20 oktyabr aksiyası dünya mediasında

“Euronews”-un reprotajında “mandat alveri” xüsusi qabardıldı

İctimai fəalların və gənclərin parlamentin buraxılması tələbiylə oktyabrın 20-də Bakının mərkəzində keçirdiyi etiraz aksiyası dünya mediasının əsas xəbərlərindən biri olub. Dünya mediasının öndə gələn qəzet və xəbər agentlikləri aksiyayla bağlı məlumat və faktları tirajlayıb. Britaniyanın “The Guardian”, Almaniyanın “Der Tagesspiegel”, “Die Tageszeitng”, Avstriyanın “Der Standart” qəzetləri, Ukraynanın “kyivpost”, Rusiyanın “newsru.com” xəbər portalları və “Euronews” kanalı 20 oktyabr aksiyasından reportajlar veriblər.

Qəzet və xəbər portalları aksiya zamanı səsləndirilən tələblər, polislərin mitinq iştirakçılarına qarşı zorakılıqlarından və müxalif fəaların həbsindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan hökuməti Bakının mərkəzində dinc etiraz aksiyalarının keçirilməsinə qeyri-rəsmi qadağa qoyub. Keçirilən aksiyalar polis gücü ilə dağıdılır, iştirakçılar isə həbs olunur. Avstriyanın “Der Standart” qəzeti aksiyadan bəhs edən reportajında müxalif fəalların “Parlament Buraxılsın!” tələbinin səsləndirilməsi səbəbinə toxunub. Qəzet Gülər Əhmədova və Elşad Abdullayev araında gedən mandat sövdələşməsini göstərən videokadrları xatırladıb.

Bunlarla yanaşı “Euronews” kanalı 20 oktyabr aksiyasından reportajı bir neçə dəfə yayımlayıb. Həmin reportajda Bakının mərkəzindəki etiraz aksiyasından kadrlarla yanaşı, Gülər Əhmədova-Elşad Abdullayev olayından da bəhs olunub. Azərbaycan parlamentində kürsü və mandat qazanmaq sövdələşməsi üçün 500 min 1 milyon dollarlıq rüşvət hadisəsinin gündəmdə olduğu bildirilib. Əlavə olunub ki, şənbə günü keçirilən etiraz aksiyası da rüşvətlə formalaşmış parlamentin dərhal buraxılması tələbiylə keçirilib.

İnformasiya şöbəsi