Növbəti prezident seçkisinə ayrılan vəsaitin də məbləğini dedilər. Deyəsən, o, 42 milyon manat təşkil edəcək. Düz eşitmişəmsə, bu, çox böyük bir məbləğdir. Bu qədər pullar hara xərclənəcək? Başqa ölkələrdə də prezident seçkiləri çox bahalı tədbirdir. Amma burada kiçik bir nüans var. O ölkələrdə prezidentliyə namizədlər əsasən özləri vəsait toplayırlar. Sonrası da həmin o ölkələrdə əsl seçki keçirilir.
Bizimkilər isə çox məşhur qalmaqaldan sonra əvvəlcə gərək bir suala cavab versinlər: prezident olmağın qiyməti neçəyədi və bu məbləğ kimə çatır? Gülməlidir, deyilmi? Amma bu da hələ heç hamısı deyil. Mənim üçün maraqlıdır ki, görən, prezident bir müddətə nə qədər pul toplaya bilir? ABŞ-da bu suala gülməzlər və sizə dəqiq məbləğ deyərlər, o səbəbdən ki, bu ölkədə şəffaflıq var. Amma Azərbaycanda… Azərbaycan isə Maleviçin çəkdiyi qara kvadrata bənzəyir. Fizikada hətta qara kölgənin belə içində, düz mərkəzində ağ nöqtə olur, bunu difraksiya yaradır. Amma bizim qara kvadratda bunu axtarmaq əbəsdir. Burada başqa bir nüansa toxunmaq yerinə düşər. Mən o haqda da bir neçə dəfə yazmışam. Sual budur ki, görən demokratiya görüntüsü yaratmaq bu ölkəyə neçəyə başa gəlir? Hə, bunların parlament seçkisi, prezident seçkisi və bələdiyyə seçkisi var. Bu seçkilərin heç birində heç kim seçilmir, hamısı siyahı ilə təyin olunur, amma pullar lap necə var, xərclənir… Varlığa nə darlıq? Bu pulları xalqa vermək haqda söhbət olsaydı onda dərindən fikrə gedərdilər. Amma xalqa heç nə verilmir, bir ciblərindən götürüb o biri ciblərinə qoyurlar. Bizə isə danışmaq və bir də yazmaq qalır. O ümidlə yazırıq ki, insanlar oxuyub bir nəticə çıxarsınlar və o nəticəni də hərəkətdə ifadə etsinlər, ona bir dinamik məzmun bəxş etsinlər. Indi prezident seçkisinə ayrılan məbləği deyirlərsə, deməli, bir şey qalmayıb, bir ildən sonra seçkiyə bənzər nəsə olacaq. I.Əliyev üçüncü dəfə prezident elan olunacaq. Doğrudanmı, heç bir ümid yoxdur? Ümidsiz olmaq olmaz. O ki qaldı, prezident seçkilərinə təsir edəcək amillərə, mən onları iki qrupa və ya, kobud desək, iki yerə bölərdim: daxili amillər və xarici amillər.
Daxildə o qədər ümidverici bir şey yoxdur. Cəmiyyət apolitik vəziyyətdədir, müxalifəti isə o qədər sıxışdırıblar, o qədər zəiflədiblər ki, onun imkanları hədsiz qədər məhduddur. Ümid xarici amillərə – maraqlı ölkələrə və təşkilatlatlaradır. Elə bil onlar da yatıblar. Məsələn, Ukraynaya AB təzyiq edir. AB əvvəl deyirdi ki, bu ölkə ilə assosiativ saziş və vizasız rejim məsələsi parlament seçkilərinin nəticəsindən asılı olaraq həll ediləcək. Indisə deyirlər ki, yox, nə qədər ki, o ölkədə hakimiyyətdə V.Yanukoviç və onun komandasıdır, hətta demokratik yolla formalaşan hökumət də heç bir iş görə bilməyəcək. Bəli, açıq şəkildə deyirlər ki, AB ilə yaxınlaşmaq üçün V.Yanukoviç hakimiyyətdən getməlidi.
Təəssüf ki, bizimkilərlə belə kateqorik şəkildə danışan yoxdur. Hətta o şəkildə danışan tapılsaydı da bizimkilərə bu təsir etməzdi. AB Azərbaycanla hansısa sazişi imzalamayacaq? Lap yaxşı! Bizimkilər elə onu istəmirmi? Bu hakimiyyətin üzvlərinə qarşı başqa sanksiyalar təsirli olardı, amma təəssüf ki, onları tətbiq etmirlər. Nə etmək olardı? Bunların xaricdəki hesablarını və gediş-gəlişlərini məhdudlaşdırmaq olardı… Onda bəlkə özləri üçün nəticə çıxarardılar. Lakin bütün bunlar hələ fantastika kimi görünür. Bəli, mən onu da başa düşürəm ki, hesablar və gediş-gəliş o vaxt məhdudlaşdırılır ki, bu hakimiyyətin üstündən birmənalı şəkildə xətt çəkilir. Bunun isə vaxtı hələ ki çatmayıb, hər halda, mənə belə gəlir. Vaxtı biz tezləşdirə bilərdik. Amma biz çox zəifik, demokratik prosedurların, səslərimizin arxasında dayana bilmirik və çox tez həvəsdən düşürük.
Kiçik sözardı
Istirahət günü üçün daha bir yazı bitdi. Nə bu günün ovqatına cavab verən mövzu tapdım, nə də yazdığım yazının başlığındakı suala cavab… Hər şeyin mahiyyəti dəyişib, ötəri və səthi xarakter alıb. Bir də cəhd edək. Beləliklə, o suala, yazının əvvəlindəki suala qayıdıram: prezident olmaq neçəyədir? Bir məsləhətim var: yaxşısı budur başınızı belə-belə şeylərlə ağrıtmayın, bizlik deyil…

PREZIDENT OLMAQ NEÇƏYƏDIR?
•