Baş prokurorla PA-nın şöbə müdiri Elşad Abdullayevin videosuna “yaşıl işıq” yandırıb
Baş prokuror Zakir Qaralov və Prezident Administrasiyasının (PA) hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun “vurula” biləcəyi barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, adıçəkilən məmurlar “Gülər Əhmədova olayı”nın güdazına gedə bilərlər.
Çünki bu hadisədən bir neçə gün sonra, daha dəqiq sentyabrın 30-da PA rəhbəri Ramiz Mehdiyev ölkə başçısı Ilham Əliyevlə görüşüb. Ilham Əliyevin Zuğulbadakı iqamətgahında baş tutan görüşdə əsas müzakirə mövzusu “Gülər Əhmədova olayı” olub. Gecə saatlarına qədər çəkən müzakirələrdə Ramiz Mehdiyev ölkə başçısını inandırıb ki, məsələnin geniş miqyası almasına şərait yaradılması həm ona, həm də bütövlükdə hakimiyyətə qarşı ciddi təxribatdır. PA rəhbəri buna görə Zakir Qaralovla Fuad Ələsgərovu təqsirkar sayıb və onlar barədə ölçü götürülməsinin vacibliyini ölkə başçısının diqqətinə çatdırıb. Ilham Əliyev Ramiz Mehdiyevin arqumentlərini qəbul etsə də, indiki məqamda Zakir Qaralov və Fuad Ələsgərovun cəzalandırılmasının hakimiyyət üçün ciddi fəsadlar törədə biləcəyini vurğulayıb. PA rəhbəri və ölkə başçısı razılaşıblar ki, “Gülər Əhmədova olayı”nın ajiotajı səngiyəndən sonra adıçkəilən məmurlar barədə ölçü götürülsün.
Sual oluna bilər ki, nədən Zakir Qaralov və Fuad Ələsgərov?
Oxucuların diqqətinə çatdıraq ki, Ramiz Mehdiyevin adıçəkilən məmurları suçlu bilməsi əsassız deyil. Məsələ burasındadır ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Gülər Əhmədova ilə bağlı videonu iictimailəşdirməmişdən bir neçə ay əvvəl Respublika Prokurorluğuna göndərib. Prokurorluq məsələyə biganə yanaşdığı üçün sabiq rektor bu dəfə videonu və əlində olan digər materialları Fuad Ələsgərova göndərib. Elşad Abdullayev şöbə müdirinin diqqətinə çatdırıb ki, əgər məsələ araşdırılmasa, video və digər materialları ictimailəşdirəcək. Sabiq rektor bütün bunları mətbuata açıqlamasında da bildirib. Ramiz Mehdiyev məhz bu baxımdan hər ikisini ittiham edib. PA rəhbərinin fikrincə, onlar vaxtında müəyyən addımlar atmaq məsələnin bu qədər şişməsinin qarşısını ala bilərdilər. Lakin heç bir addım atmayıblar. Ramiz Mehdiyev həmçinin düşünür ki, xüsusilə Fuad Ələsgərov onunla arasında olan ədavətə görə, vidonun ictimailəşməsində maraqlı olub. Hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasının təmsilçisi olan şöbə müdiri ilə Ramiz Mehdiyevin ədavətinə gəlincə, bu, hazırda Ismayıllının polis rəisi vəzifəsində çalışan, vaxtilə isə DIN-in istintaq idarəsinin rəisi olmuş Nizami Qocayevin həbsilə əlaqədardır. Nizami Qocayevlə Fuad Ələsgərov qohumdur. Fuad Ələsgərovun mərhum atası, sabiq spiker Murtuz Ələsgərov hesab edirdi ki, Nizami Qocayevin həbsi məhz Ramiz Mehdiyevin “əməyidir”. Elə o vaxtdan Ələsgərovlarla PA rəhbəri arasında ədavət yaranıb. Digər tərəfdən yuxarıda qeyd etdik ki, Fuad Ələsgərov hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşmasının təmsilçisidir. Bu qruplaşma isə həmişə Ramiz Mehdiyevin hədəfində olub. Tərəflər arasındakı gərginliyin bir səbəbi də Fuad Ələsgərovun PA rəhbərinin postuna iddia etməsidir.
Bütün bunlar Ramiz Mehdiyevdə Fuad Ələsgərovun Gülər Əhmədova ilə bağlı videodan ona qarşı istifadə etmək niyyətində olduğu qənaətini yaradıb.Həmin videoda Ramiz Mehdiyevin də adı hallanıb. Eyni zamanda cəmiyyətdə belə rəy var ki, Gülər Əhmədova PA rəhbərinə yaxın şəxsdir.
Məhz bu baxımdan Ramiz Mehdiyev “bu mənə qarşı ciddi təxribatdır” deyə məsələyə sərt reaksiya vermişdi.
Namiq