Bilmirsən ard-arda gələn bu rüşvət qalmaqallarını eyni anda dövriyyəyə buraxmaqda məqsəd nədi. Başqa bir qalmaqalı kölgədə qoymaq, ya zərbənin daha şiddətli alınmasına nail olmaq…
“Bu dəfə ABŞ-ın ”Shuman” hüquq firması Azərbaycanda vergi orqanlarına rüşvət verən “Tidewater Inc” gəmiçilik şirkətinin müəyyən vəzifəli şəxslərinə və direktorlar şurasının üzvlərinə qarşı irəli sürüləcəyi gözlənilən potensial ittihamlarla bağlı araşdırma aparıb”.
Məlumatda bildirilir ki, Amerika şirkəti Nigeriyada gömrük brokerlərinə, Azərbaycanda isə vergi orqanlarına milyonlarla dollar rüşvət verib. Azərbaycanda verilən rüşvətin əvəzində şirkətin gəlirləri az göstərilib, nəticədə “Tidewater Inc” ABŞ-da təxminən 14 milyon dollar həcmində vergidən yayınıb.
Bu, Azərbaycanda iqtisadiyyatın hər sahəsində hər gün baş verən adi bir iş və qazanc mexanizmdi. Bir biznesmenlə söhbətimizdə o demişdi ki, ölkəmizdə elə yüksək vergi dərəcələri mövcuddu ki, ona əməl eləsən heç nə qazana bilməzsən və nəinki acından ölərsən, hətta bütün evini-eşiyini də satıb dövlətə verməli olarsan ki, həbsdən qurtulasan. Ancaq bu vergiləri Azərbaycanda kimsə ödəmir, vergidən yayınır və əvəzində gizlətdiyi məbləğin əhəmiyyətli bir hissəsini vergi məmurlarına yedizdirməli olur. Onlar hər il qapını kəsir və öz “haqlarını” tələb edirlər. Boyun qaçırsan, gözünü açınca özünü həbsxanada görərsən, vergini ödəsən müflis olarsan. Buna görə də Azərbaycanda iri və xırda ticarətlə məşğul olan hər kəs dövlətin xeyir-duası ilə avtomatik olaraq cinayətkara çevrilir, hakimiyyətin antiinsani mahiyyətinə susmağa və məmurları yedirtməyə məcbur olur. Əks təqdirdə, dediyim kimi, ticarətini yürüdə bilməz və həbsxanaya düşərsən.
“Tidewater Inc” ilə bağlı rüşvət qalmaqalından da görünür ki, dövlət xarici firmalarla da eyni prinsiplə çalışır. Həm dövlətin yuxarı eşelonundakılar qazanır, həm xarici şirkətlər. Əlbəttə, kimsəyə sirr deyil ki, arada uduzan yalnız Azərbaycanın vətəndaşları olur. Hökumət xarici şirkətlərin vergi borcuna göz yumur, məmurlar bunun əvəzində milyonlarla qazanc əldə edir, dövlətin büdcəsinə axmalı vergi isə oğurlanaraq xarici şirkətlərin cibinə axır.
Lakin bunları biləndən sonra belə, Azərbaycan vətəndaşları əzmlə susmaqda davam eləyirlər. Çünki bir tikə çörəyə möhtac edilmiş sıravi vətəndaşlar da hansısa bir nöqtədə cinayətə bulaşdırılıblar və səslərini çıxaracaqları halda onları ən sonda yada düşən qanunun zəhmli sifəti gözləyir. Vətəndaşlar az qala hər gün bir polis şöbəsində işgəncələr nəticəsində həyatını itirən soydaşları haqda eşidirlər və kimsə ağrımaz başına dəsmal bağlamaq istəmir. Necə deyərlər, keçinin Biləcəridə nə işi vardı ki, qatarın altına da düşə…
Kəsəsi, Azərbaycan hələ ki, dünyaya bu tip “uğurları” ilə çıxa bilir. Rüşvət, korrupsiya, adam oğurluğu…
Artıq hər bir azərbaycanlının yaxşı tanıdığı Elşad Abdullayevin son günlər “Azadlıq”a yazdığı yazılar adamın əlini yerdən-göydən üzür. Sanki dövlət özünün bütün güc strukturları və təhlükəsizlik orqanlarını səfərbər edərək mütəşəkkil şəkildə adam oğurluğu ilə məşğul olur. Sanki dövlət qorxulu, nəhəng bir bədheybət kimi öz vahiməli qara kölgəsini ölkənin üstünə sərib və heç kimsə istənilən an onun azman gövdəsinin altında qalıb məhv olmaqdan sığortalanmayıb.
Hər an total xof, hər an total qorxu, vahimə. Hər kəs elə bil, əbədi işgəncəyə məhkum edilib. Hər kəs gündə yüz yol ölüb-dirilir ki, ölümdən canını qurtara bilsin. Belə şəraitdə dövləti öz dövləti saymaq üçün vətəndaşın nə qədər imkanı var? Bu, mümkün deyil. Əvəzində sənə əlini-qolunu yanına sallayıb həmin bədheybətin qara bir parçası, bir zərrəsi olmaqdan başqa bir şans tanınmır. Barışmayanlar isə əynində kəfənləri, bir baş ölümün üstünə gedir. Onlar üçün artıq hansı səfdə getmənin belə önəmi yoxdu…

Ölümün üstünə gedənlər
•
•