Jurnalin «Hacıleyləy»i
XIX əsrdən başlayan Azərbaycan maarifçilik hərəkatının inkişafında sonradan “Molla Nəsrəddin” ocağının işığına cəm olan ziyalıların mühüm xidmətləri olmuşdur. Onlardan biri də C.Məmmədquluzadə, Ə.Haqverdiyev, F.Köçərli, M.Ə.Sabir, Ö.F.Nemanzadə və Ə.Qəmküsarla yaxın dost olan görkəmli publisist ziyalı Qurbanəli Şərifzadədir. O, “Molla Nəsrəddin”in nəşrinə dəstək verən şəxslərdən biri olmuş, jurnalda “Leylək”, “Mozalanbəy”, “Hacıleylək” və başqa gizli imzalarla öz felyetonlarını, tənqidi yazılarını dərc etdirmişdir.
Böyük ziyalı təhsilin, mətbuat və mədəniyyətin fəal himayəçilərindən idi. O, bir xeyriyyəçi kimi yazıçı M.T.Sidqinin Naxçıvanda açdığı “Tərbiyə” məktəbinin və Naxçıvan teatrının inkişafına hər zaman yardım göstərib. Onun böyük ədibimiz Hüseyn Cavidin formalaşmasında mühüm rolu olub.
Şərifzadə Qurbanəli 1854-cü idlə Naxçıvanda dünyaya gəlib. Ixtisasca mühəndis olan Qurbanəli bəy Tiflis-Irəvan dəmir yolunun çəkilişində yaxından iştirak edib. Naxçıvan, Bakı, Irəvan, Tiflis ziyalıları ilə sıx əlaqə saxlayan ziyalı o dövrün “Həblül-mətin” qəzeti ilə əməkdaşlıq edir və sonra onun bölgə üzrə daimi müvəkkili olur. Bu qəzet onun görüşlərinə çox müsbət təsir göstərir.
“Molla Nəsrəddin”in nəşrindən sonra ora felyetonlar və məktublar göndərən publisist, jurnal üçün “Mozalan bəyin səyahətnaməsi”nin yazılmasına cəlb olunmuşdur. Ə.Haqverdiyev həmin səyahətnamənin yaranma tarixini xatırlayaraq yazırdı: “Bir dəfə cəm olub, ”Ibrahimbəyin səyahətnaməsi”ndən söhbət edirik. Burada “Molla Nəsrəddin” dostlarından Ömər Faiq Nemanzadə, Salman Mümtaz, Qurbanəli Şərifzadə var idi… Mən dedim: “Nə olardı bu kitaba nəzirə bir ”Səyahətnameyi-Molla Nəsrəddin” də olaydı… Bu yerdə Mirzə Cəlil üzünü bizə tutub dedi: “Gəlin, biz ”Mozalan”ı gəzdirək. Ancaq onun səyahətnaməsini öz aramızda bölüşdürək…”. …Belə də oldu… Mozalanı… Irəvan və Naxçıvan tərəflərində Qurbanəli Şərifzadə gəzdirdi”.
Dövrünün görkəmli maarifçilərindən olan Qurbanəli Şərifzadə mükəmməl biliyi olan şəxs kimi bir neçə dil bilirdi. Böyük satirik M.Ə.Sabir Qurbanəli bəyə “Ruhum, canım Şərifzadə”, – deyirmiş. Bundan başqa, publisistin çox yaxın dostu olan Cəlil Məmmədquluzadənin Şərifzadəyə bağışladığı “Molla Nəsrəddin” jurnalının cildinə yazılmışdı: “Bu kitabı mən verirəm hamıdan çox istədiyim Qurbanəliyə ki, bizlər də ölüb gedəndən sonra onun oğlanları bizim dostluğumuzu bu kitabı açan vaxt yada salsınlar”.
“Molla Nəsrəddin” ailəsinin sadiq dostu
Q.Şərifzadənin oğlu böyük tədqiqatçı alim Əziz Şərif öz xatirələrində yazır ki, jurnal çıxan gündən atam özü abunə yazılmış, Naxçıvanda bütün dost və tanışlarını da abunə yazdırmışdı: “Yadımdadır ki, jurnal bizə iki nüsxə gəlirdi. Bir nüsxəsi atamın adına, biri də jurnala həvəsləndirmək üçün mənim adıma”.
Əziz Şərifin ilk oxuduğu təhsil ocağı da M.T.Sidqinin açdığı, atasının dəstək verdiyi “Təbiyə məktəbi” olub. “Ilk dəfə rusca dərsi mən bu məktəbdə keçdim. 1903-cü ildə isə müəllimimizin ölüm xəbəri bizi bərk sarsıtdı. Xüsusilə də atam Sidqinin qəfil ölümünə dözə bilmirdi”. Sonralar Şərifzadə oğlunu Tiflisə gətirib. Cəlil Məmmədquluzadə Tiflisdə azərbaycanlı uşaqlar üçün xüsusi pansion açmışdı ki, yeniyetmələr burada oxuduqdan sonra gimnaziyada təhsillərini davam etdirə bilsinlər. “Ilk dəfə Tiflisdə Mirzənin pansionuna gələndə mən xalis kənd uşağı idim. Heç nə bilməyən, heç nədən xəbəri olmayan kənd uşağı. Hər bir şey mənə maraqlı və təəccüblü gəlirdi. Pansionda piano var idi… mən onu qarmona oxşadır, təəccüb edirdim ki, niyə onu açıb bükmək lazım gəlmir. Heyrət və təəccüblə bilik toplayaraq mədəni səviyyəmi yüksəldirdim”- deyə Əziz Şərif xatırlayırdı.
“Molla Nəsrəddin” jurnalında atası ilə bərabər, Əziz Şərifin də yazılarının dərc edildiyi aydın olur. Onun jurnalda ilk yazısı çıxanda cəmi 15 yaşı vardı. Jurnalın 16-cı nömrəsində çap edilmiş həmin yazı “Əziz Qurbanəli oğlu Şərifzadə” imzası ilə çap edilib.
Q.Şərifzadənin Əziz Şərif tərəfindən toplanmış sənədləri indi Ədəbiyyat və Incəsənət arxivində saxlanır. Həmin materiallar arasında 100-ə kimi məktub, o dövrün bəzi qəzet və jurnalların redaksiyası ilə yazışmalar və s. var. Dövrünün maarifpərvər və vətənpərvər şəxslərindən olan Q.Şərifzadə həm də böyük xeyriyyəçi idi. O, qazancını dünyanın ən qiymətli kitab, jurnal və qəzetlərinə xərcləməkdən zövq alırdı. “Hikmət”, “Şərqi-rus”, “Kaspi”, “Irşad”, “Sultani-Iran” və s. dövri mətbuat nümunələri ilə əlaqəsi də bunu sübut edir.
Dövrün görkəmli simaları Şərifzadə haqqında
Qurbanəli Şərifzadəni “dövrünün fazla məlumatlara malik müəllimi, böyük istedad sahibi və qəhrəman bir rəhbəri” adlandıran H.Cavid məktublarının birində yazmışdı: “Məşədinin xəstəliyinin bizi nə dərəcədə sıxdığını təsvir edəməm. Qardaşım! Dəhşətli bir fəlakətdən qurtulduğum sırada böylə qorxunc bir xəbər beni daha ziyadə dəhşətləndirdi”.
H.Cavidin özünə müəllim saydığı bu şəxsin vəfatı münasibəti ilə 9 iyun 1917-ci ildə “Açıq söz” qəzetində yazısı dərc olunub: “Məmməd Əmin və Məmmədəli Rəsulzadə, Hüseyn Cavid və Məmmədəli Sidqi bugünlərdə Naxçıvan şəhərində sevgili millətpərəst və maarifpərvər Məşədi Qurbanəli Şərimfzadənin tərki həyat etməsini kamali hüzn təəssüflə dostlarına xəbər verirlər. Səmimi millət xadimlərindən biri də tərki-həyat etdi…. Qafqaziyanın bir çox mühərrirləri, ədibləri, sənətkarları və millət xadimləri mərhumu yaxından tanıyırdı. Mərhum vaxtında bir çox qəzetlərdə iştirak edirdi… Bir dürlə səsi çıxmazdı, çünki gurultudan, nümayişdən, alqışdan pək də xoşlanmazdı. ”Sağ əlinin verdiyini sol əlin bilməsin” – üsuluna riayət edən, sadiq, fədakar, əhəmiyyətli bir sima idi. O, məktəb görməmişdi, fəqət həvəskar bir alim idi, böyük bir müəllim idi, camaat müəllimi idi. Həm də müəllimlərdən fazla məlumatlı idi. Heç bir mədrəsə tərbiyəsi görmədiyi halda, türkcə, farsca, rusca oxuyar, yazardı, tətəbbö və mühakimələrdə bulunurdu. Bir an əvət, bir an belə elm və maarif günəşinə pərəstiş etməkdən geri durmazdı. Onda son dərəcə böyük bir istedad və məziyət var idi. O da böyük bir mübəlliğ, qəhrəman bir rəhbər olmasıydı.
Bu gün Naxçıvanda açıq fikirli, milliyyət və insaniyyəti düşünən ülum və maarifi təqdir edən bir çox gənclər gerçəkdən də mərhum müşarileyhə qarşı mədyuni-şükran olmalıdır. Çünki hər biri onun birər mənəvi şagirdidir…”.
Firudin bəy Köçərli də Qurbanəli Şərifzadənin vəfatı ilə bağlı 1917-ci ildə “Açıq söz” qəzetində yazırdı: “Millətimizin ruhu, həyatı, səadəti və mənəvi varlığı Şərifzadənin zəif vücudunda müşahidə olunmaqda idi”.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir