Ailədə neçə uşaq olmalıdır? Bir, iki, üç, ya daha çox?

Ailədə uşaqların sayının müəyyən edilməsi bütün zamanlarda mübahisəyə səbəb olub. Azərbaycanda başqa Islam ölkələrində olduğu kimi çoxuşaqlılıq tendensiyası özünü büruzə verib. Sovet dönəmində kənd rayonlarında çoxuşaqlılıq az qala rəqabətə çevrilmişdi. Adamlar uşaqlarının sayı ilə öyünürdü. Səkkiz, on və daha çox uşağı olanlar bir problemin həlli üçün müraciət etdiyi dövlət idarəsində şəstlə danışırdı, hay-küy salıb uşaqlarının sayını gözə soxurdu. Kimin ağzı nə idi desin ki, ay zalım oğlu, neynirsən səkkiz, doqquz, on uşağı? 
Dövlət də çoxuşaqlı qadınlara özünəməxsus qayğı göstərirdi. Beşinci uşaq doğulan kimi ananı 1-ci dərəcəli, müvafiq olaraq 6-cı və 7-ci uşaqda 2-ci və 3-cü dərəcəli “Analıq şərəfi” medalı ilə təltif edirdi. Sonra medal ordenlə əvəzlənirdi. Səkkiz və doqquz uşağı olan anaya “Analıq şöhrəti” ordeni VERILIRDI. Nəhayət 10 və daha çox uşaq doğan qadının yaxasına “Qəhrəman ana” qızıl nişanı taxılırdı.
2005-ci ilin statistikasına görə, Azərbaycanda “Qəhrəman ana”ların sayı 17 min 640 nəfər olub. Maraq üçün yazım ki, “Qəhrəman ana”ların uşaqlarının sayına görə Ağdaş rayonu birincidir – 2552 nəfər. Bu anaların hər birinə orta hesabla 11 uşaq düşür. 2005-ci ildə Lənkəran rayonunda 1650, Cəlilabadda 1379, Masallıda 1202, Naxçıvan Muxtar Respublikasında 887, Astarada 853, Yardımlıda 668, Bakı şəhərində 629, Sabirabadda 544 “Qəhrəman ana” olub.
Kreml tərkibindəki müsəlman respublikalarında çoxuşaqlılığa maraqlı idi. Nədən ki, işçi qüvvəsinə təlabat həddən artıq çox idi.
Kremli heç vaxt səkkiz, doqquz, on və daha çox uşaq dünyaya gətirmiş ananın da bioloji varlıq, insan olduğu maraqlandırmırdı. Ona pambıq tarlalarında, üzüm və tütün plantasiyalarında, çoxsaylı zərbəçi tikintilərdə səhərdən-axşama qul kimi çalışan zəhmətkeşlər lazım idi. Və elə o səbəbdən də çox uşaq doğmağı qadın üçün ŞƏRƏF, ŞÖHRƏT kimi qiymətləndirirdi…
Bugünkü Azərbaycan 30-40 il əvvəlki Azərbaycan deyil. Kreml də yoxdur və DÖVLƏT özü ailənin planlaşdırılmasına, uşaqların sayının neçəliyinə müdaxilə etməyə maraq göstərməlidir. Öncə AILƏ sonra DÖVLƏT dünyaya göz açan körpənin SAĞLAM olması üçün münbit şəraitin yaranmasını təmin etməlidir. Artıq Azərbaycanda çoxuşaqlılıq dəbdən düşür, bunu statistik göstəricilər də sübut edir. Əhalinin maariflənməsi, müstəqil olduqdan sonra dünyagörüşün sərhədlərinin genişlənməsi, maddi, psixoloji durum və sair amillər kəmiyyətdən keyfiyyətə keçidə rəvac verir.
Ümumi nəsilvermə (fertillik) əmsalı (reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir) Azərbaycanın Moskvadan ard-arda Keçici Qırmızı Bayraqlar aldığı 1970-ci illərlə müqayisədə təxminən iki dəfə azalıb. Və ən maraqlısı odur ki, kənddə yaşayan ailələrdə çoxuşaqlılığın səviyyəsi hiss olunacaq dərəcədə aşağı enir.
Etiraf etmək lazımdır, çoxuşaqlılıq gerçəkdən ciddi problemlərlə üz-üzə qalmağa bərabərdir. Bu gün səkkiz, on uşaq bir yana, dörd-beş uşağı böyütmək bir sıra parametrlərdən olduqca ağır işdir. Bir ailədə ki, uşaqlar normal qidalanmır, onların sayının artırılmasına lüzum varmı? Xüsusi olaraq qeyd etmək istəyirəm ki, mövcud maddi durumla çoxuşaqlı ailələrdə uşaqların tam keyfiyyətli qidalanmasına nail olmaq çox-çox müşkül məsələdir. Söhbət ondan getmir ki, çoxuşaqlı ailədə yeməyə çörək tapılmır. Söhbət orqanizmin zülala, yağa, karbohidrata və mineral maddələrə olan tələbatının ödənilməsindən gedir.
Şəxsi araşdırmamdır, Azərbaycanda uşaqların təhsilə, elmə biganə münasibətinin kökündə anormal qidalanma dayanır. Mədənin çörəklə, kartofla, un və qənnadı məmulatları ilə doldurulması başın normal çalışması üçün yetərli deyil. Qavrama, dərketmə, yaddaş pozğunluqlarında keyfiyyətsiz qidalanma əlahiddə rol oynayır. Yeddi-səkkiz uşağı çörəklə, tərəvəzlə doyuzdurmaqdansa, iki-üç uşağı orqanizmin bioloji tələbatına uyğun qidalandırmaq daha faydalıdır. Bunun üçün ailədə uşaqların sayına şüurlu şəkildə yanaşmaq tələb olunur.
Ailədə neçə uşaq olmalıdır? Bir? Təbii ki, bununla razılaşanlar az olacaqdır. Ailədə iki uşağın olması böyük əksəriyyətin ürəyincədir. Ancaq cins məsələsi ortaya çıxdıqda üçüncü uşağın barəsində düşünmək olar. Bir sıra nüansları nəzərə alanda isə 2+1 formulu, ümumiyyətlə, ən məqbuludur. Şəxsən mən Azərbaycan ailəsi üçün bu formulu ən düzgün formul sayıram. Nəyə görə?
1.Dünyanın əksər sivil millətləri bu formulu qəbul edir;
2.Tibbi-bioloji aspektdən repreduktiv dövründə qadının 5-10 dəfə və daha çox hamiləliyə məruz qalması sağlamlığına çox ciddi zərər yetirir;
3.2-3 uşağı normal qidalandırmaq, onun fiziki və intellektual inkişafını diqqətdə saxlamaq, təhsilinə önəm vermək ata-ana üçün çətinlik törətmir və ən əsası, valideynlər özləri barədə də düşünmək imkanı əldə edir.
Sayımız 50 milyona yaxındır, nə dünyanı işğal etmək fikrindəyik, nə də sürətlə azalaraq yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalmışıq. KEYFIYYƏT barədə düşünməliyik. Düşünmək zorundayıq ki, bizə “qara” işlərdə, bazarlarda çalışan, yoxsa intellektual sferalarda fəaliyyət göstərən, millətimizin adını millətlərin sırasına yazdırmaq iqtidarında olan vətəndaş gərəkdir. Sayca çox olmağımızdan doğan qürur fikrimcə, zəkalı millət, sağlam millət anlayışından doğan qürurun yanında heç nədir.