“Hakimiyyətlərinin laxladığını görürlər”

«Ona görə də mitinqlərə çıxanlara qarşı yüksək cərimələr tətbiq etmək istəyirlər»

Hacıbaba Əzimov: «İstefa versələr, günahlarını başa düşüb meydandan çəkilsələr, bəlkə cəzaları yüngül olar»

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri, professor Hacıbaba Əzimovla gündəmin aktual mövzuları ilə bağlı söhbət etdik.
18 oktyabr Müstəqillik gününün növbəti ildönümünü yola saldıq. Bu günün bayram edilməsi və qeyri-iş günü olması ilə bağlı təklifə parlamentin spikeri Oqtay Əsədovun cavabı belə oldu ki, müstəqillik günü 28 mayda qeyd olunur, 18 oktyabr müstəqilliyin bərpası günüdür və bayram kimi qeyd olunmağa ehtiyac yoxdu. Bu münasibəti necə qiymətləndirmək olar?

– Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın böyük tarixi nailiyyəti, tarixi sərvətidir. Biz bu sərvəti qorumalıyıq, onun qədrini bilməliyik. Gənc nəslə müstəqil Azərbaycanın yaranmasının əhəmiyyətini izah etməliyik. Bu istiqamətdə iş aparmaq ilk növbədə dövlətin vəzifəsidir. Amma çox təəssüf ki, bəzi dövlət adamları Azərbaycanın dövlət müstəqilliyinə çox parodoksal münasibət bəsləyir. Azərbaycanın “Dövlət Müstəqilliyi Günü”nün dövlət bayramı statusu var. 1992-ci ildən 2006-cı ilə qədər 18 oktyabr – müstəqillik günü dövlət bayramı qeyd olunub, həm də istirahət günü olub. Amma 2006-cı ilin dekabrın 8-də sosial siyasət komissiyasının sədri Hadı Rəcəbli həm deputatları, həm də bütün Azərbaycan xalqını aldadaraq dedi ki, başqa ölkələrdə də müstəqillik günü iş günüdür. Gəlin biz də bunu iş günü edək, bununla da xalqın rifahına, milli ənənələrə xidmət etmiş oluruq. Bu adam nə qədər absurd, yalan, həyasızlıq etdi. Orda Müsavat deputat qrupuna daxil olan millət vəkilləri və bir neçə başqa deputat buna çox kəskin etiraz etdi, əsaslandırdılar ki, buna yol vermək dövlətçiliyə ziddir. Amma buna baxmayaraq Milli Məclisin təyin olunmuş, əksəriyyəti kommersantlardan, yaltaqlardan və vaxtilə müstəqilliyin əleyhinə çıxış edən DTK-nın agenti olan məmurlardan ibarət üzvləri Hadı Rəcəblinin təklifinə səs verdilər. Beləliklə, müstəqillik gününü iş günü etdilər. Amma 18 oktyabrın dövlət bayramı statusu qalır. Dünyanın heç bir yerində belə hal yoxdur ki, dövlət bayramı statusu olan bayram iş günü olsun. Bu özü analoqu olmayan bir haldır, biabırçılıqdır. Oqtay Əsədov bəhanə edib ki, guya 28 may bayramı istirahət günüdür, bunu qeyd edirik. 18 oktyabr da onun bərpasıdır. Əslində isə bu hakimiyyət nə 28 mayda lazımı səviyyədə bayram tədbirləri keçirir, nə də Xalq Cumhuriyyətinin banilərinin adına hörmət qoyur. M.Ə.Rəsulzadə kimi böyük şəxsiyyətin, mütəfəkkirin, Xalq Cumhuriyyətinin banisi olan bir şəxsin heykəlini qoymadılar. Dövlətin başqa qurucularına qarşı da yaxşı münasibət hiss olunmur. Məhz müstəqillik haqqında Konstitusiya Aktı qəbul edildikdən sonra ilk dəfə olaraq Azərbaycanı bütün dünya müstəqil dövlət kimi tanıdı, BMT-nin üzv olduq. Əvvəllər Moskva ölkəmizin sərvətlərinə sahib çıxırdı, ordan gələn gəlirləri mənimsəyirdi. Biz ondan xilas olduq. Indi öz məmurlarımız Azərbaycanın sərvətlərini talan edir, müstəqillikdən bunlar faydalanır. Amma Azərbaycan xalqı heç bir fayda götürmür. Oqtay Əsədovun belə danışması göstərir ki, bu Milli Məclis Azərbaycan xalqının ali iradəsinə, dövlətçilik prinsiplərinə tamamilə zidd hərəkətlər edir. Oqtay Əsədov parlamenti idarə etmir. Parlamentin fəaliyyətini Səfa Mirzəyev idarə edir. Oqtay Əsədov da onun sözü ilə oturub-durur. Hələ 2008-ci ildə parlamentin yaranmasının 90 illiyi ilə bağlı yubiley tədbiri keçirəndə Oqtay Əsədov 1991-1995-ci illərdə fəaliyyət göstərən ilk Milli Məclisin varlığını da inkar etdi. Dedi ki, Azərbaycanın Milli Məclisi 1995-ci ildən fəaliyyətə başlayıb. Onun çıxışını Səfa Mirzəyev yazmışdı, o da onu oxudu. Bunlar Azərbaycanın, parlamentin, dövlətçiliyimizin tarixini açıq şəkildə saxtalaşdırırlar, təhrif edirlər. Bu isə Azərbaycan xalqına, dövlətçiliyimizə xəyanət deməkdir. Bunlar belə adamlardır. Müstəqil dövlətimizin tarixinə münasibət dəyişməlidir. Bunun üçün də Azərbaycanda hakimiyyət legitim olmalıdır, xalqın iradəsilə formalaşmalıdır. Indiki hakimiyyət də əgər doğrudan da xalqa yaxınlaşmaq, onun istəklərinə uyğun fəaliyyət göstərmək istəyirsə, həm siyasi, həm iqtisadi, həm məhkəmə islahatları həyata keçirməlidir. Parlamentə təyinatla işbazları və başqa ünsürləri oturtmaq olmaz. Parlamenti xalq seçməlidir. Milli Məclisin səlahiyyətləri artırılmalıdır. Hazırda Milli Məclis əslində ali icra hakimiyyətinin əlində bir oyuncağa çevrilmişdir. Deputatları o təyin edir və onlar da bu qurumun dedikləri ilə oturub-durur. Bu biabırçılığa çalışıb son qoymalıyıq.

“Bu parlament xalqın, dövlətin adına ləkədir”

– Gülər Əhmədova olayı cəmiyyəti silkələdi. Məsələ ilə bağlı cinayət işinin açıldığı elan edilsə də, parlamentin iclasında spiker Oqtay Əsədov bildirib ki, məsələni şişirtmək lazım deyil. Hər hansı müxalifətçinin kiçik əməli həbslə, təqiblə nəticələnir. Ancaq ortada ciddi fakt olduğu halda hakimiyyətin bunu unutdurmaq cəhdi nəyə xidmət edir?
– Bunların Milli Məclisi formalaşdırmaqda etdikləri cinayətlərin bir hissəsi açıldığına görə bunu ört-basdır etmək istəyirlər. Çünki qorxurlar bu rüsvayçı faktların açlması prosesi getdikcə daha da genişlənər, başqa deputatların da mandatı məhz satın alması faktları üzə çıxa bilər. Gülər Əhmədova videoda açıq deyir ki, istəyirsən bu işi başqası ilə gör. Başqaları da bu işlə məşğul olub. Gülər Əhmədova da bu işə baş qoşub. Elşad Abdullayev də bunu video ilə yazıb. Burda söhbət təkcə Gülər Əhmədovadan yox, parlamentin formalaşmasından gedir. Orada oturanların 90 faizi kommersantlardır. Müəyyən sahələri inhisara götürüblər, milyonlar qazanırlar. Həmin puldan da hər beş ildən bir verib deputat kürsüsündə otururlar. Gülər Əhmədova məsələsinin mahiyyəti budur ki, bu Milli Məclis saxtadır və mütləq buraxılmalıdır. O, Azərbaycan xalqının, dövlətinin adına ləkədir. Deputatlardan bəziləri Gülər Əhmədovanın ünvanına kəskin, təhqiramiz sözlər də işlətdilər. Ancaq sonra susdular. Onların vicdanı olsa, birdəfəlik deputat mandatından imtina edərlər. Bunların vəzifəsi yaltaqlıq, xalqı aldatmaq və fırıldaq işlərlə məşğul olmaqdı. Budur deputatların bir çoxunun siması. Odur ki, bu Milli Məclis legiim deyil.

“Oliqarxların qurum yaratması şübhələr doğurur”

– Rusiyada Azərbaycan hökuməti ilə yaxşı münasibətdə olan oliqarxlar bir təşkilatda birləşib. Lakin Diaspor Komitəsi bu addımı gərəksiz adlandırıb. Belə münasibətlər bəzi şübhələrə yol açır. Hətta oliqarxların postƏliyev dövrünə hazırlaşdığı deyilir. Siz necə hesab edirsiniz?
– Bu təsadüfi deyil. Yeni Ittifaqın rəhbərliyində təmsil olunanlar Rüstəm Ibrahimbəyovu istisna etməklə hamısı milyarder-oliqarxlardı. Görünür, bunların bir araya gəlməsi, özü də Polad Bülbüloğlunun da orda iştirak etməsi Rusiyaya meyilli, bu ölkənin siyasətini həyata keçirən yeni qurumun yaranması anlamına gəlir. Amma onların fəaliyyətini izləməliyik. Ondan sonra dəqiqliyi ilə nəsə deyə bilərik. Amma hələlik ehtimal bu istiqamətdədir. Rusiya Azərbaycanlılar Konqresinin rəhbəri görkəmli alim, akademikdir. Həm də onun tərkibində bir çox alimlər, görkəmli ziyalılar var. Onlar oliqarxlara nisbətən daha müstəqildilər. Indi bunları kənara qoyub oliqarxların qurum yaratması şübhələr yaradır. Xüsusilə Polad Bülbüloğlunun burda canfəşanlıq etməsi çoxmənalıdır. O mənada ki, Bülbüloğlu Azərbaycan dövlətinin mənafeyinə xidmət edən adam deyil.

“Hakimiyyət öz mənafeyindən çıxış edərək bp-yə hücum edir”

– bp ilə yaranan qalmaqal, prezident Əliyevin qudasının da daxil olduğu yeni təşktlatın yaradılması ölkədə seçki ərəfəsində dramatik hadisələrin baş verə biləcəyinə işarə edir. Bu barədə nə deyə bilərsiniz?
–  Seçki ərəfəsində gərginlik təbiidir. Müəyyən qüvvələr fəaliyyətini genişləndirir. Baş verənlər seçki ilə əlaqəli ola da bilər, olmaya da bilər. Ancaq fakt odur ki, son vaxtlar bp-yə qarşı Rusiya da iddialar qaldırır. Indi Azərbaycan rəhbərliyi də bp-nin ölkəyə ziyan vurduğunu dilə gətirir. Bunun eyni vaxta təsadüf etməsi müəyyən ipucu verir ki, məsələ nə yerdədir. Hakimiyyət öz mənafeyindən çıxış edərək bp-yə hücum edir. Buna görə də “Forbes” jurnalı Azərbaycan hakimiyyətinə çox sərt cavablar verdi, onu hədələdi. Bu məsələdə hakimiyyət dövlətçilik, xalqın mənafeyindən daha çox özünü, öz mövqelərini qoruyub saxlamaq məqsədi güdür. Proseslər bunun nə ilə qurtaracağını göstərəcək.  

“Testi ləğv etməklə əlavə qazanc mənbəyi axtarırlar”

– Bu günlərdə test üsulunun ləğvi məsələsi gündəmə gəlib. Müstəqillik dövrünün nailiyyətlərindən birinə qarşı belə münasibət nədən irəli gəlir?
– Qəbulun test üsulu ilə keçirilməsi müsbət haldır. Xeyrləri də çox olub. Ancaq ondan istifadə edib müəyyən maxinasiyalara da yol verirlər. Indi görünür, testi ləğv etməklə hakimiyyət, məmurlar əlavə qazanc mənbəyi axtarırlar. Testi aradan qaldırıb qəbulda külli miqdarda pullar əldə etmək istəyirlər. Amma əslində test sistemini daha da təkmilləşdirmək, şəffaf etmək, bu məsələdə ictimaiyyətin nəzarətini gücləndirmək lazımdır. Bu işi bilən alimlərin fikirləri nəzərə alınmalıdır. Bunu etmirlər. Ancaq yenə də test üsulunun qalması vacibdir.

“Dünya dəyişirsə, Azərbaycan da dəyişməlidir”

– Milli Məclisin deputatlarından biri hüquq komissiyasına sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmağa hesablanan layihə təqdim edib. Əgər əvvəllər icazəsiz hesab edilən aksiyalara çıxanlar 20 manata qədər cərimə ödəməli idisə, indi bu məbləğin 1000 manat qədər artırılması təklif edilir. Bu addımın atılması nəyə hesablanıb və iqtidar bununla aksiyaların qarışısını ala biləcəkmi?
– Cərimələrin tətbiqi aksiyaların qarşısını almağa, adamları qorxutmağa hesablanıb. Çünki aksiyalara çıxan sadə insanlar çörək pulunu çətinliklə tapa bilirlər. Bunlar bilirlər ki, bu adamların bu qədər pulu yoxdur. Qorxudurlar ki, aksiyalara çıxmayın, etiraz bildirməyin. Bu, Azərbaycanda söz azadlığını, sərbəst toplaşmaq azadlığını insanların əlindən almaq üçün edilən antidemokratik hərəkətdir. Bunu təklif edənlər heç vaxt Azərbaycan xalqının mənafeyinə xidmət etməyiblər. Bir qrup xalqımıza, vətənimizə yad olan antimilli zümrəyə xidmət edənlər öz hakimiyyətlərinin laxladığını görürlər. Dünyanın dəyişdiyindən lərzəyə gəlirlər, qorxurlar. Lakin bunların da sonu çatıb. Bu antimilli ünsürlər hakimiyyətdən getməlidir. Bunu hiss etdiklərinə görə müxtəlif təzyiqlərə, manevrlərə əl atırlar. Ancaq bu hərəkətlərlə nə xalqın narazılığının qarşısını almaq, nə də onu diz çökdürmək mümkün deyildir. Bunu nə qədər tez başa düşsələr və özlərini ağıllı aparsalar, belə hərəkətlərdən əl çəksələr, bir o qədər gələcəkdə bunların cəzası yüngül olar. Ancaq əl çəkməsələr, bu irticaçı, soyğunçu hərəkətlərini davam etdirsələr, xalq qarşısında sərt cəzalarını alacaqlar, xalq qarşısında cavab verməli olacaqlar. Istefa versələr, günahlarını başa düşüb meydandan çəkilsələr, bəlkə cəzaları yüngül olardı. Azərbaycanda gedən demokratik dəyişikliklər prosesinin qarşısını almaq mümkün deyildir. Dünya dəyişirsə, Azərbaycan da dəyişməlidir və dəyişəcək. Tarixin təkərini saxlamaq, döndərmək mümkün deyil. Çox çəkməz ki, Azərbaycan xalqı da azad, abad bir ölkədə yaşayar, inşallah.  

Fizzə