Salyanda gəncəcik, yaraşıqlı bir oğlan – Məmmədhüseyn Hüseynov özünü səkkizinci mərtəbədən atıb canına qıydı. Müxalifliyi üzündən duyarbadiyar olan atasına, müxalifliyinə görə qaçaq düşürülən atanın əqidə dönməzliyi üzündən günü qaralan anasına elədən-belə, belədən-elə dağ çəkdi. Şagird dəftərində son sözü qaldı çiçəyi burnunda yeniyetmənin: “MƏN BU HƏYATDAN BEZDIM”. Adam cəhənnəmdən bezməzmi?!
Prezident seçkiləri ili başladı. Beş gün belə keçdi. 42 milyon 500 min manatın silinməsinə yönəlik beş gün. Açıqlanan 42 milyon yarımın, açıqlanmayan milyardların gücü bizləri yenəcəksə, sonda həyat yaxşılığa doğru dəyişməz qalacaqsa, prezident seçkisi nəyimizə gərək? Yalıncıq namizədlərin seçki siyahısından Saakaşvilinin sevgililərinin siyahısı daha maraqlıdır. BIZ SEÇKISIZ SEÇKILƏRDƏN BEZDIK. Bezməzmiyik?
Bezsək nə? Arvadı toya göy don geyinən kişinin “Göy donlu qadın” sözlərinə olan mahnı sifariş verdiyinə görə bir ayrı kişini bıçaqlaması kimi televiziyaları, radioları başına götürən sarsaq-sarsaq cinayət əməllərini şouya çevirənlərə yazıq! “Göy don”a görə adam öldürməyə qalxan “qeyrətli” ƏR ləyaqətin, cəsarətin ölçüsünü bunda görürsə, beləsinin yeri gerçəkdən türmədir, meydanlar deyil. Telefon zənginə cavab verməyən nişanlısını dəniz qırağında yumruq-təpiklə döyən, qansız əməlini videoya çəkən naxçıvanlının da yeri türmədir, beləsi meydanda adamı arxadan güllələyər. Adamların mənasız səbəblər üzündən illərini həbsxanada keçirib “avtoritet”ə çevrilmələrinə razı olub, ictimai etiraza qoşulub 3 sutka “yatmağa” hazır olmamasından bıqdıq. Bıqmazmıyıq?
Bıqdıq nə? Kim yetişdirir belələrini? Əlbəttə, hakimiyyət, cəmiyyət. Televiziyalar. ANS-kimilər! Qəzalar, qətllər, oğrular, dələduzlar üstündə “xaniman” quran telekanal. Lar! 500 mindən 2 milyona qədər çoxalan rüşvət faktına dəstək çıxan televiziya. Saysız əks nümunələr fonunda ləyaqətini milyonlara satan birisinə arxa duran Mirşahinin də idarəçilikdə təmsil olunduğu, yönətdiyi “vicdanlı” televiziya. Əcəba, milyonların bir ucu oralara gedib çıxırmı? Çıxa bilməzmi? Ona görəmi 18 oktyabr Müstəqillik günündə tək ANS 24 saat ekranını “ulu öndər”in şəkliylə “bəzədi”? 1991-in müstəqilliyindən başlayıb 2012-nin “müstəqilliyinə” doğru uzanan yolda bütün yaxşıları Əliyevlərin adına yazmaqla əlində təftiş çubuğu ekranın o üzünə göz gəzdirməyə çalışan kimlərinsə yolunu qapatdı… Təftiş nəymiş… Bütöv bir ili, dönəm sayılacaq ilin islahatçı hakimiyyətinin adını tarixdən “silməyə” yetdi. Yetməzmi? Onlar efirlə manipulyasiya etməyi acarırlar. Ötən həftənin bazar səhəri qonağına danışmağa aman verməyən xanım Bektaşinin verilişində son illərin teleefirində ən tərbiyəsiz, əzlaqsız ifadələrin müəllifi olan, deputatlığa layiq görüləndən sonra imzasını dəyişən Etibar Hüseynovu görmək bəlkə də dünyanın ən yaramaz işidir. Bilirsiz, nə dedi, keçmiş liderçi, “kuklaçı”? Dedi ki, ictimai xadimin şəxsi həyatı olmur (Şəxsi həyat, təbii ailəiçi, otaqiçi, yataqiçi həyatdır, fikrimcə). Bu fikir kimin dilində səslənməsindən asılı olmayaraq maraqlı gəldi. Pullu birini divara dirəyib ondan 500 min istəmək, istəyib də “Ramiz müəllim kimdir, bu pulu mən istəyirəm, mən Gülər Əhmədova demək” şəxsi həyatmı, deyilmi? Adamın sevgilisi ilə eşq yaşaması şəxsimi, ictimaimi? Yəni mənin efirdə gördüklərim: ata, oğul, gəlin, qız, nənə, kürəkənlər, nəticələr – bunlar şəxsi həyatın atributlarımı, ictimai həyatınmı? Bu atributlarla bağlı sosial şəbəkələrdə nə faktlar, nə şəkillər dolaşır. Bir bax, kimlər, harda, nədən danışır. 17 yaşlı gəncəcik birisi astarı üzündən betər həyatdan bezməsin neyləsin? Televiziyası bu gündə olan ölkənin teleməkanından sıxılmayaq, neyləyək?
Sənubər