Dünən Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədr müavininin açıqlamalarını oxudum, deyir ki, xaricdə təhsil alanlar dövlət orqanlarında işləmək istəmirlər. Sədr müavini bunun səbəbini də göstərib: maaşların azlığı.
Əslində, bu, əsas səbəb deyil. Sadəcə, bir neçə səbəbdən biridir. Komissiya sədrinin müavinindən digər səbəblər haqqında eşitməməyimiz isə təbiidir. Bu, ona çox baha başa gələrdi.
Bəli, özləri etiraf edirlər ki, dövlət orqanlarında işləyənlərin maaşı azdır və bu səbəbdən gənclər dövlət qulluğuna maraq göstərmirlər, xaricdə aldıqları təhsili burada qəpik-quruş müqabilində çirkin bir sistemin uğruna xərcləmək fikirləri yoxdur.
Eyni zamanda da maraqlı bir sual ortaya çıxır: bir halda ki, dövlət orqanlarında çalışanların maaşının azlığını özləri etiraf edirlər, bəs sonra hansı üzlə dirəşirlər ki, Azərbaycanda rüşvət və korrupsiya dünyanın hər yerində olduğu qədərdir. Az maaşla dövlət orqanlarında çalışanlar necə yaşayır, ailələrini necə dolandırırlar? Az maaş alan, amma altında bahalı xarici maşınlar olan, dəbdəbəli villalarda yaşayan dövlət qulluqçuları bütün bunları necə əldə ediblər? Onların az maaşı ilə komfortlu həyatı arasındakı təzad ölkədə rüşvət və korrupsiyanın miqyasının göstəricisi deyilmi?
Əlbəttə, Ilham Əliyevin Dubaydakı, hakim ailənin digər üzvlərinin Praqadakı mülklərinin yanında hansısa dövlət qulluqçusunun Bakıdakı villasının söhbətini etmək bir az yaxşı da düşmür, amma mən bir rejim mənsubunun dedikləri ilə reallıq arasındakı təzadı izah etməyə çalışıram. Həm deyirlər, maaş azdır deyə əksəriyyət dövlət orqanlarında işləmək istəmir, həm də dövlət orqanlarında işləyənlərin çoxu hər cür dəbdəbəyə, maddi təntənəyə malikdirlər. Bu necə olur axı?
Bəli, dövlət qulluğunda işləmək istəməyənlərin tək səbəbi də heç maaşın azlığı deyil. Hardasa bir il əvvəl xaricdə təhsil almış və nazirliklərin birində müsabiqədən keçərək işə düzəlmiş bir tanışımın dediklərini xatırlayıram. O, qısa müddətdən sonra öz arzusu ilə işdən çıxmışdı. Bu barədə ondan soruşanda necə heyrətlə, dəhşətdən geniş açılmış gözlərlə danışdığını xatırlayıram. Demişdi ki, işə başlayanda anladım, məgər bunlara dövlət qulluqçusu-zad yox, qul lazımdır.
Hansısa “papanın gül balası” məlum yollarla nazirlikdə işə düzəldilir, iki eşşəyin arpasını bölə bilməyən bu “gül bala”nın işini isə mənim tanışım görməli imiş.
Nazirliklər, komitələr belələri ilə doludur, biliyi və bacarığı olanlar, öz beyni və əməyi ilə bir yerə gəlmək istəyənlər isə belələrinə fəhləlik etməlidirlər.
Başqa məqamlar da var. Xaricdə təhsil alanlarla bizim dövlət orqanlarının iş prinsipləri arasında yerlə-göy qədər fərq var. Ən azı mədəniyyət, düşüncə fərqi var. Onlar üçün illərlə azad ölkələrdə yaşayıb və oxuyub, oranın dəyərləri ilə bəslənib sonra da yalnız korrupsiya və rüşvət yuvası deyil, həm də mənəvi bataqlığa, ruhi xarabalığa çevrilmiş, həm işləmək, həm də karyera qurmaq üçün ilk növbədə əyilməyin, bütə tapınmağın, köləliyin tələb edildiyi dövlət orqanlarında çalışmaq asan deyil. Mən bunu sinəyə çəkə bilməyən, həzm edə bilməyən, ona görə də üzünü ya yenidən xaricə, ya da özəl şirkətlərə tutan kifayət qədər gənc tanıyıram.
Bəli, bir çox hallarda onlar özləri də vətəndaş mövqeyi sərgiləməkdən çəkinərək, normal ölkə qurmaq üçün biliklərini, bacarıqlarını ümumi işimizə qoşmaq yerinə normal maaşı olan iş axtarışına çıxmaqla kifayətlənərək əslində yaxşı iş görmürlər, amma mövzumuz bu deyil.
Söhbət ondadır ki, bu rejimə qulluq edənlərdən azacıq mədəniyyət, zehniyyət fərqi ilə seçilənlərin mütləq çoxluğu sistemə qul olmaq istəmirlər, ona qarşı çıxmırlar, amma onun vintciyi və təkərciyi olmağa da razılaşmırlar. “Dövlət qulluğu” adı altında rejimə qul olmağı, əsir düşməyi özlərinə rəva görmürlər.
Bilirəm, bu, böyük qəhrəmanlıq-zad deyil, amma balaca iş də deyil.
Dünənki həbslərə sözardı
“Əgər getdiyiniz yolda heç bir çətinlik, əngəl, məhrumiyyət yoxdursa, deməli, o yol sizi heç yerə çatdırmayacaq” (Bernard Şou)
Vacib not
Keçən bazar əgər qismət olsa, növbəti bazara bir romanın maraqlı və kədərli taleyini yazacağımı anons etmişdim. Qismət deyilmiş.
Yeni həftənin istirahət günü mütləq yazacam!

Qul olmaq istəməyənlər
•
•