Ələkbər Məmmədov: «Ismayıl Ibayevin işi ilə bağlı həbs olunan kapitanın da həyatına təhlükə var»
Hüquq müdafiəçiləri Ələkbər Məmmədov və Zümrüd Məmmədovanın fəaliyyətlərinə görə qisasla hədələndiyi barədə məlumat vermişdik. Bu barədə mətbuat konfransı keçirən Ələkbər Məmmədov həyatına olan təhlükəni ictimailəşdirib. Onun sözlərinə görə, Naxçıvanın hərbi prokuroru Yaşar Həsənov “onların ortadan qaldırılması üçün killer tutub”.
Qəzetimizə yenidən açıqlama verən Ə.Məmmədov ona və Zümrüd Məmmədovaya təzyiqlərin əsgər Ismayıl Ibayevin valideynlərinin müraciətindən – övladlarının orduda ölümü ilə bağlı araşdırma aparmasından sonra başlayıb: “Ismayıl Ibayevin ürəyi və böyrəyi 350 min manata Iran vasitəsilə Israilə satılıb. Bundan başqa, Ibayevin, demək olar, bütün orqanları çıxarılıb. Ekskumasiya zamanı ekspertlər ölümdən 39 gün keçdiyi üçün orqanların çürüdüyünü bildiriblər. Bütün bu faktlar ictimailəşəndən sonra mənə etibarlı mənbədən bildirdilər ki, bu işdə adı halanan Naxçıvanın hərbi prokuroru Yaşar Həsənov bizi fiziki yox etmək göstərişi verib”.
Ona olan təhdidlə bağlı MTN-ə, DIN-ə və baş prokurorluğa teleqramm vurduğunu deyən Ə.Məmmədov hələ müvafiq strukturlardan hər hansı cavab almayıb: “Bundan başqa, Ismayıl Ibayevin işi ilə bağlı həbs olunan kapitanın da həyatına təhlükə var. Onun da fiziki məhvi istisna edilməməlidir. Çünki o həbsdə olarkən bəyan edib ki, Bakıya aparılacağı təqdirdə Ismayıl Ibayevin işi ilə bağlı bütün həqiqətləri deyəcək. Bu isə görünür, müəyyən şəxsləri qane etmədiyindən onun fiziki məhvinə çalışırlar”.
Hikmət