AZADLIQ – 5000

“Azadlıq” qəzeti elə Azərbaycan mətbuat tarixinin özüdür”

Beş mininci sayımızı Azərbaycan mediasının tanınmış simaları ilə birgə xudmani bir tədbirlə qeyd edik. “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı, tanınmış telejurnalist Qulu Məhərrəmli, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həziyev, jurnalist Eynulla Fətullayev, köşə yazarları Elnur Astanbəyli, Anar Mahmudoğlu, “Azadlıq” radiosunun əməkdaşı Rafiq Məmmədli bu xoş gündə redaksiya kollektivini təbrikə gəlmişdilər. Gün ərzində redaksiyaya gələn oxucu zənglərinin, qəzetin rəhbərliyinə və əməkdaşlarına ünvanlanan təbriklərin sayı-hesabı isə yox idi.

“Sənin də qədrini bilmədilər, mənim də”

Qonaqlar bir neçə saat çay süfrəsi arxasında qızğın və maraqlı söhbət etdilər. Hər şeydən danışdılar. “Azadlıq”ın ilk sayının çapa necə hazırlanmasından və necə işıq üzü görməsindən tutmuş, qəzetin yaradıcısı Nəcəf Nəcəfovla bağlı xatirələrinə qədər. “Azadlıq”la bağlı maraqlı xatirəsini bölüşənlərdən biri Qulu Məhərrəmli oldu: “Deməli, “Azadlıq”da baş redaktorun bir müavini Arif Əliyev, bir müavin də Vaqif Səmədoğlu idi. Təbii ki, Vaqif Səmədoğlu müstəqil və sərbəst bir adam idi. Qəzetin zəiflədiyi bir dövr gəlir. Məlum olur ki, günah həm də müavinlərdədir.  Vaqif Səmədoğlu işə gəlmədən onu vəzifəsindən azad edirlər. Təbii ki, eyni vaxtda Arif də işdən azad edilir. Ən maraqlısı odur ki, küçədə rastlaşanda Arif Vaqif Səmədoğluna deyir ki, Vaqif bəy, xəbəriniz var da, bizi işdən çıxardılar. O da Arifə deyib ki, sənin də qədrini bilmədilər, mənim də”.

“Pulları çantalarla daşıyırdılar”

Arif Əliyev Qulu Məhərrəmlinin dediklərinə bəzi əlavə və dəqiqləşdirmələr etməklə söhbəti davamını gətirdi: “Demək, “Azadlıq” dekabrın 24-də başladı, yanvarın 19-da dayandı. Sonra qəzet bərpa olunanda Xalq Cəbhəsi ilə qəzetin arasında fikirayrılığı yarandı. Cəbhə gördü ki, qəzet əməlli-başlı pul gətirir. Pulları çantalarla daşıyırdılar. 200 min tiraj, özü də 20 qəpikdən. Görün, nə qədər pul edir. Cəbhə istəyirdi ki, gəlirin bölgüsünü o müəyyən etsin. Biz də onların tələbilə razı olmadıq və işə qayıtmadıq. Nəcəf özü də bir müddət qayıtmadı. Həmin vaxt biz Vaqif bəylə qarşılaşanda, bizi nəzərdə tutub dedi ki, görürsən, gül kimi işçilərin qədrini bilmədilər, çıxartdılar”.
Daha sonra qonaqlar xatırlatdılar ki, “Azadlıq”ın nəşrində fasilə yarananda bir müddət “Yurd” qəzeti çıxıb. Lakin qəzet məcburiyyətdən ölkə daxilində yox, Gürcüstanda çap olunub.

“Qənimət adamın üzünə baxanda bilir ki, pulu var, ya yox”

Bu məqamda “Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev “Yurd” qəzeti ilə bağlı bir xatirəsini yada saldı: “Azadlıq” qəzeti çıxmadığı üçün həmin ərəfədə “Yurd” qəzeti onu müəyyən mənada əvəz edirdi. Qəzet Gürcüstanda nəşr olunurdu, materialları da Qənimət aparırdı. Bir dəfə gürcü polisi Qəniməti tutmuşdu, o da pul verib canını qurtara bilmişdi. Bir hadisəni də danışım. Deməli, Qənimət adamın üzünə baxanda bilirdi ki, onun pulu var, ya yox. Bir dəfə onunla qarşılaşdıq. Dedi, gedək Gürcüstana materialları aparaq, məndə pul yoxdur. Məndə də həqiqətən xeyli pul var idi. Qənimət dedi ki, sənin pulun olar, gözlərindən görürəm. Gürcüstana getdik, qəzeti çıxardıq. Qənimət məni olduqca bahalı yerə apardı və xeyli xərcə saldı. Əvəzində də rahatlıqla dedi ki, heç nə olmaz, mən bilirəm ki, pulun var”.

Arif Əliyev isə həmin mərhələdə Qənimət Zahid, Gündüz Tahirli, Rahim Hacıyev və Əlsəfa Qədirovun fəallıqları ilə fərqləndiklərini bildirdi: “Qənimətin birinci iş yeri bizim “Xəzər” jurnalı olub. Nəcəflə də orada tanış olmuşdu. Qəniməti mənimlə Rahim Hacıyev tanış etmişdi. Onlar hamısı bir dəstə idi – “Yurd”çular Qənimət Zahid, Gündüz Tahirli, Rahim Hacıyev və rəhmətlik Əlsəfa. Universitetin çox maraqlı bir dəstəsi idilər. Sonra Nəcəf Qəniməti redaktor qoydu. Mənə dedi ki, Qəniməti redaktor qoymaq istəyir. Dedim, ay Nəcəf, bu Qənimət çox bacarıqlı uşaqdır, amma redaktorluq onun üçün çox tezdir. O korlanacaq. Nəcəf də getdi-gəldi, sonunda yenə Qəniməti qoydu”.
Daha sonra qonaqlar “Azadlıq”ın 5 mininci sayı ilə bağlı ürək sözlərini dedilər.

“5 minə çatmaq böyük cəsarət istəyir”

Arif Əliyev dedi ki, 5 min nüsxəni buraxmaq olduqca böyük bir işdir: “Bütün kollektivi təbrik edirəm. Çünki bu, böyük cəsarət, hövsələ istəyir. Buna çox sevinirəm. Amma çox kədərlənirəm ki, “Azadlıq”ın kollektivi bu cür şəraitdə işləməli olur. İnanın ki, qəzet ilk çıxan vaxtlarda şəraiti bundan daha yaxşı idi. Burada çalışan jurnalistlər bu şəraitdən qat-qat artığına layiqdirlər. O gün olsun ki, redaksiyanın şəraiti qəzetə, onun adına, tarixinə, keçdiyə yola adekvat olsun”.

“Şüurlardakı tənqidi düşüncəni “Azadlıq” qidalandırır”

Qulu Məhərrəmli də hesab edir ki, “Azadlıq”ın 5000-ci sayının işıq üzü görməsi çox sevindirici haldır: “Azərbaycanın media məkanında çox ciddi proseslər gedir. Tənqidçi qəzetlərin sayı sürətlə azalır. 10-15 il əvvələ baxın, bir də indiki dövrə baxın. Mən 98-ci ildə seçkinin mətbuatda işıqlandırılması ilə bağlı bir məruzəmə baxdım. Rəqəmlərə diqqət edəndə gördüm ki, o dövrdə nəşr olunan qəzetlərin 72 faaizi müstəqil, 15 faizi hakimiyyətə yaxın qəzetlər idi. Görün, bu gün o faizlər necə kəskin dərəcədə dəyişib. Bu, müstəqil mətbuatın fəlsəfəsinə ziddir, amma acı gerçəklikdir. Mətbuatın birinci işi hakimiyyət üzərində ictimai nəzarəti təmin etmək olmalıdır. Bu, bütün dünyada belə qəbul olunur. Mətbuat ictimai forumdur. İnsanlar bütün fikirlərini burada bölüşürlər. Ona görə mətbuatdan umacağımız odur ki, bu funksiyasını yerinə yetirə bilmir. Aydındır ki, bunun əsas səbəbi yaranmış gerçəklikdir. İndi qəzetlərin 95 faizi hakimiyyətyönlüdür. Bir-iki müstəqil qəzet var ki, onların da tənqid sferası geniş deyil. “Azadlıq”ın bizim mətbuat üçün nümunəsi odur ki, qəzet istənilən şəraitdə öz missiyasını davam etdirir. Həm media mütəxəssisi, həm bir vətəndaş kimi bu qəzetin 5 mininci nüsxəsinin çıxmasına çox sevinirəm. Güman edirəm ki, bu ağır, çətin şəraitdə işləyən jurnalistlərin zəhməti hədər getməyəcək. Azərbaycan şüurunda müstəqil, tənqidi düşüncənin olması çox vacibdir. O şüuru, fikri və ideyanı da “Azadlıq” qəzeti qidalandırır”.

“Azadlıq”la ayaqlaşa biləcək, bir ya iki qəzet ola bilər”

Elçin Şıxlının da fikrincə, 5 mininci say bir qəzet üçün həddən artıq böyük bir rəqəmdir: “Azərbaycanın müstəqilliyindən bəri yaradılmış qəzetlərin sayına baxsaq, “Azadlıq”la ayaqlaşa biləcək, bəlkə bir, uzağı iki qəzet ola bilər. Doğrudan da böyük fəaliyyət, böyük bir yoldur. Mən sizlərə uğurlar arzulayıram. Şəraitinizi görürəm və ümid edirəm ki, şəraitdən asılı olmayaraq nömrələriniz sayı minləri sıralayacaq”.

“Azadlıq” Azərbaycan mətbuat tarixinin özüdür”

Eynulla Fətullayev isə bildirdi ki, “Azadlıq” qəzeti elə Azərbaycan mətbuat tarixinin özüdür: “5 mininci sayın çıxması nəinki “Azadlıq” qəzetinin bütün Azərbaycan mətbuatının tarixində əlamətdar hadisədir. Mən təəssüf edirəm ki, Azərbaycanın ən qocaman qəzetinin ofisində belə bir şəraitsizliyin şahidi olduq. “Azadlıq”ın tarixi, onun bugünü və sabahı bu şəraitə layiq deyil. Bu məni çox ağrıtdı”.
Sonda qonaqlar kollektiv üzvlərinə bir daha təbriklərini çatdırdılar və onlarla birgə xatirə şəkli çəkdirdilər.

Gültəkin