-vəhdətdir
Qəzetin redaksiyası şeirin axırında bu təriflə bağlı yazır: “Görünür ki, məkatib haqqında sözü tamam edib istəmirsiniz ki, sizdən sonra da qəzetimizdə söz yazan olsun. Lakin səhviniz var. Bu xüsusda nə qədər yazılsa yenə də azdır!…”
Şairin keşməkeşli həyat yolu
Çox keçmədən Hadi mətbuatdakı şeirləri ilə oxucuların böyük məhəbbətini qazanır. Onu istedadına yaxşı bələd olan Mustafa Lütfi Həştərxanda “Bürhani-tərəqqi” qəzetini nəşr edirdi və onun Hadi kimi qüdrətli qələm sahibinə böyük ehtiyacı var idi. Beləliklə, onun dəvəti əsasında Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həştərxana gedir, mətbuatda çalışmağa başlayır. Artıq xeyli məşhurlaşmış şair “Həyat”, “Füyuzat” və “Bürhani-tərəqqi” qəzetlərində elmə, maarifə çağıran şeirlər və intibah məsələlərinə dair məqalələr yazırdı. M.Hadi 1906-cı ildə Əli bəy Hüseynzadənin çağırışı ilə Bakıya gəlib “Füyuzat” məcmuəsində çalışmağa başlayır. O buradakı osmanlı müəlliflərindən fərqli olaraq yerli həyata dair yazıların daha çox nəşrinə səy göstərirdi. “Füyuzat” qapandıqdan sonra o, “Tazə həyat” və “Ittifaq” qəzetlərində işləyir.
1910-cu ildə Hadi Istanbula gedir, “Tənin” qəzetində Şərq dilləri mütərcimi vəzifəsində çalışır, yazıları ilə də yerli qəzet və məcmuələrdə iştirak edir. Hadinin tərəqqi və inkişaf ruhunda yazdığı şeirlər bütün Yaxın Şərqdə oxunub yayılırdı. Hətta şairin “Fünun və maarif” adlı şeiri Hindistanda, “Həblülmətin” qəzetində farsca tərcümə olunub çap edilmişdi.
1913-cü ildə kənardan gələn ziyalılardan şübhələnən Osmanlı hökuməti Hadini də həbsə alır və Selanikə sürgün edir. Orada da Hadidən şübhələnir, onu incitməyə başlayırlar. Hadi başına gələn ağır fəlakətlərdən sonra 1914-cü ildə Bakıya qayıtmağa müvəffəq olur. 1915-ci ildə Qafqaz ordusunda feldşer sifəti ilə çalışdığı zaman Avstriya cəbhəsinə, Karpata gedir.
Donurdu Hadinin əlləri…
Hadi qeyri-adi insan idi. O sonadək, harada olursa-olsun, qələmindən ayrılmadı. Cəbhədən yazdığı məktublarından görünür ki, Hadi gecə-gündüz yazıb-yaradırmış. O, səbrsizliklə müharibənin bitməsini gözləyirdi, vətənə dönüb öz yaradıcılıq planlarını həyata keçirməyə can atırdı. Gələcəyə böyük ümidlə baxan şair yazırdı: “Elm və mərifətlə müsəlləh olmayanlar bundan sonra pək bədbəxt bir halda yaşayacaqlar. Yaşayacaqlar deyil, sürünəcəklər. Hal-hazırda atəşfişani-cahan olan müharibeyi-cəhənnəm nümundən sonra yeni həyat, yeni məişət vücuda gələcəkdir. Hər şeydə bir inqilab və təcəddüd görüləcəkdir. Dünyada bir dəyişiklik hasil olacaqdır… Madam ki, həyat daimi bir mübarizədən ibarətdir, bu mübarizədə məğlub deyil, qalib və zəfəryab olmaq istəyənlər vaxtın nə qədər cahanqiymət bir şey olduğunu anlayaraq, onun əmri-tələbinə gərdəndadeyi-inqiyad və itaət olmalıdırlar”.
Şair cəbhədə ikən bir sıra kiçik şerləri ilə yanaşı, bioqrafiyasını əhatə edən “Sərgüzəşt”ini yazmağa başlamışdı. O, müharibənin təsvirindən ibarət olub, Şərq ilə Qərbi müqayisə edən fəlsəfi poemanı da burada yazmışdı. 1918-ci ildə Qafqaz ordusundan qayıtdıqdan sonra Hadi bir müddət Gəncədə qalır və sonra Bakıya gəlir. Bu zaman Hadi maddi ehtiyac içində idi. Yerli hökumət adamları şairin taleyi ilə maraqlanmırdılar. Mətbuatda şeir çap etdirməklə yaşamaq mümkün deyildi. Şair öz əsərlərini vərəqə halında çap etdirərək satırdı. Müharibə dəhşətləri şairdə bədbin bir əhvali-ruhiyyə yaratmışdı. Artıq o heç kəsə inanmaq, heç kəsə qoşulmaq istəmir, tək-tənha dolaşaraq, kədərini misralarında unutmağa çalışırdı.
Donurdu Hadinin əlləri…
Çıxartdı ürəyinin yanından
sata bilmədiyi şeirləri,
od vurdu şeirlərə
soxdu əlini odun içinə.
əli ürəyinin içindəydi.
Od dəydikcə
əriyir, əriyirdi buzlar,
axıb gedirdi
ulu-ulu çaylara sarı
(Vaqif Bayatlı)
M.Hadi 1920-ci ildə Gəncədə vəfat etmişdir.
Əli Nəzminin xatirələrində yazdığına görə, həmin ilin baharında şair ağır maddi ehtiyac içində idi. 1920-ci ilin mayında Gəncə üsyanından bir neçə gün sonra Hadi ağır vəziyyətdə xəstəxanada ağır yatırdı. Bəzi mənbələrdə isə Məhəmməd Hadinin uzun çəkən xəstəliklə bağlı vəfat etdiyi bildirilir. Bu günə Hadinin əsərlərinin çox az hissəsi çatıb. Şair yaşamaq üçün öz əsərlərini satdığından, ədəbiyyatçılar güman edirlər ki, Hadinin bəzi əsərlərinin sirri özü ilə torpağa gömülüb.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir